Azərbaycanda pul qıtlığı yaradıldı: Yeni qərarın pərdəarxası

Azərbaycanda pul qıtlığı yaradıldı: Yeni qərarın pərdəarxası

Azərbaycan Mərkəzi Bankı (AMB) martın 17-də axşam saatlarında ölkədə fəaliyyət göstərən banklara məktub göndərərək bildirib ki, internet bankinq vasitəsi ilə hüquqi şəxslərin fiziki şəxslərə köçürmə əməliyyatları məhdudlaşdırılsın. AMB-nin bu qərarı yerli bank sisteminə necə təsir edəcək?
 

İqtisadçı-ekspert Akif Nəsirlinin açıqlamasına görə Azərbaycan Mərkəzi Bankı belə bir qərarı verməklə bunu əsaslı şəkildə əlaqələndirməlidir: "AMB-nin belə bir qərar verməsi ümumi maliyyə siyasəti ilə bağlıdır. Bu addım ümumi olaraq, müxtəlif istiqamətlərdə valyuta, əsginaz hərəkatının məhdudlaşdırılmasına hesablanıb”.

İqtisadçının sözlərinə görə, ölkədə böyük pul kütləsinin azalmasına hesablanan bu addım xarici valyutanın bahalaşmasının qarşısını almaq məqsədi daşıyır: “Xarici valyutanın məzənnəsini cilovlamaq üçün belə bir addım atılır. Bu yolla xarici valyutanın fəaliyyəti zəiflədilir. Bayramdan sonrakı mənzərə də onu deməyə əsas verir ki, dolları cilovlamaq üçün daha çox məhdudlaşdırma siyasətinə ehtiyac var. Çünki bazarda dolların kursunu müəyyən səviyyədə saxlamaq üçün hökumət müəyyən xərclər çəkir. Görünür, AMB-nin bu addımı profilaktik xarakter daşıyır”.

İqtisadçının sözlərinə görə, ölkə daxilində gərginlik yaratmayan ikinci dərəcəli bütün hesablar üçün belə bir siyasət tətbiq edilə bilər: “Bu yolla ölkə daxilində o qədər də əhəmiyyət kəsb etməyən əməliyyatları məhdudlaşdırmaq olar. Bu əməliyyatların kütləvi olacağını güman etmirəm”.

İqtisadçının sözlərinə görə AMB-nin bu siyasəti ölkədə pul qıtlığı yaradacaq: “Bu siyasət fonunda pul qıtlığının da yaranma ehtimalı var. Müəyyən ehtimalları nəzərə almaq lazımdır. Düşünürəm ki, bu cür məhdudiyyətlərinin əsaslı izahı olmalıdır. İndiki halda belə bir qərarın verilməsi narahatedicidir, bazar iqtisadiyyatına tamamilə ziddir. Müəyyən əməliyyatların məhdudlaşdırılması məmura icazə verir ki xoşuna gəlməyən istənilən əməliyyatı dayandırsın”.

A.Nəsirlinin sözlərinə görə AMB-nin bu siyasəti bankların fəaliyyətini əngəlləyir, onların fəaliyyətini məhdudlaşdırır: “AMB-nin bu siyasəti bankların bağlanması yox, pul dövriyyəsini azalması deməkdir. Bu qərar həm də maliyyə sferasındakı məhdudiyyətləri ortalığa çıxarır”.

Xatırladaq ki AMB-nin yeni qərarına əsasən hüquqi şəxslərdən nağdlaşdırma zamanı 1%-lik vergi tutulur. Beləliklə, hüquqi şəxslər fiziki şəxslərin (sahibkar olmayan - red.) hesabına köçümə edərək vergidən yayına bilir. Mərkəzi Bankın bu addımı məhz vergidən yayınmanın qarşısını almağa hesablanıb. Bir müddət öncə Milli Məclis 2016-cı ilin dekabrın 16-da “Nağdsız hesablaşmalar haqqında” qəbul etdiyi qanuna görə banklardan nağd pul vəsaitlərinin çıxarılmasının məhdudlaşdırılması məqsədilə Vergi Məcəlləsinin layihəsinə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə banklar və poçt rabitəsinin milli operatorları tərəfindən 1% dərəcəsi ilə sadələşdirilmiş vergi tutulur.

Nigar Məhərrəm

Cebhe.info

 

06:07