Azərbaycanda minimum əmək haqqı 63 avrodur

 

İqtisad elmləri doktoru Qubad İbadoğlu dünyada və Azərbaycanda minimum əmək haqqını müqayisəli təhlil edib. Onun Facebook səhifəsində dərc etdiyi məqaləsini təqdim edirik.

Azərbaycan əhalisinin sosial vəziyyətinin pisləşməsinin səbəblərindən biri də ölkədə xüsusilə də orta aylıq, eləcə də minimum əmək haqqı və pensiya, ödənişlərinin aşağı olması ilə əlaqədardır. Elə bu səbəbdən də ildən-ilə əksər ailələrdə bayram əhval ruhiyyəsi də müşahidə olunmur. Bu tendensiyanı aşağıda təqdim olunan ölkələrarası müqayisələr də təsdiq edir. Minimum əmək haqqı hər bir ölkədə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Bu normativ həmçinin işləyənləri aşağı əmək haqqı ödənişindən qorumaq üçün tətbiq edilir. Bu normativ adətən işləyənin fizioloji tələbatlarının minimum səviyyəsini qarşılayacaq qədərində müəyyənləşdirilir. Son məlumatlara görə, Avropada ən yüksək minimum əmək haqqı Lüksemburqda (2000 avro), İrlandiyada (1563 avro), Hollandiyada (1552 avro), Belçikada (1532 avro), Almaniyadadır (1498 avro).
Bu məkanda yerləşən və hazırda Avropa Birliyinin üzvü olan keçmiş sosialist ölkələrinin bir çoxunda isə minimum əmək haqqı 500 avrodan aşağıdır. Məsələn, Bolqarıstanda 235 avro, Rumıniyada 275 avro, Latviya və Litvada 380 avro, Çexiyada 407 avro, Macarıstanda 412 avro, Xorvatiyada 433 avro, Slovakiyada 435 avro, Polşada 453 avro, Estoniyada 470 avrodur.

Avropa Birliyinə daxil olan üç ölkədə minimum əmək haqqı orta aylıq əmək haqqının 60 faizindən yuxarıdır. Belə ki, Portuqaliyada bu nisbət 64 faiz, Fransa və Sloveniyada isə 62 faizdir. Avropa Birliyinə daxil olan ölkələrdən Avstriyada, Danimarkada, İtaliyada, Finlandiyada, İsveçdə və Kiprdə dövlət əmək haqqının minimum səviyyəsini müəyyənləşdirmir. Ümumiyyətlə isə dünyada minimum əmək haqqı 1 saata görə müəyyənləşdirilir və müqayisə olunur. Bu göstərici üzrə ardıcıllıq belədir: 1 saatlıq minimum əmək haqqı norması Avstraliyada 15,61 dollar, Lüksemburqda 14,31 dollar, Fransada 12,52 dollar, Belçikada 11,91 dollar, İrlandiyada 11,48, Yeni Zelandiyada 11,23 dollar, Hollandiyada 11,22 dollar, ABŞ-da 10,10 dollar, Kanadada 9.85 dollardır. Müvafiq göstərici Türkiyədə 5.46 dollar, Əlcəzairdə 2,84 dollar, Hondurasda 1, 94 dollar, Çadda 1,68 dollar, Rusiyada 1,06 dollar, Azərbaycanda isə 0,56 dollardır. Hazırda neftlə zəngin olan keçmiş sovet respublikalarında minimum əmək haqqı norması Azərbaycan üzrə 63 avro, Qazaxıstan üzrə 71 avro, Rusiya üzrə isə 121 avro təşkil edir. Göründüyü kimi Azərbaycanda minimum əmək haqqı norması Lüksemburqdan 30 dəfə, İrlandiyada, Hollandiyada, Belçikada və Almaniyadan isə 25 dəfəyədək kiçikdir.

Amerikaninsesi.org

11:55