Azərbaycanda əksər istehsal məhsulu və xidmətlərin qiyməti niyə artıb?

 

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, Azərbaycanda əksər istehsal məhsulu və xidmətlərin qiyməti artıb. Bu ilin fevral ayında qeyri-ərzaq məhsullarının qiymətləri yanvar ayına nisbətən 0.9 faiz, yanvar fevral aylarında əvvəlki ilin analoji dövrünə nisbətən isə 12.5 faiz bahalaşıb. Beləliklə, inflyasiya səbətinə daxil olan ərzaq, qeyri-ərzaq və xidmətlərin dəyəri artıb.

Parçalar 22.6, geyim 18.7, ayaqqabı 20.1, inşaat materialları 9.7, mebel və ev əşyaları da 7.9 faiz bahalaşıb. Bundan başqa, xalça, digər döşəmə örtüklərinin 16.4, məişət cihazlarının 9.5, kiçik elektrik cihazlarının 12.7, şüşə məmulatları, yemək qabları və əşyalarının da 18.6 faiz bahalaşdığı bildirilir. Evə qulluqda lazım olan məhsulların (mebellərə qulluq etmək, unitaz və vannaların təmizlənməsi, qabların yuyulmasından ötrü vasitələr) da 14.4 faiz bahalaşdığı deyilir. Habelə, dərmanlar 13.8, müalicə ləvazimatları 10.9, minik avtomobilləri 10, velosipedlər 15, minik avtomobillərinin ehtiyat hissələri 12.4, telefon aparatları 9.8, foto-kino avadanlıqları və optik cihazlar da 10.9 faiz bahalaşıb.

Məlumatın işlənməsindən ötrü avadanlıqlar (kalkulyator, fərdi kompyuter, noutbuk, planşet) 7.4, oyuncaqlar 16.6, açıq havada idmanla, turizmlə məşğul olmaq və istirahət etməkdən ötrü əşyalar 12.9 faiz bahalaşıb. Bundan başqa, kitabların 7.3, qəzetlərin, dövrü nəşrlərin 3.2, dəftərxana ləvazimatlarının 18.3 və zərgərlik məmulatlarının da qiymətlərinin 15.4 faiz artdığı açıqlanıb. Öz növbəsində Apanın məlumatına görə Kənd təsərrüfatı naziri Heydər Əsədov bəzi kənd təsərrüfatı məhsullarının bahalaşmasına münasibət bildirib.
Nazir bir sıra yerli mediada bahalaşmanın şişirdirildiyini deyir: “Düzdür, bəzi kütləvi informasiya vasitələri bunu çox şişirdir və iddia edir ki, ətin qiyməti 10-19 manatdır. Populizmə yol vermək olmaz. Müqayisə etsək, 10-12 manat 6-7 dollar təşkil edir. Yəni dünən 9-10 dollara olan ət bu gün 6-7 dollara satılır. Amma siz deyə bilərsiniz ki, ət yerli istehsal olan məhsuldur və bu səbəbdən qiymət sabit qalmalıdır. Mən bununla razı deyiləm. Bir daha qeyd edirəm ki, bütün istehsal olunan məhsullar istehlakla yanaşı digər əmtəələrə mübadilə olunmaq üçündür. Yəni onun qarşılığında digər malların alınması üçün istehsal olunur. Ət satan insan qarşılığında soyuducu, televizor və yaxud xarici valyuta ilə idxal olunan digər məhsulların alınması, ehtiyaclarının ödənilməsi üçün xərc çəkir. Mən hesab etmirəm ki, ətin qiymətində bu gün ciddi artım var. Devalvasiyadan sonrakı tendensiya göstərir ki, kənd təsərrüfatı məhsullarının qiymətində ciddi artım yoxdur”.

Amerikaninsesi.org

10:35