Azərbaycanda əhalinin kompüter bacarıqları hansı səviyyədədir?

Azərbaycanda (2017-ci il məlumatlarına görə) əhalinin 60 faizə yaxını kompüterdən istifadənin əsaslarını, o cümlədən  faylların və qovluqların surətlərini yaratmağı, yerləşdirmə etməyi bacarır. 20 faiz standart bacarıqları mənimsəyib. Buna misal kimi müxtəlif proqram təminatlarının quraşdırılması və konfiqurasiyası, elektron cədvəllərdə formullardan istifadə və s. göstərmək olar. Əhalinin bir faizini isə qabaqcıl kompüter istifadəçiləri, yəni xüsusi proqramlaşdırma dillərində kompüter tətbiqləri və proqramları yarada bilən peşəkarlar təşkil edir.

Xudaferin.eu xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İKT sahəsi üzrə ixtisaslaşmış Beynəlxalq Elektrorabitə İttifaqının 2018-ci ildə çıxan “İnformasiya cəmiyyətinin ölçülməsi” adlı yeni hesabatında deyilir.

Postsovet məkanında ən yüksək kompüter bacarıqlarına Estoniya əhalisi malikdir (baza bacarıqlarına malik olan vətəndaşlar 70 faizə qədər, standart bacarıqlara malik olanlar təxminən 55 faiz, qabaqcıl istifadəçilər 7-8 faiz.)

Latviyada bu tənasüb 66 faiz, 43 faiz və 3 faiz, Litvada 60 faiz, 43 faiz və 4-5 faiz, Rusiyada - 57-58 faiz, 25 faiz və 2 faiz, Qazaxıstanda 48 faiz, 35 faiz  və 5 faiz, Gürcüstanda 35 faizə qədər, 15 faiz və 1 faizdən çox təşkil edir.

Təşkilatın ölkələr üzrə təqdim etdiyi statistika və digər mənbələrdən əldə olunan məlumatlar bütün sahələrdə tələb olunan bacarıqlarla bağlı çatışmazlığın olduğunu göstərir. Belə ki, XXI əsrin olmasına rəğmən, planet əhalisinin 1/3 hissəsi hələ də kompüterin əsaslarını bilmir, 41 faiz standart bacarıqlara malikdir və yalnız 4 faizi xüsusi proqramlaşdırma dilindən istifadə etməklə proqram yarada bilir.

Xudaferin.eu

17:25