Azərbaycanda fındıq bağlarının ümumi sahəsi 55 min hektara çatdırılıb

Fındıqçılığın inkişaf etdirilməsi üçün əlverişli torpaq-iqlim şəraitinə malik Zaqatala, Qax, Qəbələ, Balakən, Xaçmaz, Qusar, Oğuz, Şəki, Şabran, Quba, İsmayıllı və Yevlax rayonlarında mərhələli şəkildə 40 min hektar sahədə yeni fındıq bağlarının salınması nəzərdə tutulub.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə bölgələrdəki mövcud fındıq bağlarından tədarük ediləcək ting ehtiyatlarının həcmi müəyyənləşdirilib, yeni salınacaq bağlar üçün ərazilərin seçilməsi, ting ehtiyatlarının tədarükü, əkin işlərinin optimal müddətdə və keyfiyyətlə yerinə yetirilməsi üçün zəruri tədbirlərin təşkilinə köməklik göstərilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu rayonlarda xüsusi işçi qrup yaradılıb.

 

Nazirlikdən bildirilib ki, həyata keçirilmiş tədbirlər nəticəsində ölkə üzrə ötən il 18,2 min hektara yaxın sahədə yeni fındıq bağları salınıb, fındıq bağlarının ümumi sahəsi 55,1 min hektara çatdırılıb.

 

“Hazırda bölgələrdə 10 min hektara yaxın sahədə yeni bağların salınması üçün işlər davam etdirilir. Yeni fındıq bağlarının salınması üçün Balakən rayonu üzrə 500 min ədəd, Qax rayonunda 240 min ədəd, Qəbələ rayonunda 540 min ədəd, Şəki rayonunda 240 min ədəd, Şabran rayonunda 130 min ədəd ting və pöhrələr hazırlanıb, yeni salınacaq bağlar üçün müvafiq ərazilər müəyyən edilib”, - deyə məlumatda bildirilir.

Xudaferin.eu

18:33