Azərbaycanda Altun Orda vilayəti Qazax mədəniyyəti və incəsənətini təmsil edəcək

 

Qazaxıstanın Qızıl Orda vilayətinin Azərbaycanda mədəniyyət və incəsənət günləri çərçivəsində “TÜRKSOY” Uluslararası Təşkilatının dəstəyi ilə aprelin 12-15-də Bakı və Şəki şəhərlərində qardaş ölkələr olan Qazaxıstan ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr edilmiş bir sıra mədəni tədbirlər keçiriləcək.

 

Qazaxıstanın Bakıdakı səfirliyinin mətbuat xidmətindən verilən açıqlamada bildiriblər ki, tədbirlər Qazaxıstanla Azərbaycan arasında dostluq münasibətlərinin bundan sonra da möhkəmləndirilməsi və mədəni əlaqələrin inkişaf etdirilməsi, habelə yaradıcı kollektivlər arasında təcrübə mübadiləsi məqsədi daşıyır. Mədəniyyət və incəsənət günlərinin proqramı Altun Orda Filarmoniyasının konsertindən və vilayətin N.Bekejanov adına Qazax Musiqili Dram Teatrının quruluşunda Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” komediyası əsasında “Getməyəcəksən! Vəssalam, getməyəcəksən...” tamaşasından ibarətdir. Tamaşanın premyerası bu il fevralın 8-də olub və böyük uğur qazanıb. Bu hadisə ölkələrimiz arasında mədəni əməkdaşlığın inkişafına və dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə olub. Heç şübhəsiz, bu tədbir dostluq əlaqələrinin möhkəmlənməsinə, mədəni mübadiləyə və Böyük Çöldə yerləşən ölkənin incəsənəti ilə yaxından tanış olmağa kömək edəcək.

Xudaferin.eu

 

20:39