Azərbaycana turist adı altında ERMƏNİ TƏHLÜKƏSİ

 

Çingiz İsmayılov: “Bəlkə onlar xüsusi məqsədlə gəlirlər?”

 

2016-cı ildə Azərbaycana gələn xarici turistlərin sayı əvvəlki illə müqayisədə 12,1 faiz artaraq 2248,8 min nəfər olub. Bu da 2015-ci illə müqayisədə 11.7 faiz artım olduğunu göstərir. Dövr ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşları çoxluq təşkil edib və müvafiq olaraq 33, 22.5, 13,9 və 10.9 faiz müəyyən edilib. Bir sıra ölkələrin, o cümlədən, Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşlarının ölkəmizə axınının güclənməsinin səbəbi 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanması olub. Bu amil səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb. Statistika Komitəsinin məlumatına görə Azərbaycana səfər edən şəxslərin ümumi sayında qonşu ölkələrdən gələnlərin xüsusi çəkisi daha çox olub. Belə ki, ölkəmizə səfər edənlərin 33,1 faizi Rusiya Federasiyası, 22,5 faizi Gürcüstan, 14,0 faizi Türkiyə, 11,1 faizi İran, 19,3 faizi isə digər ölkələrin vətəndaşları olub. Belə ki, 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2, Küveytdən 3,2, Qətərdən 5,5, Səudiyyə Ərəbistanından və Omandan 10, Birləşmiş Ərəb Əmirliklərindən 22, İraqdan 30 dəfə çox turist gəlib. Körfəz və Yaxın Şərq ölkələri, Asiya ölkələri, Afrika ölkələri, Amerika və Avstraliya ölkələri üzrə gələnlərin sayında artım baş verib. Dövlət Statistika Komitəsindən Cebhe.info-ya verilən məlumatda qeyd olunub ki, ötən ilin gəlirləri ilə bağlı statistik hesabat hələlik ki, hazır deyil. Komitədən 2015-ci ildə turizmdən əldə olunan gəlirlər haqda məlumat verilib. Qeyd olunub ki, 2015-ci ildə turizmdən əldə olunan gəlirlər 35 mln 79,6 manat olub. Bu gəlirlərin 1 764,2 manatı dövlət, 33 315,4 manatı isə özəl müəssisələrin payına düşüb. Ümumilikdə, turizm üçün çəkilən xərclər 29 min 480 manat olub. Həmin ildə məhsul istehsalına çəkilən xərclər 30 min 811,6 manat olub. Ötən ildə Avropa İttifaqına üzv ölkələrdən gəlmiş vətəndaşların sayı 16,6 faiz azalaraq 91,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 8,1 faiz artaraq 868,0 min nəfər olub. Təəssüf doğuran faktlardan biri isə budur ki, ötən il ərzində Azərbaycana Avropadan axın edən turistlərin sayı azalıb. Bu gün bir çox dünya ölkələri, o cümlədən də Türkiyə və Gürcüstan bir sıra ölkələrə 1 illik vizanı ləğv edib. Gürcüstan 94 ölkəyə 1 illik vizanı ləğv etməklə ölkə turist axınını təmin edib. Təkcə ötən il ərzində Gürcüstana 6 350 825 xarici turist gəlib, bu isə 2015-ci ildəki göstəricidən 7,6 % çoxdur. Gürcüstan Milli Turizm Agentliyinin rəhbəri Georgi Çoqovadze 2016-cı ildə ölkəyə gələn turistlər arasında azərbaycanlıların üstünlük təşkil etdiyini deyib. Belə ki, təkcə ötən il ərzində Azərbaycandan Gürcüstana 1 523 075 turist səfər edib. Bu da 2015-ci ildə ölkəyə səfər edən turistlərin sayından 9,3% çoxdur. G. Çoqovadze açıqlamasında ötən il Gürcüstana gələn turistlərin sayının çox olduğunu və birinci yerdə Azərbaycanın qərar tutduğunu bildirib. O, ötən il Ermənistandan Gürcüstana 1 496 246, Türkiyədən 1 254 089, Rusiyadan 1 037 564 və Ukraynadan 172 631 nəfər turist səfər etdiyini bildirib. Milli Turizm Agentliyinin rəhbəri ilk dəfə olaraq 2016-cı ildə Rusiyadan gələn turistlərin sayının 1 milyonu ötdüyünü söyləyib. Agentlik rəsmisi Avropa Birliyi ölkələrindən gələn turistlərin sayının da artdığını qeyd edib. G. Çoqovadze 2016-cı ilin yanvar-dekabr aylarında Latviya, Litva, Çexiya, Bolqarıstan və Almaniyadan gələn turistlərin sayının artdığını qeyd edib. O, xüsusilə, İran, Hindistan, Səudiyyə Ərəbistanı, Filippin, Oman və Çin ölkələrindən gələn turistlərin sayının 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə fərqli şəkildə artdığını vurğulayıb. Turistlərin sayının artması ölkəyə daxil olan xarici valyuta, gəlirlərin də artmasına səbəb olub. Rəsmi açıqlamalara görə Gürcüstanın 2016-cı ildə turizm sahəsindən 2 milyard dollardan çox gəlir əldə edib. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi isə ötən il ərzində turizmdən əldə edilən gəlirlərlə bağlı hələlik ki, hesabatı açıqlamayıb.
Gürcüstanda son iki ildə turizm sahəsində böyük irəliləyiş nəzərə çarpır. 94 ölkəyə bir illik viza rejiminin ləğvindən sonra Gürcüstanda turizm daha da çiçəklənib. Əlbəttə, bütün bunlar onu deməyə əsas verir ki, Gürcüstanla yanaşı Azərbaycanda da belə bir ənənənin tətbiqi müsbət nəticə verərdi. Belə bir ənənənin mövcud olması Avropa ölkələrindən axını da gücləndirər.

Yaxın Şərqdən erməni təhlükəsi

“Regional İnkişaf” Mərkəzinin direktoru Çingiz İsmayılov isə bizimlə həmfikir deyil. Ç.İsmayılov “Cümhuriyət”ə açıqlamasında 1 illik viza rejiminin tətbiqinin ölkəmiz üçün müəyyən təhlükələr yarada biləcəyi ehtimalından danışıb: “Turistlərin Azərbaycana gəlməsində maraqlıyıq. Lakin unutmayaq ki, biz müharibə şəraitində yaşayan bir ölkəyik. Yaxın Şərqdə kifayət qədər erməni yaşayır. Onlar müxtəlif yollarla ölkəmizə gələrək təxribat törətməkdə maraqlıdırlar. Unutmayaq ki, Yaxın Şərq ölkələrində vətəndaşlıq alan ermənilərin də sayı az deyil. Bu səbəbdən Yaxın Şərq ölkələrinə vizanı ləğv etsək, ərəblər, müsəlmanlarla yanaşı, bu ölkələrdə yaşayan ermənilər də fürsətdən istifadə edib Azərbaycana gələ, müəyyən məlumatlar toplaya bilərlər”. Ekspertin sözlərinə görə tarix boyu qəsbkarlıqla məşğul olan ermənilərin yerləşdikləri Yaxın Şərq ölkələrində vətəndaşlıqları belə yoxdur: “Hətta bu cür ölkələrdə yaşayan ermənilərin bir qisminin vətəndaşlıqları yoxdur. Kim bilir, bəlkə onlar xüsusi təyinatlar alaraq bu ölkələrə daxil olurlar. Bu səbəbdən düşünürəm ki, vizanın birtərəfli ləğvi məsələsi ciddi nəzarətdə olmalıdır. Əlbəttə, turist axınını təmin etmək naminə biz təhlükəsizlik məsələsini də unutmamalıyıq. Bu səbəbdən ümumilikdə, bütün ölkələrə birtərəfli vizanın ləğvinin tərəfdarı deyiləm. Avropa ölkələri ilə bağlı elə də ciddi problem yoxdur. Lakin bu ümumi prinsip olmalıdır. Həm Avropa ölkələrində, həm də Yaxın Şərqdə yaşayan ermənilər Azərbaycana qarşı müxtəlif təxribatlar törətməkdə maraqlıdır”.

“Turistlərin qarşısını kəsə bilmərik”

 

Ç.İsmayılovun sözlərinə görə, turist və pul axınını təmin etmək üçün sərhədləri açmaq yolverilməzdir: “Düşünürəm ki, ölkəyə axın edən turistlərin də kimliyi ciddi şəkildə araşdırılmalıdır. Hər gələnə turist qapısı açmaq düzgün deyil. Turistlərin cəlb edilməsi məsələsində iqtisadi maraqlardan daha çox Azərbaycanın təhlükəsizlik məsələsi önəm daşımalıdır”. Bütün bunlar turistlərin üzünə qapıların bağlanması demək deyil. Sadəcə olaraq ölkənin təhlükəsizliyi naminə bir sıra məsələlər gözlənilməlidir: “Əlbəttə, turistlərin üzünə qapıları bağlamaq olmaz. Bunun üçün ilk növbədə müəyyən tənzimlənmə aparılmalıdır. Turistlər hara gedir, asudə vaxtlarını necə keçirir, bunlar öyrənilməlidir. Bir sıra məsələlər mütləq təhlil olunmalıdır”.

Lakin mövcud mənzərəni müşahidə edərək deyə bilərik ki, hələlik xüsusən də Yaxın Şərqdən gələn turistlər ölkəmiz üçün ciddi təhlükə törətməyib: “Təxribatdan savayı müxtəlif ölkələrdən Azərbaycana gələn ermənilər buradan müəyyən informasiyalar ala, təhlükəsizlik məsələlərinin necə qorunması, boşluqlarla bağlı məlumatlar ötürə bilərlər. Bu isə ciddi təhlükədir”.

Nigar Məhərrəm

Cebhe.info

 

10:35