Azərbaycana ərəb axını: Qorxulu tendensiya, yoxsa?..

 

Azər Allahverənov: “Azərbaycana gələn turist 100 milyonu cibindən çıxarıb ölkə iqtisadiyyatına qoyası deyil”

2016-cı ildə Azərbaycana gəlmiş xarici turistlərin sayı əvvəlki illə müqayisədə 12,1 faiz artaraq 2248,8 min nəfər olub. Statistika Komitəsinin məlumatına görə, Azərbaycana səfər etmiş şəxslərin ümumi sayında qonşu ölkələrdən gələnlərin xüsusi çəkisi daha çox olub. Belə ki, ölkəmizə səfər edənlərin 33,1 faizi Rusiya Federasiyası, 22,5 faizi Gürcüstan, 14,0 faizi Türkiyə, 11,1 faizi İran, 19,3 faizi isə digər ölkələrin vətəndaşları olub. 2015-ci il ilə müqayisədə 2016-cı ildə ölkəmizə gələn bir sıra xarici ölkə vətəndaşlarının sayında daha çox artım müşahidə edilib. Belə ki, İraq vətəndaşlarının sayı 30,0 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 22,0 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 10,2 dəfə, Qətər vətəndaşlarının sayı 5,5 dəfə, İran vətəndaşlarının sayı 66,2 faiz, Misir vətəndaşlarının sayı 51,8 faiz, Çin vətəndaşlarının sayı 44,5 faiz artıb. Ötən ildə Avropa İttifaqına üzv ölkələrdən gəlmiş vətəndaşların sayı 16,6 faiz azalaraq 91,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 8,1 faiz artaraq 868,0 min nəfər olub. Bəzi ekspertlər hesab edir ki, ərəb ölkələrindən gələnlərin sayının artması təhlükəli haldır. Ehtimal olunur ki, bu hal Azərbaycanda ənənəvi dini cərəyanların artmasına səbəb ola bilər. İraq dağıdılmış bir ölkədir. Ölkə vətəndaşları ucuz işçi qüvvəsi kimi qonşu ölkələrə, o cümlədən, Azərbaycana səpələnib. Bu isə ölkəyə investisiya gətirməkdən çox, ölkədən investisiya axınını gücləndirən amildir. Bəzi məlumatlarda onların çoxunun kürd əsilli olması da öz əksini tapıb. Ərəblərin gəlib Azərbaycanda ovlanması qadağan olunan heyvanları ovlaması müsbət tendensiya deyil. Bir zamanlar bunun turizmin inkişafına və Azərbaycana güclü kapital axınına səbəb olacağına dair rəylər də var idi. Ancaq son dövrlər bunun heç də belə olmadığı sübuta yetirildi. Çünki ərəblər Azərbaycan iqtisadiyyatına güclü investisiya qoymadı. Zövq üçün görülən bir iş isə, investisiya yatırmaq demək deyil. Avropalı turistlərin Azərbaycana marağının azalması, ilk növbədə ölkədə iqtisadi sabitliyin zəifləməsi və rəsmi Bakının Avrointeqrasiya siyasətindən imtina etməsilə izah oluna bilər. Azərbaycandan fərqli olaraq qonşu Gürcüstana avropalı turistlərin gəlişməsi daha asandır. Avropa Birliyinin Gürcüstana viza rejimini tamamilə aradan qaldırması, Qərb turistlərinin bu ölkəyə marağını artırıb. 
Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov “Cümhuriyət” qəzetinə bildirib ki, statistik göstəricilərdə Avropa ölkələrindən gələnlərinin sayının azalması, ərəb ölkələrindən gələnlərin sayının artması göstərilir: “Əslində düşünmürəm ki, statistik rəqəmlərin göstərdiyi kimi gələn insanların sayının azalması müşahidə olunub. Ola bilsin ki, ümumi götürdükdə faiz nisbətilə azalma görülür. Amma nəfər sayına baxıldıqda azalma yox, artım var. Ölkələr üzrə müqayisə aparsaq, bunun azalma olmadığını görmək olar. Sadəcə olaraq Azərbaycanla Avropa Birliyinə daxil olan ölkələr arasında miqrasiya prosesləri stabil olaraq qalır”.

Ekspert ərəb ölkələrindən gələnlərin sayının artmasının səbəbini izah edərkən qeyd edib ki, ola bilsin Azərbaycan dünənə qədər ərəblər üçün o qədər də maraqlı ölkə hesab olunmayıb: “Ötən il Azərbaycana gələn ərəb turistlərin sayı kifayət qədər idi. Bu onu göstərir ki, Azərbaycan sırf turizm marşrutunun təyinat nöqtəsi kimi ərəb ölkələri üçün maraqlıdır. Ərəblərin buraya gəlişinin daha geniş miqyas alması, sırf turizm məqsədi güdür. Hesab edirəm ki, burada çox böyük potensial var. Azərbaycanın müvafiq icra orqanları ərəblərin bu istəyini nəzərə alaraq daha maraqlı proqramlar təşkil etməlidir və bunun üçün zəruri şərait yaratmalıdır. Məsələn, Macarıstandan ov məqsədilə gələn turist ovçular üçün xüsusi şərait yaradılır. Yəni, onlar üçün xüsusi ərazilər ayrılır, ovlanacaq quşların və heyvanların artırılıb təbiətə buraxılması kimi tədbirlər həyata keçirilir. Hesab edirəm ki, Azərbaycan bu təcrübədən və texnologiyadan istifadə etməklə marağı bir qədər də artıra bilər”.

Azər Allahverənov ərəb ölkələrindən gələnlərin Azərbaycan üçün dini cərəyanlar, ekstremist qruplaşma və ya digər radikal məsələlər təşkil etməsi fikri ilə razılaşmayıb. O qeyd edib ki, bu məsələ ölkənin müvafiq qurumlarının nəzarətində olmalıdır: “Fərqi yoxdur bu ərəb ölkəsidir, yaxud xristian. Adətən, KİV-də dini zəmində olan münaqişələri, cinayətləri islamla bağlayırlar. Bu yanaşma kökündən yanlışdır. Zənnimcə, müvafiq icra qurumlarının üzərinə düşən vəzifələri tam nəzarətdə saxlamalıdır. Turizm və təhlükəsizlik məsələləri bir-birindən ayrı yox, birgə konteksdə öz əksini tapmalıdır. Belə olduğu halda həmin təhlükələr minimuma enər. Bu da bütövlükdə ölkəyə gələn turistlərin sayının artmasına və dövlətə daha çox xeyir verilməsilə nəticələnə bilər. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, ölkənin beynəlxalq münasibətlər sistemində daha effektiv şəkildə təbliğ olunması müvafiq qurumların üzərinə düşən vəzifədir”.

Azər Allahverənov onu da əlavə edib ki, ölkəyə gələn xarici ölkə vətəndaşları investisiya axını baxımından maraqlı ola bilər: “Azərbaycana gələn turist 100 milyonu cibindən çıxarıb ölkə iqtisadiyyatına qoyası deyil. Bunu heç gözləməli də deyilik. Amma Azərbaycana gələn hər bir turist üçün şərait yaratmaq lazımdır. Əgər söhbət xarici sərmayəçilərin cəlb olunmasından gedirsə, bu gün Azərbaycana gələn müəyyən maliyyə rıçaqları olan ərəblər dərhal o vəsaiti bura qoyası deyillər. Bu gün ölkədə mehmanxana biznesinin qurulmasında ərəblərin payı hiss olunmaqdadır. Azərbaycanla bağlı müəyyən aviareyslərin açılması da ərəblərlə bağlıdır. Demək olar ki, iqtisadiyyatın müxtəlif sahələrində ərəblərin iştirakını görürük. Əslində biz “bu gün bu niyə baş vermədi?” deyə üzülməli deyilik, gələcəkdə bunun baş verməsi üçün hansı şərait yaradılmalıdır onun üzərində işləməliyik”.

Yeganə Oqtayqızı

Cebhe.info

 

12:06