Azərbaycana qarşı “I əməliyyatı”

Azərbaycan bir ştampdan, bayraqdan ibarət deyil axı, onun qoşunu, topu, topxanası var...

Bu işlərdə bir az qəribəliklər var... Ölkədə ikinci dəfədir SSRİ simvollarını təbliğ edənlər nə sirdirsə, özlərini sanki qəsdən və həm də nümayişkaranə ələ verirlər. Məntiqlə düşünsək, əgər bu sovetizm təbliğatı xüsusi tapşırıq, xarici dövlətin və ya dövlətlərin ölkəmizdə kəşfiyyat əməliyyatıdırsa, mütləq gizlilik də olmalıdır axı. Məsələn, elə sovet kinosunun şedevrlərindən olan “I əməliyyatı” kimi... Amma həm may ayındakı İmişli, həm üç gün əvvəl Bakıdakı olayda bunun tam əksini görürük. Sanki bu adamlar istəyiblər ki, onların kim olduqları, nə istədikləri bilinsin, “SSRİ xiffətindən” hamı xəbərdar olsun...

İmişlidə 9 may abidəsinin açılışında SSRİ bayrağının kölgəsində yaxasına imperiya simvolu olan “Georgi lenti” taxmış Saleh Səmədov kimi biri guya bilmirdimi ki, bu fotolar yayıldıqdan sonra ictimai rəy bir kənara, hökumət ona “molodes” deməyəcək. Abidənin açılısında gərək ki, yaxasına lent taxan başqaları da olmuşdu, amma mayın axırında Səmədovu vergidən yayınmaq ittihamı ilə tutdular.

Barələrində cinayət işi açılaraq üç aylıq həbs qərarı verilən iki nəfər- Abdulla İbrahimli və İbrahim Əsədli də faktiki özlərini “könüllü təslim ediblər”. Onlara Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham verilib. Deyilənə görə, digər həbslər də var, amma onlar haqda rəsmi məlumat yayılmayıb.

Harada və nə zaman çəkildiyi bilinməyən fotolar yaydıqdan sonra bu adamlar ətrafında operativ araşdırılma aparılıb. Verilən rəsmi məlumat daha vahimdir. Belə ki, həmin ikili “kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən qrupun təşkilatçıları” hesab olunurlar. İstintaq müəyyən edib ki, bu qrup ofis sahəsi icarəyə götürüb və başqa bir dövlətin dəstəyi ilə mütəşəkkil şəkildə fəaliyyət göstərib, vaxtaşırı görüşlər keçirib.

Saxlanılanlarla əlaqəli ofislərdə və yaşayış yerlərində axtarışlar zamanı kommunist ideologiyasının təbliğinə yönəlmiş materiallar, bayraqlar, təbliğat kitabları, radikal məzmunlu materiallar, CD-lər və digər elektron media aşkar edilərək götürülüb. Axtarış zamanı onlardan bir vaxtlar Azərbaycanda da qadağan olunmuş Radişşevin “Peterburqdan Moskvaya səyahət” kitabı(II Yekaterinanın dövrünün sərt tənqidinə həsr olunmuşdu) da çıxsa, təəccüblənməmək olar. Göründüyü kimi, iş bir fotodan daha ciddi məcraya yönəlib...

Ələ keçirilən materiallar və digər həbs edilənlər haqda indilikdə nəsə demək olmur, amma bu işin təşkilatçıları hesab olunanlar savadsız deyillər, biri hətta yazı-pozu adamıdır, idman jurnalistikası ilə məşğul olub. O biri isə həkimdir...Adətən, “verbovka” dedikləri əməliyyat savadsız adamlar üzərindən aparılır, indi əksidir. SSRİ təbliğatı üçün ofis qurmaq, xüsusi təbliğat diskləri yazmaq mənim baxışımda əbləhlikdir, pulu havaya sovurmaqdır. Kommunist ideologiyasının təbliğinə yönəlmiş materiallar, təbliğat kitabları, radikal məzmunlu materiallar tapıldığı xəbəri doğrudursa, bu hoqqabazlıq ancaq “pul silmək” üçün ola bilərdi.

Azərbaycanda SSRİ təbliğatı o qədər debil və nəticəsi olmayacaq işdir ki, buna hansısa xarici dövlətin xüsusi əməliyyat kimi planlaması da qeyri-ciddi görünür. Amma “Od olmasa, tüstü çıxmaz...”

Abdulla İbrahimlinin əlində tutduğu Azərbaycan Sovet Sosialist Respublikasının 1920-ci ildə qəbul edilən bayrağı deyil, onun son- 7 oktyabr 1952-ci ildəki versiyasıdır. SSRİ-nin nə dövlət olduğunu bizim nəsil (70-80-cı illərdə anadan olanlar) görə bilmədi, əsgərlik yaşımızda dağıldı, miras qoyduğu Qarabağ probleminin altında isə 30 il əziyyət çəkdik. Ona görə virtual imperiyaya yenə nökərlik etmək istəyənlər ən əvvəl bədbəxt və yəqin ki, uğursuz adamlardırlar. Əgər onların bu dövlətdə işləri yaxşı getməyibsə, məsələn, Avropaya köçə, qismətlərini orada axtara bilərdilər.

Bunun əvəzində SSRİ təbliğatına qoşulmaq, dövlətə meydan oxumaq heç də ələncəli görünmür. Dövlət isə bu əməlləri haqlı olaraq cinayət sayır...

Bəzi gənc adamların üzərində “SSRİ” yazılmış qırmızı köynəkləri geyinib “Torqovı” da gəzdikləri çox da uzaq keçmiş deyil. Amma kimsənin ağlına gəlməzdi ki, buna xüsusi rəng və ya əhəmiyyət versin. İndi isə SSRİ-nin təbliğinə ölkəmizdə niyə belə reaksiya verildiyinin səbəbi də hamıya bəllidir. Çünki SSRİ-nin varisi Rusiyadır. O Rusiya ki, Qarabağın işğalına yol açmışdı, indi də 4 ilə yaxındır Ukrayna ilə müharibə aparır, AZAL-ın təyyarəsini vurub, davamlı aqressiv siyasət yürüdür, gücü çatana bir, çatmayana iki daş atır. Üstəlik, hakimiyyəti zaman-zaman SSRİ-nin xiffətini etdiyini gizlətmir, postsovet adlandırılan məkanda da imperiya niyyətlərindən əl çəkmir...

Bu cür addımlar Azərbaycanın müstəqil dövlət siyasətindən döndərmək üçün düşünülübsə, demək bunun ideyasını verənlər də icraçıları kimi axmaqdırlar. Çünki kommunist İmanın sözünü interpretasiya etsək, Azərbaycan bir ştampdan, bayraqdan ibarət deyil axı, onun qoşunu, topu, topxanası da var... O zaman bu meydan oxumaq nədir? Nə demək istəyirlər? Bu işlərdə bir az qəribəliklər var...

14:41