Azərbaycana kim pul gətirəcək? - “İnvestisiya üçün riskli ölkə”

Qubad İbadoğlu: “Oliqarxların kurasiyasında olan biznes sahələri onların nəzarətindən çıxarılmalıdır”

Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi istiqamətində Azərbaycan dövlətinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyası mövcuddur.Xarici dövlətlərin ölkə iqtisadiyyatına uzunmüddətli sərmayə qoyması üçün cəlbedici tədbirlər həyata keçirilib. İndiyə qədər investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara eyni iş şəraitinin yaradılması, əldə edilmiş mənfəətdən maneəsiz istifadə olunması ilə bağlı qanunlar qəbul edilib. Bundan başqa, Azərbaycan hökuməti bir sıra xarici ölkələrlə ikiqat vergitutmanın aradan qaldırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalayıb.Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda investisiya fəaliyyətini tənzimləyən iki qanun da mövcuddur.
Amma bütün bu tədbirlərə baxmayaraq gün keçdikcə Azərbaycana sərmayə yatıran ölkələrin sayı azalır.Hətta deyə bilərik ki, Azərbaycanın ən böyük problemlərindən biri xarici investorların ölkəyə cəlb olunmasıdır.Bunu son zamanlar xarici şirkətlərin Azərbaycandan sürətlə getməsindən də görmək olar.Bunun müxtəlif səbəbləri var. Ölkə iqtisadiyyatı daralır.ÜDM-in 4 faizlik azalması müşahidə olunur.Bazar daraldıqca, insanların alıcılıq qabiliyyəti aşağı düşdükcə, gəlir azaldıqca şirkətlərin bazarları tərk etməsi təbii hal alır.Bunlara paralel olaraq, valyuta ilə bağlı ciddi problemlər var. Digər tərəfdən Azərbaycanı xarici investorlara cəlbedici göstərən neft amili də mühüm rol oynayır.Belə ki, ölkəyə əsas investorlar neft sektoruna və bu sektorun xidmət sahələrinə gələn xarici şirkətlər təşkil edirdi.Bu şirkətlər neftin qiyməti düşdüyündən, hasilat azaldığından, neft kontraktları əvvəlki kimi cəlbedici olmadığından Azərbaycandan çıxdılar.İqtisadi böhran Azərbaycanda biznes mühitinin arzuolunan səiyyədə olmadığını göz önünə sərir. Dövlət tərəfindən qabaqlayıcı tədbirlər və uzunmüddətli layihələr planlanmasına baxmayaraq beynəlxalq agentliklər Azərbaycanı investisiya yatırmaq üçün etibarlı ölkə hesab etmir. Belə ki, bu il nüfuzlu “Blomberg” agentliyi investisiya qoyuluşu üçün əlverişli ölkələrin siyahısını açıqlayıb. Rusiya, İndoneziya, CAR, Hindistan kimi ölkələrin yer aldığı siyahıya Azərbaycan düşməyib.Ölkədə isə iki ilə yaxındır ki, investisiya cəlb edilməsi üçün müxtəlif tədbirlər görülür.

Azərbaycanı investisiya üçün riskli saymaq olar, ya yox?

İqtisadçı-alim Qubad İbadoğlu “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanı enerji sektoru üçün əlverişli hesab etmək olar: “Amma qeyri-neft sektorunda investisiya riskləri artır. Yəni, sektoral yanaşmada Azərbaycandakı vəziyyəti fərqli dəyərləndirmək olar.Risklər əvvəlki illərlə müqayisədə çoxalıb.Bunun da əsas səbəblərindən biri ondan ibarətdir ki, qeyri-neft sektorunda sərmayə qoyuluşu üçün müəyyən təhlükələr və çətinliklər yaranıb.Amma neft sektoru əvvəlki kimi cəlbediciliyini qoruyub saxlayır. Neft sektorunda sərmayələrin riskləri ciddi şəkildə dəyişməyib, amma daha az vergilərlə bu sektorda işləmək imkanları qalır.Azərbaycan investisiya cəlbediciliyi olan ölkələr siyahısına düşə bilməməsinin səbəbləri də elə budur. Azərbaycan hələ də investisiya üçün riskli ölkələrin siyahısındadır”.
Qubad İbadoğlunun qənaətincə, ölkənin investisiya cəlb olunan dövlətlər arasında yer ala bilməsi üçün hökumət kompleks islahatlara başlamalıdır: “Ölkədə investisiya mühitinin yaxşılaşdırılması üçün ilk növbədə antiinhisar siyasət güclənməlidir, sağlam rəqabətə dəstək olan iqtisadi mühit formalaşmalıdır. Eyni zamanda iqtisadiyyatda mərkəzləşdirmə aradan qaldırılmalıdır.Oliqarxların kurasiyasında olan biznes sahələri onların nəzarətindən çıxarılmalıdır.Bu baxımdan bu sahədə görüləsi işlər çoxdur”.

Yeganə Oqtayqızı
Cebhe.info

11:34