Azərbaycana iki dost ölkəyə Sərkisyanı bağlayan tellər

Ermənistanın yeni prezidenti olacaq şəxs ölkəmizin maraqlarına təhlükə yarada bilərmi? - Ekspertlərdən maraqlı şərhlər

Ötən həftə Ermənistan prezidenti Serj Sərkisyan bahalaşma əleyhinə aksiya günü öz xələfinin adını açıqladı. Bəlli oldu ki, hakim Respublikaçılar Partiyasının prezidentliyə namizədi Ermənistanın Böyük Britaniyada səfiri, tanınmış iş adamı Armen Sərkisyan olacaq.

Armen Sərkisyan Levon Ter-Petrosyanın prezidentliyi dönəmində qısa müddətdə baş nazir işləyib, iri kapitala malik iş adamıdır. İngiltərədə 2000-ci ilin əvvəllərindən başlayaraq bir neçə investisiya şirkəti yaradıb. Bu şirkətlər Vyana, London, Paris, Moskva, Varşava, Kiyev və Alma-Ata kimi şəhərlərdə ofislərə malikdir. 64 yaşlı Sərkisyanın Britaniya ilə sıx əlaqələrə malik olduğu bildirilir. Eyni zamanda, onun Qazaxıstanın prezidenti Nursultan Nazarbayevin qızı Dariqa ilə biznes əlaqələrinin olduğu söylənir.

Həm Böyük Britaniya, həm də Qazaxıstan Azərbaycanla yaxın tərəfdaş ölkələrdir. İşğalçı ölkənin prezidenti Armen Sərkisyan olsa, onun bu ölkələrlə yaxınlığı Azərbaycana, həmin ölkələrin Qarabağ məsələsinə münasibətində hansısa şəkildə təsir göstərə bilərmi?

Politoloq Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, Armen Sərkisyanın prezident olması Britaniya və Qazaxıstan, eləcə də digər hansısa ölkələrin Azərbaycanla münasibətlərinə, Qarabağ məsələsinə münasibətinə təsir edəcəyi ehtimalı yoxdur: “Ermənistanda 2015-ci ildə keçirilmiş konstitusiya islahatları ilə bağlı referendum ölkəni parlanmentli respublika formasına keçirməyə xidmət edirdi. Burada prezidentin xalq tərəfindən deyil parlament tərəfindən seçilməsi göstərilir. Hal-hazırda prezidentin namizədliyini parlamentdə çoxluq təşkil edən siyasi partiya irəli sürür və seçir. Kimliyindən asılı olmayaraq yeni prezident bir növ təmsilçilik funksiyasını daşıyacaq. Əsas idarəetmə və rıçaqlar isə baş nazirin əlində olacaq. Böyük ehtimalla, baş nazir də Serj Sərkisyan olacaq. Ermənistanın siyasi və iqtisadi həyatını monopoliyaya alan ”Qarabağ klanı" gələcək təhlükəsizliyini bu yolla sığortalamağa qərar verib. Ölkənin xarici, daxili siyasətini istədikləri kimi yenə də köhnə komanda həyata keçirəcək. Armen Sərkisyanın isə İrəvan doğumlu olması daxildəki narazı elektoratı sakitləşdirməyə, Britaniyada səfir olması, diplomat imici Qərb dünyasında ölkəsi üçün müsbət, demokratik imic yaratmağa hesablanıb. Eyni zamanda əminəm ki, onun namizədliyi Moskva ilə də razılaşdırılıb. Necə ki, 2 il öncə konstitusiya dəyişikliyi referendumu da razılaşdırılmışdı. Qarabağ məsələsi ilə bağlı isə Serj Sərkisyan klanının iradəsindən kənar hər hansı yeniliyin olacağını da düşünmürəm. Bu istiqamətdə yeni seçiləcək prezident Qarabağ klanının “direktivləri” ilə hərəkət edəcək".

 

Politoloq Natiq Miri isə bildirdi ki, Ermənistanda konstitusiya dəyişikliyindən sonra ölkə prezidentinin səlahiyyətləri xeyli dərəcədə azalıb və bu vəzifə az qala simvolik vəzifəyə çevrilib: “Mart ayında keçiriləcək prezident seçkilərində seçilən şəxsin səlahiyyətləri baş nazirin səlahiyyətlərindən az olacaq. Ölkənin əsas idarəçiliyi, qərarların qəbulu baş nazirin və parlamentin əlində olacaq. Bütün strateji qərarlar artıq parlamentdə qəbul olunacaq. Ermənistanda prezidentin kimliyindən asılı olmayaraq Britaniya və Qazaxıstan kimi ölkələrlə Azərbaycanın münasibətini korlamaq mümkün deyil. Erməni diasporunun ən güclü olduğu ölkə Fransadır. Buna rəğmən, Fransanın Azərbaycanla münasibətini poza bilmirlər. Fransanın Azərbaycanla münasibəti yüksək səviyyədədir. Güclü diaspor faktoru Azərbaycana Fransanın münasibətini dəyişə bilməyibsə, Armen Sərkisyanın prezident olması faktorunun Britaniya-Azərbaycan, Qazaxıstan-Azərbaycan münasibətlərinə təsir göstərəcəyi, bu ölkələrin Qarabağ məsələsinə münasibətinə təsir edəcəyi gözlənilmir. Bütün dövlətlərin özünün maraqları var. Odur ki, Britaniya və Qazaxıstan da öz maraqlarını güdəcək, cırtdan Ermənistanın maraqlarını güdməyəcək. Armen Sərkisyanın Ermənistan prezidenti olması Azərbaycan üçün hansısa ölkələrlə münasibətlərdə problemlər yaradası deyil. Rəsmi İrəvanın Armen Sərkisyan məsələsinin üzərindən süni yaratdığı ajiotaja diqqət yetirməyə dəyməz. Ölkələrlə münasibətlərimiz dövlətimizin xarici siyasətindən və dövlətlərin geosiyasi maraqlarından asılı olacaq, Ermənistana kimin prezident seçilməsindən yox”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

10:03