Azərbaycan xalqına bayram “terror”u: rayonlara gediş haqqı artırılır

Azərbaycan xalqına bayram “terror”u: rayonlara gediş haqqı artırılırİqtisadi böhranın “qılıncının dalı və qabağı kəsən” zamanda əhaliyə növbəti ağır zərbə vurmağa hazırlıq gedir; Bu dəfəki pislik bayram ərəfəsinə təsadüf etdiyindən xalqa qarşı soyğunçuluq xarakteri daşıyır... Bayramqabağı vağzallarda gediş haqları artırılır. Həm dəmiryol, həm də avtovağzallarda süni qiymət artımına hazırlıq mərhələsi başlanıb. Regionlardan paytaxta, istərsə də Bakıdan rayonlara gediş-gəliş xərcləri bahalaşır.  Bayram bazarlığı etməyə imkan tapmayan minlərlə ailənin cibinə girərək oğurluq etməyə bənzəyən bu qərar birbaşa məmur özbaşınalığı və prezidentə qarşı bayram təxribatıdır. Bu gün yüzminlərlə ailə bayram süfəris açmağa imkan tapmır, aztəminatlı ailələr bazarlardan bayram ərzağı ala bilmir. İnsanların güzəranı pisləşib, dolanışıq çətinləşib, xərclər artıb, bahalaşma gedib, işsizlik artıb və belə vaxtda əhaliyə bayram “terror”u yaşadan Azərbaycan Dəmir Yolları QSC ilə Nəqliyyat Nazirliyi xalqın durumunu nəzərə almır. Hər il bayram ərəfəsində vağzallarda süni qiymət artımı müşahidə olunurdu və özbaşınalıq adi hala çevrilmişdi. Ancaq bu dəfə böhranlı ildir, hər yerdə bahalaşma gedir, manat dəyərini itirib və bu addım sadəcə, xalqa qarşı soyğunçuluqdur. Bakıdan regionlara əsasən kasıb təbəqə, tələbə kontingenti, paytaxtda kirayələrdə yaşayanlar yola düşür. Onlar ailələri ilə kasıb bayram süfrəsi açıb yeni ili qarşılamağa hazırlaşırlar. Di gəl ki vağzallarda qiymətlər qaldırılır. Məsələn, Bakıdan Lənkərana avtobusla gediş haqqı 7-8 manata qaldırıla bilər. Bakıdan Gəncəyə isə 10-12 manata bilet satılacaq. Təqribən, digər bölgələrə də 2-3 manat arası qiymət artımı qeydə alınacağı gözlənilir. Dəmiryol vağzalında qiymət artımı olacağını isə QSC sədri Cavid Qurbanov qabacadan elan etmişdi. O, bunu Tarif Şurasının enerji haqlarının artırılması ilə əlaqələndirmişdi. Ümumilikdə, sərnişinlərin sayı adi günlərə nisbətən iki-üç dəfə artıb. Sərnişin bolluğundan istifadə edən vağzal rəhbərliyi də qiyməti süni şəkildə qaldırır. Çünki bayram ərəfəsində rayona gedənlər - burada işləyənlər və tələbələr çoxalır. Əlacsız qalan bu insanlar hansı qiymətə olsa, onu alıb getməyə məcbur qalır. Azərbaycan 2008-2009-cu illərdə maliyyə böhranını belə ağrılı keçirməmişdi. O dönəmdə neftin dünya bazarındakı qiyməti və ölkədə iqtisadi inkişaf tempinin sabitliyi böhranın zərbələrini daha az hiss etdirdi.

Onu da deyək ki, ölkədə işsizlik baş alıb getdikcə, bahalaşma davam etdikcə aztəminatlı ailələrin, imkansız insanları, təqaüdçülərin, köçkünlərin və şəhid ailələrinin və digər təbəqə insanların iqtisadi vəziyyəti daha da ağırlaşır. Ekspertlər hesab edir ki, böhran daha da dərinləşəcək.

Politika.Az

10:18