Azərbaycan Xalq Cümhuriyyəti milli ideologiya əsasında yaranıb

Mayın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti – 100: varislik və müasirlik” mövzusunda elmi konfrans keçirilib.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə mövzunun aktuallığını qeyd edib, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə gördüyü işlərdən söhbət açıb.

“Azərbaycan Xalq Cümhuriyyəti: ənənə və müasirlik” mövzusunda məruzəsində Milli Məclisin deputatı, professor Elman Nəsirov Cümhuriyyətin xarici siyasətindən danışıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin milli ideologiya əsasında yarandığını vurğulayıb. Bildirilib ki, Cümhuriyyət ayrı-ayrı adamların ideoloji düşüncəsini deyil, bütövlükdə milli ideoloji düşüncə missiyasını yerinə yetirib.

Konfransda AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti tarixinə dair”, Fəlsəfə İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru Aydın Əlizadənin “Cümhuriyyətin süqutundan sonra Azərbaycanda sovetlərə qarşı gizli istiqlal mübarizəsi” mövzularında məruzələri dinlənilib, müzakirələr aparılıb.

Xudaferin.eu

 

13:46