Azərbaycan və Qırğızıstan arasında dostluq və tərəfdaşlıq münasibətləri sabit inkişaf edir

Dövlətlərarası qarşılıqlı münasibətlərin qurulması, inkişafı və ölkəmizin milli maraqlarının həm müxtəlif regional, subregional və beynəlxalq təşkilatlarda, həm də ikitərəfli əsasda təmin edilməsi baxımından Prezident İlham Əliyevin digər xarici səfərləri kimi, Qırğızıstana səfəri də tarixi, xüsusi siyasi-diplomatik və iqtisadi əhəmiyyətə malikdir.
Əvvəla onu qeyd etməliyik ki, hər iki xalq arasındakı münasibətlər minillik tarixi, etnomədəni əsaslara malikdir. Təsadüfi deyil ki, türk dili və İslam dini hər iki xalqın əlaqələrinin möhkəmlənməsində əsas birləşdirici amil kimi çıxış edib. Keçmiş SSRİ-də Azərbaycan və Qırğızıstan respublikalarının da təmsil olunması isə sovet imperiyasının ideoloji tələblərinə uyğun olaraq qeyri-milli maraqlar naminə olsa da, xalqlararası müttəfiqlik münasibətlərini şərtləndirib.
Ötən əsrin 90-cı illərindən isə Azərbaycan və Qırğız respublikalarının müstəqillik qazanması ilə bu iki dövlət arasında yeni siyasi münasibətlər yaranmağa başlayıb.
Müstəqilliyimizin ilk onilliyində Azərbaycanın Qırğızıstanla ikitərəfli əlaqələri nisbətən ardıcıl inkişaf yolu keçib. İki dövlət arasında ilk diplomatik əlaqələr 1993-cü il yanvarın 19-da qurulub və sonrakı illərdə Azərbaycan Prezidenti Heydər Əliyevin 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının üçüncü sammitində iştirak etmək üçün Qırğızıstana, Qırğızıstan prezidenti Əsgər Akayevin isə üç dəfə Azərbaycana səfərləri olub.
Dövlət başçılarının səfərləri çərçivəsində qarşılıqlı maraq kəsb edən ikitərəfli, regional və beynəlxalq məsələlər müzakirə olunub, 14 sənəd, o cümlədən “Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Bundan başqa, iki ölkənin dövlət və hökumət qurumları, müəssisələri arasında 38 müxtəlif saziş, müqavilə və digər hüquqi-normativ sənəd imzalanıb.
1993-2003-cü illərdə hər iki ölkənin digər rəsmi nümayəndələri qarşılıqlı səfərlər edib və ikitərəfli əlaqələrin qurulması istiqamətində danışıqlar aparıblar. Sonrakı onillikdə də Azərbaycan və Qırğızıstan arasındakı dostluq və tərəfdaşlıq münasibətləri sabit inkişaf edib.
Son illərdə isə Azərbaycan-Qırğızıstan münasibətləri yüksələn xətlə inkişaf etməyə başlayıb.
Üç aydan sonra Azərbaycan-Qırğızıstan diplomatik münasibətlərinin qurulmasının 30 ili tamam olacaq. Bu illər ərzində mövcud olmuş siyasi əlaqələrin təhlili göstərir ki, hər iki ölkə bu tarixə müsbət nəticələrlə yaxınlaşıblar. Nəticədə dövlətlərarası əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Bu gün dinamik inkişaf edən və genişlənən əlaqələr ölkələrin parlamentləri, hökumətləri və aidiyyəti qurumları arasında da fəal qarşılıqlı fəaliyyətlə davam etdirilir. Prezident İlham Əliyevin dost və qardaş ölkə olan Qırğızıstana dövlət səfəri çərçivəsində imzalanmmış bir sıra sənədlər, hər iki ölkənin başçıları arasında formalaşmış şəxsi münasibətlər, qarşılıqlı hörmət və etimad yaxın gələcəkdə dövlətlər arasında ticarət dövriyyəsində, iqtisadiyyatda, kənd təsərrüfatında inkişaf üçün böyük perspektiv yaradır, həmçinin mədəni-humanitar sahədə daha sıx əlaqələrin qurulmasını vacib edir.
Qarşılıqlı fəaliyyətin gələcək inkişaf yollarının müəyyən edildiyi vacib sahələrdən biri də nəqliyyat-tranzit sektorudur. Belə ki, icrasına başlanılan Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun istismarı ilə əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq.
Azərbaycanın Orta Asiya respublikaları, o cümlədən Qırğızıstanla siyasi əlaqələrinin hazırkı vəziyyəti həm də Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün əhəmiyyət kəsb edir. Məlumdur ki, həm Qırğızıstan, həm də Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləridir.
Azərbaycanın istər Qırğızıstanla, istərsə də KTMT–nin üzvü olan digər dövlətlərlə ikitərəfli və çoxtərəfli əsasda həyata keçirdiyi qarşılıqlı faydalı əməkdaşlıq, Ermənistanın ölkəmizə qarşı dövlət sərhədində və Qarabağda törətdiyi təxribatlardan sonra manipulyativ hərəkətlərlə üzv olduğu təşkilatı Cənubi Qafqaza cəlb etmək cəhdlərini mənasız edir.

Xudaferin.eu

17:57