Azərbaycan və Mərakeş arasında parlamentlərarası əməkdaşlığın perspektivləri müzakirə olunub

Mayın 10-da Mərakeş parlamentinin Nümayəndələr Palatasının sədri Raşid Talbi Alami Azərbaycanın Mərakeş Krallığındakı səfiri Nazim Səmədovla görüşüb.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, görüş zamanı səfir Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisində keçiriləcək Xüsusi Sessiyaya dəvət məktubunu sədrə təqdim edib.

Səfir ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olmasından məmnunla danışıb, hər iki ölkə arasında qardaşlıq münasibətlərinin mövcud olduğunu bildirib. Qeyd olunub ki, Mərakeş müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəkləyir, eyni zamanda, Azərbaycan da dost ölkəyə eyni münasibəti bəsləyir. Bu da ölkələrimiz arasında dostluğun, qarşılıqlı etimadın göstəricisidir.

Təməli Ümummilli Lider Heydər Əliyev və Mərakeş Kralı II Həsən tərəfindən qoyulan ikitərəfli dostluq münasibətlərinin Prezident İlham Əliyev və Kral VI Məhəmməd tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulanıb.

Görüşdə parlamentlərarası əlaqələr, bir çox sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Səfir ölkələrimiz və xalqlarımız arasında olan dostluq münasibətlərindən danışaraq, burada parlamentlərarası dostluq qruplarının da rolunu xüsusi qeyd edib. Dostluq qruplarının müntəzəm qarşılıqlı səfərlərinin həyata keçirilməsinin iki ölkə arasındakı əlaqələrin inkişafında parlamentin rolunun daha da gücləndirəcəyinə xidmət edəcəyini bildirib.

Xudaferin.eu


 

09:58