Azərbaycan və Keniya parlamentləri arasında əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub

Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev və Keniya Senatının sədri Amason Jeffah Kingi arasında görüş keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, səfir Sultan Hacıyev ötən 20 il ərzində Azərbaycan və Keniya arasında münasibətlərin dinamik inkişafından söhbət açaraq diqqəti ikitərəfli və çoxtərəfli müstəvilərdə əməkdaşlıq potensiallarına cəlb edib. O deyib ki, iki ölkənin parlamentləri beynəlxalq arenada, o cümlədən Parlamentlərarası İttifaq və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində səmərəli əməkdaşlıq edir. Səfir ikitərəfli əməkdaşlığın gücləndirilməsi üçün parlament dostluq qruplarının və parlament komitələri arasında birbaşa əlaqələrin yaradılmasının vacibliyini vurğulayıb.

Senatın sədri A.J.Kingi Keniya və Azərbaycan arasında olan münasibətlərin qanunverici orqanlar arasında da əməkdaşlığın inkişafı üçün yaxşı imkanlar yaratdığını bildirib. Qeyd edib ki, Keniya Parlamentinin hər iki palatası Azərbaycanın Milli Məclisi ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. O, Azərbaycanın təşəbbüsü ilə təsis edilən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyətinin əhəmiyyətini vurğulayaraq ötən ay Daşkənd şəhərində şəbəkənin dördüncü konfransının nəticələrinə toxunub.

Ötən il Azərbaycanın ev sahibi olduğu COP29-da Keniyanın aktiv iştirakını vurğulayan səfir qeyd edib ki, 2026-cı ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13), habelə Ümumdünya Ətraf Mühit Günü (WED2026) çərçivəsində Azərbaycan və Keniya arasında sıx işbirliyi qlobal əməkdaşlığa mühüm töhfə verə bilər.

Senatın sədri COP29-da Azərbaycanın liderliyi ilə qəbul olunan qərarların qlobal əhəmiyyətini vurğulayıb və Bakı şəhərinin nüfuzlu WUF13-ə ev sahibliyi etməsi ilə Azərbaycanın qlobal şəhərsalma müzakirələrinin mərkəzinə çevriləcəyinə inamını ifadə edib.

Səfir, həmçinin Azərbaycanın dövlətçilik tarixi, mədəniyyəti, Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti, Prezident İlham Əliyevin liderliyi ilə müasir Azərbaycanın qazandığı nailiyyətlər barədə həmsöhbətini məlumatlandırıb. 2020-ci il şanlı Zəfərin nəticələri, postmünaqişə dövründə ərazilərdə yenidənqurma və genişmiqyaslı humanitar minatəmizləmə işlərini qeyd edib. O, Heydər Əliyev Fondunun və Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) Keniyanın bir neçə təhsil və tibb müəssisələrinə etdiyi humanitar yardımlar haqqında da məlumat verib.

Eyni zamanda, Senat sədri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti ilə tanış olduğunu qeyd edib və sülh naminə tədbirlər həyata keçirən Mərkəzin fəaliyyətinin əhəmiyyətini diqqətə çatdırıb.

Xudaferin.eu

15:30