Azərbaycan və Ermənistan sülhə doğru

Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinin müəyyənləşdirilməsi üzrə aparılan rəsmi danışıqlarda və yerində icra olunan texniki işlərdə irəliləyişlərin olduğu bəyan edilib. Bakı tərəfi iki ölkə arasındakı sülh prosesinin ən mühüm qollarından biri hesab olunan delimitasiya prosesinin gedişatını müsbət qiymətləndirib.

Musavat.com xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə rəsmi açıqlamasında dövlət sərhədinin delimitasiyası prosesində müsbət dinamikanın müşahidə olunduğunu bildirib. Xarici siyasət idarəsinin rəhbəri bu mürəkkəb və strateji tapşırığın yerinə yetirilməsi məqsədilə hər iki ölkənin iştirakı ilə xüsusi dövlət komissiyasının yaradıldığını və bu komissiyanın işinin mütəmadi, nizamlı əsaslarla davam etdirildiyini xatırladıb. Nazir hazırda əldə olunmuş hüquqi bazaya diqqət çəkərək vurğulayıb: "Biz bu kontekstdə çox açıq bir müsbət dinamika görürük. Bu günə olan məlumata görə, delimitasiya üzrə komissiyaların birgə fəaliyyətini birbaşa tənzimləyən müvafiq normativ-hüquqi aktlar artıq hər iki tərəfdən tam qəbul edilib və rəsmən təsdiqlənib”.

Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya üzrə işlərin getdiyini xarici işlər naziri Ceyhun Bayramov aparılan işin ilkin müsbət nəticələrinə şahid olduğumuzu qeyd edərək, 13 km-ə yaxın dövlət sərhəd xəttinin delimitasiya edildiyini vurğulayıb.

Eyni zamanda Ceyhun Bayramov qeyd edib ki, hər iki tərəfdə bəlli razılaşmalar əldə edilib: "Delimitasiya prosesi şimaldan cənuba doğru davam etdiriləcək”. Nazir eksklavlar məsələsindən də bəhs edib: “Proses həyata keçiriləcək, eksklav kənd məsələləri öz həllini tapacaq”.

XİN rəhbəri Azərbaycanın sülh sazişinin yekunlaşdırılması ilə bağlı üzərinə düşən işləri yekunlaşdırdığını da söyləyib. O bildirib ki, Azərbaycan və Ermənistan arasında Vaşinqton Sammiti çərçivəsində birgə bəyanat imzalanıb: “Sülh sazişinin mətni artıq paraflanıb, mətn ictimaiyyətə açıqdır. Azərbaycan tərəfinin bununla bağlı yanaşması prinsipialdır. Dövlətin rəsmi mövqeyini Prezident İlham Əliyev bildirib. Bizim gözləntimiz Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Bundan sonra Sülh sazişi imzalana bilər”. (APA) C.Bayramov həmçinin, qeyd edib ki, Ermənistanda yeni Konstitusiya qəbul edilməsi istiqamətində addımların atıldığını parlament seçkilərindən sonra Baş nazir Paşinyan bir daha səsləndirib: “Bizi maraqlandıran və narahat edən əsas məqam Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddialarıdır. Bu həll olunandan sonra bizim gözləntimiz bu işin tezliklə başa çatmasıdır”.

Qeyd edək ki, Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Müstəqillik Bəyannamədə keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Azərbaycan isə buna etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.

Azərbaycan XİN rəhbərinin son açıqlamaları Ermənistan mediasının da böyük marağına səbəb olub. Xatırladaq ki, Ermənistan rəhbərliyi konstitusiya ilə bağlı referendumun 2027-ci ildə keçiriləcəyini anons etsə də, Azərbaycanın irəli sürdüyü tələblərin icra olunacağı barədə konkret mövqe bildirilməyib. Üstəlik, Ermənistan parlamentində revanşistlərin yer alması və Paşinyana məxsus fraksiyanın təkbaşına qərarvermə imkanlarının olmaması Ermənistan rəhbərliyinə əlavə bəhanə yaradır.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bundan əvvəl anklav və eksklavlar məsələsi ilə bağlı hazırda heç bir konsepsiyanın mövcud olmadığını demişdi. O qeyd etmişdi ki, məsələyə Ermənistanın suveren ərazilərinin qaytarılması prizmasından yanaşır. Eyni zamanda, Baş nazir sərhədlərin delimitasiyası və demarkasiyası prosesində müəyyən optimallaşdırmanın mümkünlüyünü istisna etməmiş, lakin bunun nədən ibarət olduğuna aydınlıq gətirməmişdi. 

Xudaferin.eu

13:03