Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərində qarşılıqlı inkişafı təmin edən amillər

Sürətlə dəyişən, qloballaşan dünyada fərqli profillər üzrə qütbləşmələr getdikcə artır və münasibətlər sahəsində müəyyən qarışıqlıq meydana çıxır. Təəssüflə qeyd etməliyik ki, özünü “supergüc” sayan tərəflər gücün ədalətdən daha vacib olması düşüncəsinin önə çıxmasına səbəb olublar. Məhz bu amil dünyada çoxqütblülüyün inkişafına rəvac verib. Vəziyyət o qədər mürəkkəbdir ki, hətta iqtisadi sahədə tərəfdaş olan ölkələr arasında hərbi gərginlik və yaxud bunun əksi müşahidə olunur. Ona görə də xüsusilə siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində üst-üstə düşən və kəsişən maraqlar özünü günbəgün daha qabarıq şəkildə büruzə verir.

Bugünkü dəyişən mürəkkəb vəziyyətdə qardaş Türkiyənin xarici siyasətinin istiqamətlərinə, eləcə də Yaxın Şərq ölkələri üzrə siyasi, iqtisadi və mədəniyyət sahələrində strategiyasına, bu strategiyanın ortaya çıxardığı yeniliklərə nəzər salaq.

Müqayisəli təhlillər göstərir ki, Azərbaycan və Türkiyənin məqsədyönlü xarici siyasətlərinin nəticələri iki qardaş ölkənin inkişaf dinamikasına birbaşa təsir etməkdədir.

Azərbaycanın iqtisadi müstəqilliyi Türkiyənin beynəlxalq
arenadakı yerini və rolunu gücləndirən amil kimi

Qardaş Türkiyənin beynəlxalq aləmdəki yerinin və rolunun sürətlə güclənməsini təmin edən başlıca amillərdən biri Azərbaycanın iqtisadi müstəqilliyidir. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən enerji strategiyası təkcə Azərbaycanın deyil, Gürcüstan və Türkiyənin də ümumi həyatına əlavə güc qatıb. Qeyd etməliyik ki, əgər keçmiş SSRİ-nin süqutu illərində təcavüzkar Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yürütməsəydi və Türkiyə ilə sağlam diplomatik münasibətlər yolu tutsaydı, ötən otuz ildə Qafqaz və Anadolu coğrafiyasında tamamilə başqa bir dinamik inkişaf modeli ortaya çıxa bilərdi.

Azərbaycanın dövlət müstəqilliyinin bərpası, keçmiş Qarabağ münaqişəsinin mövcudluğuna baxmayaraq, ötən dövrdə həyata keçirilən beynəlxalq və regional iqtisadi layihələr, o cümlədən hazırda uğurla fəaliyyət göstərən Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TANAP və TAP ümumi mənada təxminən 20 il əvvəlki ilə müqayisədə Türkiyənin iqtisadi vəziyyətinin 180 dərəcə müsbətə doğru dəyişmişdir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi enerji strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Xəzərin və Xəzərsahili bölgələrin karbohidrogen ehtiyatlarının Türkiyəyə və oradan Avropaya nəqli qardaş ölkənin enerji siyasətinə əhəmiyyətli güc qatıb. Məhz bunun nəticəsidir ki, əgər 15-20 il bundan əvvəl Türkiyə Yaxın Şərq ölkələrindən neft və qaz almaq üçün daha uyğun mənbə axtarırdısa, hazırda qonşu ölkələr təbii enerji məhsullarını Türkiyəyə daha ucuz qiymətə təklif etməkdə rəqabət aparırlar. Digər tərəfdən, zəngin ərəb ölkələrinin Türkiyəyə uzunmüddətli sərmayə qoymaqdadırlar. XX əsr boyu xüsusilə qonşu ölkələrdən enerji asılılığı ilə yaşayan Türkiyə hazırda tranzit nəqliyyat və enerji ölkəsinə çevrilməklə təhdidləri birmənalı şəkildə dəf edərək xarici ölkələrlə münasibətlərini öz şərtləri əsasında formalaşdırır.

Türkiyənin xarici siyasətinin istiqamətləri

Hazırda qardaş Türkiyənin xarici siyasətinin istiqamətləri bütün qitələri əhatə edir. Bu istiqamətlərin məqsəd və mahiyyətini şərti olaraq dörd hissəyə bölə bilərik. Birinci hissəyə Türkiyənin milli təhlükəsizliyi, Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı və türk dünyasının birliyi məsələləri daxildir. Qafqaz regionu, Orta Asiya, Yaxın Şərq və Aralıq dənizi bölgəsinə aid olan bütün proseslər bu hissəyə daxildir. Xarici siyasətin digər mərhələlərindəki proseslərin hər biri məhz buradan qidalanır. Xarici siyasətini qarşılıqlı maraqlar çərçivəsində inkişaf etdirən Türkiyənin əsaslandığı sülh, tərəfdaşlıq, qarşılıqlı səmərəli maraqların qorunması prinsipləri aşağıdakılardır:

-Şuşa Bəyannaməsi əsasında Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi Türkiyəni Qafqazdakı sülh və inkişaf proseslərində əsas aktorlardan birinə çevirib;

-Suriya, Liviya və Qətərdə hərbi mövcudluğunu qoruyan Türkiyə bununla milli dövlətçilik təhlükəsizliyinə, eləcə də sərhəd toxunulmazlığına qarşı əsaslı müqavimət bazası yaradıb;

-Dəqiq hədəflərə hesablanmış sosial siyasət və ədalət çağırışları Türkiyənin dünyadakı tərəfdaşlarının sayını sürətlə artırır.

Türkiyənin tərəfdaşlarının sayının sürətlə çoxalması onun çoxəsrlik rəqiblərini kəskin qıcıqlandırsa da, rəsmi Ankaranın şərtləri ilə hesablaşmaq zərurəti yaradıb. Ən azı ona görə ki, diktə olunan şərtlər real gücə əsaslanır. Bu gücün təməlində enerji resursları, sərmayə axını və zəruri ixracat dayanır. Hər üç amil bir-biri ilə sıx bağlıdır.

Faktlar göstərir ki, Azərbaycanın bərpaolunan enerji ehtiyatlarının istehsalı sahəsində həyata keçirdiyi siyasət nəticəsində qarşıdakı illərdə regionda elektrik enerjisinin istehsalında və ixracatında tamamilə fərqli mühit yaranacaq. Əvvəlcə bu barədə Azərbaycanın Türkiyə, Rusiya, Gürcüstan və İrana enerji ixracını getdikcə artırdığını diqqətə çatdıran Prezident İlham Əliyevin çıxışından mühüm məqamları təqdim edək: “Biz özümüzü və tərəfdaşlarımızı bundan sonra ən azı 100 il ərzində təbii qazla təchiz edə bilərik. Buna baxmayaraq, bu gün bərpaolunan enerji növlərinə sərmayə qoyuruq. Nə üçün? İlk növbədə, ona görə ki, bu, ən təmiz enerji növüdür. Düzdür, təbii qaz da təmiz enerji növüdür və biz Azərbaycanda elektrik enerjisini istehsal etmək üçün hazırda ancaq təmiz enerji növlərindən istifadə edirik... İlk növbədə onda ki, xarici firmalar, böyük şirkətlər bu sahəyə investisiya qoyurlar. Keçən ay bu sahədə ən böyük şirkətlərdən biri – “ACWA Power” və Azərbaycan arasında imzalanmış kontrakt əsasında təməlqoyma mərasimi keçirildi, 240 meqavatlıq külək elektrik stansiyası gələn il istifadəyə verilməlidir. Hazırda BP şirkəti ilə Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Günəş elektrik stansiyasının inşası ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin Mazdar şirkəti ilə danışıqlar gedir. Hər iki layihə təqribən 400-450 meqavat gücündədir. Üstəlik qeyd etdiyim kimi “ACWA Power” ilə 240 meqavat, ondan sonra “Xudafərin” və “Qız qalası” su anbarlarında İranla bərabər 280 meqavatlıq elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. O gücün yarısı bizə çatacaq, bu da əlavə 140 meqavat təşkil edəcək. “Azərenerji”nin özünün 50 meqavatlıq külək elektrik stansiyası var. Ondan sonra azad edilmiş torpaqlarda keçən il “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2”, Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyası yenidən quruldu”.

Yuxarıda sadalananları və Türkiyənin “Akkuyu” Atom Elektrik Stansiyasının perspektivlərini nəzərə alaraq belə bir mühakimə yürüdə bilərik ki, Anadolu yaxın gələcəkdə, sözün əsl mənasında, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas bölgəyə çevriləcək. Bir sözlə hazırda tranzit vasitələrlə Avropaya təbii qaz nəql edən Türkiyə yaxın gələcəkdə, eyni zamanda, elektrik enerjisi ixracında da liderlik qazanacaq.

Türkiyənin Yaxın Şərq siyasətinin Azərbaycana təsiri

Əlamətdar haldır ki, xarici siyasətində gücə deyil, məhz doğmalığın bərpası prinsiplərinə əsaslanaraq, xüsusilə dil, din və genetik bağlılıq prinsipləri ilə yeni münasibətlər sistemi yaradan Türkiyə bərabərhüquqlu münasibətlər və səmimi əməkdaşlığın daha düzgün yol olduğunu nümayiş etdirir.

Türkiyənin Yaxın Şərq ölkələri, xüsusilə Suriya, Liviya, Livan, Qətər, İraq və Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərinə baxdıqda aydın görürük ki, dövlətin təhlükəsizliyinin təminatı ön plandadır və bu strategiyanın real nəticələri ölkənin iqtisadi inkişafı üçün yeni pəncərələr açıb. Nəzərə almaq lazımdır ki, təxminən yarım əsrə yaxın zaman kəsiyində böyük güclər davamlı olaraq terror kabusundan Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə ediblər. Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraq ərazisində həyata keçirdiyi antiterror əməliyyatları, ölkə daxilində terrorizmə qarşı aparılan qətiyyətli mübarizə, eləcə də Liviyadakı hərbi mövcudluq hazırda bir tərəfdən terror riskimi aradan qaldırırsa, digər tərəfdən qlobal təhdid və təhlükələrin qarşısını alır. Türkiyə Suriya və İraq ərazisi daxil olmaqla dövlət sərhədləri boyunca terrorçuluğa qarşı təhlükəsizlik zonası yaratmasaydı, indi terror təşkilatları xarici sifarişləri həyata keçirmək üçün Türkiyənin hər bölgəsində, küçə və meydanlarda güc nümayiş etdirərdilər. Ölkədə təmin edilən sabitlik xarici sərmayədarlar üçün etibarlı Türkiyə imici yaradıb.

Əvvəla qeyd etməliyik ki, Türkiyənin neft-qaz siyasətindəki çoxşaxəlilik bir tərəfdən Avropanın enerji təhlükəsizliyi üçün mühüm təsir qazanıb, digər tərəfdən ölkə daxilində təchizat böhranı riskini tam aradan qaldırıb, eləcə də neft və qaz ixracatçılarının Türkiyə ilə əməkdaşlıqda rəqabətə girməsinə təsir göstərib.

Faktlara müraciət edək: Birləşmiş Ərəb Əmirlikləri Türkiyəyə 10 milyard ABŞ dolları məbləğində sərmayə ayırıb. Hazırda BƏƏ-də həyata keçirilən 150 dövlət layihəsini türk şirkətləri icra edir. Onların ümumi məbləği təqribən 18 milyard dollardır. Qeyd etməliyik ki, fevralın 14-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əbu-Dabinin vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın dəvəti ilə Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərə yola düşərkən açıqlamasında Türkiyə-BƏƏ münasibətlərində yeni dövrün başlandığını bildirərək deyib: “BƏƏ səkkiz milyard dollara çatan ticarət dövriyyəmizdə əsas tərəfdaşlarımızdan biridir. Türkiyənin podratçı şirkətləri indiyədək BƏƏ-də 13 milyard dollar dəyərində 141 layihə həyata keçirib. BƏƏ də Türkiyədə dinamik investisiya sahəsinə mühüm töhfələr verir. Ölkələrimizin iqtisadiyyatının potensialı indiki rəqəmlərdən çox yüksəkdir. Səfərin məqsədi bu potensialı tez bir zamanda reallaşdırmaqdır”.

-Türkiyə-Qətər münasibətləri bütün sahələrdə sürətlə inkişaf edir. 2014-cü ildə iki ölkə arasında hərbi, müdafiə və digər sahələri əhatə edən əməkdaşlığa dair dövlət sazişləri imzalanıb. Bunun nəticəsidir ki, 2022-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək Qətər bu matçlara hazırlıq üçün bütün inşaat işlərinə aid məhsul və avadanlıqları Türkiyədən alır.

-Liviyadan Türkiyənin İzmir Alsancak Limanına 107 sərnişin gətirən “Kevalay Queen” gəmisi 25 illik fasilədən sonra bu il Şimali Afrika ilə Anadolu arasında birbaşa əlaqələr baxımından canlanma yaradıb. Hər biri 550 yataqlı, 700 oturacaqlı, bundan başqa, bortunda 500 yük və minik avtomobili daşımaq imkanında olan gəmilərin hərəkətinin bərpası ən qısa zamanda İzmir, İstanbul, Antalya, Marmaris kimi bölgələrdə turizm və ticarətdə tamamilə yeni bir mənzərə ortaya çıxaracaq. Təklif olunan cəmi ikigünlük gəmi səfərlərinin qiyməti ölkə daxilindəki sərnişin daşımaları qədər ucuzdur.

Azərbaycan-Türkiyə müttəfiqliyində yeni dövr

Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyə parlamentləri tərəfindən təsdiq olunmasından sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanması ilə iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərini özündə əks etdirən yeni dövr başlayıb.

Türkiyənin nəqliyyat-tranzit və enerji daşıyıcılarına dair layihələri ölkə daxilində istehsal həcminin sürətlə artması üçün böyük perspektivlər yaradıb. Zəngəzur dəhlizinin açılışı ilə Qars-Naxçıvan-Bakı yeni dəmir yolu xətti Anadolunu çoxşaxəli istehsal məkanına çevirəcək. Bəzi hallarda bu yolu Bakı-Tbilisi-Qars dəmir yoluna alternativ kimi təqdim etməyə çalışsalar da, qeyd etməliyik ki, dəmir yolları bir-birinə alternativ olmayan yeganə nəqliyyat sistemidir. Digər tərəfdən Bakı-Tbilisi-Qars kimi, Qars-Naxçıvan-Bakı dəmir yolu da məhz Azərbaycan və Türkiyənin layihəsidir. Hər iki dəmir yolları yük axınını artırmaqla bir-birinin işində dinamizmi yüksəltməyə təkan verəcək.

Qars-Naxçıvan-Bakı dəmir yolu xətti keçmiş SSRİ məkanından kömür, filiz, pambıq, yun, meşə məmulatları, politren və digər xam məhsulların Türkiyəyə axınını gücləndirəcək ki, bu da, ilk növbədə, Yaxın Şərq ölkələrinin bazarları üçün cəzbedici olan tekstil, toxuculuq, əl toxuculuğu, mebel və kimya məhsullarının istehsalını yüksəldəcək. Türkiyə bu məhsulların istehsalında və bazara çıxarılmasında həm keçmiş SSRİ məkanından, həm də Yaxın Şərq ölkələrindən texnologiya və təcrübə baxımından xeyli irəlidə olduğuna görə coğrafi baxımdan olduğu kimi, istehsal məkanı kimi də diqqət mərkəzindədir və hər kəs bunu qəbul etmək məcburiyyətindədir.

Sonda daha bir mühüm məqamı vurğulayaq ki, Türkiyənin Yaxın Şərq siyasəti Zəngəzur dəhlizinin açılışından sonra Qars-Naxçıvan-Bakı yeni dəmir yolu vasitəsilə Azərbaycanda turizm sektorunu sıçrayışla inkişaf etdirəcək. Ən azı ona görə ki, Türkiyə “qatar turizmi” ilə bu sahədə yenilik yaradan nadir ölkələrdəndir.

Sabir Şahtaxtı
 

Xudaferin.eu

23:21