Azərbaycan-Türkiyə birliyinin gələcək inkişafı üçün geniş imkanlar mövcuddur

Dünyaya nümunə olan Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf edir. Ölkələr arasında əməkdaşlığın dərinləşməsində qarşılıqlı səfərlər, imzalanan sənədlər əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin bu il qardaş Türkiyəyə hər üç səfəri münasibətlərdə yeni səhifə kimi dəyərləndirilir. Azərbaycan Prezidenti aprelin 29-da Türkiyəyə işgüzar səfəri zamanı qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə birgə “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak etdilər. Bu, bir daha Azərbaycan-Türkiyə birliyinin dünyaya növbəti nümayişi oldu. Prezident İlham Əliyevin festivaldakı çıxışında “Mən bu il üçüncü dəfə qardaş ölkəyə səfər edirəm. Fevral ayında olmuşam, mart ayında olmuşam, bu gün buradayam. Əziz qardaşım, növbə Sizindir. Biz Sizi gözləyirik, bütün Azərbaycan xalqı Sizi gözləyir, Sizi öpür, qucaqlayır, Sizə öz hörmət və sevgisini çatdırır. Türkiyə-Azərbaycan birliyi əbədidir!” fikirləri bu qardaşlığın sarsılmazlığının göstəricisidir. İki ölkənin münasibətləri yalnız dövlət səviyyəsində deyil, xalqlarımızın biri-birinə yaxınlığı, səmimiyyəti, dostluğu əsasında daha da möhkəmlənir. Dünya bunu həm 44 günlük İkinci Qarabağ müharibəsində, həm də bu ilin fevralında Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı şahidi oldu. Qırx dörd günlük Vətən müharibəsinin hər gününü, anını Azərbaycan xalqı ilə eyni hisslərlə yaşayan qardaş Türkiyə tarixi Zəfərimizi də eyni sevinclə qeyd etdi. Dövlətimizin başçısı qardaş ölkənin son 20 ildə böyük inkişaf yolu keçdiyini, Türk dünyasının birləşməsində Prezident Rəcəb Tayyib Ərdoğanın tarixi xidmətlərini qürurla qeyd etdi. Türkiyə dünya səviyyəsində söz sahibinə çevrilmiş, bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin qarantıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin “Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, “Bir yumruq!” fikirləri Azərbaycan-Türkiyə münasibətlərinin dünəninin, bu gününün və gələcəyinin təqdimatıdır: “Bu birlik sayəsində həyata keçirilən layihələrin, atılan addımların uğurlu nəticələri göz önündədir. Hazırda Azərbaycanın həyatının yeni dövrünü yaşadığını - işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini nəzərə alsaq Azərbaycan-Türkiyə birliyinin bu prosesdə də özünün aydın ifadəsini tapdığını əminliklə qeyd edirik. Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard dollardan çoxdur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşa, Füzuli, Zəngilan və Cəbrayılda olub. Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun hava qapılarını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə dünyaya açıb. Onu da qeyd edək ki, “TEKNOFEST” çərçivəsində Azərbaycan dövlətinin zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn rejimdə təməlinin qoyulması mərasimi oldu. Azərbaycanın Türkiyəyə qardaşlıq köməyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etdi: “Əziz qardaşım İlham Əliyev lap əvvəldən mərkəzi Pazarcık olan zəlzələdə bizi heç vaxt yalnız qoymadı. İlk andan etibarən axtarış-xilasetmə heyətləri Kahramanmaraşda bizimlə birlikdə oldu. Onunla da kifayətlənmədi, daha sonra İlham qardaşım Kahramanmaraşda min evin inşa ediləcəyinə söz verdi. Təbii ki, orada məktəbi, məscidi, yataqxanası və yaşayış binaları olan bir Azərbaycan şəhəri inşa etməyi qərara aldı”.

Əliabbas Salahzadə Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə əlaqələrinin gələcək inkişafı ilə bağlı hədəflərinə də diqqəti yönəldib: “Yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq. Azərbaycan səmasında dünyanın son model hərbi təyyarəsi olan “Kızılelma” olacaq. Dövlətimizin başçısı İlham Əliyev “Kızılelma” havada, “Altay” və “Togg” quruda, “Anadolu” dənizdə - bugünkü Türkiyə budur” fikirləri ilə qardaş ölkənin inkişaf, tərəqqi yolunda inamla irəliləməsini böyük sevinclə, qürur hissi ilə izlədiyini bildirdi. “TEKNOFEST” dost ölkənin kosmos, aviasiya və texnologiya sahələrində necə sürətlə inkişaf etdiyini göstərir. Bu möhtəşəm festivalın iştirakçılarının sayı ildən-ilə sürətlə artmaqdadır. Bu faktın özü qardaş ölkənin texnoloji yeniliklərinə artan diqqətin və marağın göstəricilərindən biridir”.

Milli Məclisin deputatı bildirib ki, Azərbaycan-Türkiyə birliyinin gələcək inkişafı üçün geniş imkanlar mövcuddur. Hər zaman qeyd edildiyi kimi, bu birlik ümumilikdə Türk dünyasının birləşməsinə öz töhfələrini verir. “TEKNOFEST”də bu ümumiləşdirmə xüsusi vurğulandı ki, Türkiyə bu gün uğurlu dövlət modelinin ən gözəl nümunəsidir.

Xudaferin.eu

16:42