Azərbaycan Türk dünyasının birliyi istiqamətində yeni əməkdaşlıq imkanları formalaşdırır ŞƏRH

Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsi üçün yeni əməkdaşlıq imkanları formalaşdırır, ölkələrimizi yeni bağlarla birləşdirir. Bu baxımdan COP29 çərçivəsində noyabrın 13-də Bakıda Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın dövlət başçılarının imzaladıqları “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” Türk dünyasının birliyinin möhkəmlənməsinə mühüm töhfə verir. Mərkəzi Asiya və Qafqaz regionlarında nəqliyyat, ticarət, energetika, qarşılıqlı investisiya sahələri üzrə əməkdaşlıq və inteqrasiya prosesləri genişlənir. Türkdilli ölkələrin gündəliyində yaşıl enerji sektorunun inkişaf etdirilməsi prioritetlərdən biri kimi qeyd olunub və onların yaşıl keçidlə qlobal çağırışların icrasında məsuliyyətli tərəfdaşlar olduğunu nümayiş etdirir. İmzalanmış sazişlə Mərkəzi Asiya, Qafqaz və Avropa Qara və Xəzər dənizlərinin dibi ilə çəkiləcək yaşıl kabellə birləşdiriləcək. Enerji ixrac marşrutlarının formalaşması ölkələrimizin yaşıl enerjiyə keçid prosesini sürətləndirəcək. Çünki etibarlı bazar və ixrac marşrutları olmadan istehsal güclərinin genişləndirilməsinin əhəmiyyəti bir o qədər də böyük olmur. Bu baxımdan imzalanmış saziş ölkələrimizin yaşıl enerjiyə keçidin sürətlənməsinə yeni bir impuls verəcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

O bildirib ki, Azərbaycandan Avropaya bərpaolunan enerji resurslarımızın ixracı ilə bağlı Qara dənizin dibi vasitəsilə çəkiləcək yaşıl enerji marşrutunun texniki hesabatlarının hazırlanması prosesi yekunlaşdıqdan sonra tikinti işlərinə başlanılacaq. Noyabrın 13-də üç qardaş ölkə arasında imzalanmış yeni saziş isə həmin marşrutun Mərkəzi Asiya ölkələrinə qədər uzanmasına yol açacaq. Bu gün ölkələrimiz tarixi sənədlərə imzalar atmaqla gələcək nəsillər üçün əməkdaşlıq imkanlarının yeni təməllərini qoydu. Bu təməllər bizi sarsılmaz birliyə və qardaşlığa aparacaq.

“Türk Dövlətləri Təşkilatı (TDT) dünya nizamında yeni iqtisadi, siyasi güc kimi özünü təsdiq edir. Təbii ki, çaşqınlıq içində qalan bugünkü dünya nizamında soykökü, dili, dini, mədəniyyətləri və tarixi kökləri bir-birinə bağlı ölkələr arasında dostluq, əməkdaşlıq və qardaşlığın möhkəmlənməsi vacibdir. Prezident İlham Əliyev bu il fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində demişdi: “Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası işlərinə ilk qardaşlıq hədiyyəsini verən də məhz Özbəkistan və Qazaxıstan olub. Üç qardaş ölkə imzaladığı yeni sazişlə bu əlaqələri daha da möhkəmləndirdi. Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq sahələrinin genişləndirilməsi istiqamətində verdiyi yeni təkliflər və səylər təşkilatın gücünü artırır. TDT vahid güc kimi formalaşmalıdır. Bu təşkilatda təmsil olunan ölkələr əməkdaşlıq imkanlarının bütün potensialından səmərəli şəkildə istifadə etməlidir. Çünki Türk dünyası Mərkəzi Asiyadan Avropaya qədər böyük bir coğrafiyanı əhatə edir. Bu coğrafiya təbii resurslarla zəngin olduğundan və beynəlxalq logistika marşrutları üzərində yerləşdiyindən həmişə böyük güclərin marağında olub. Həmin dairələr hər zaman Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda sabitliyi pozmaqla dövlətlərimizin güclənməsinə mane olmağa çalışıblar. Belə səylər bu gün də davam etməkdədir. Ona görə də yaşadığımız tarixi çətinlikləri gözümüzün önünə gətirməli və coğrafiyamızda sabitliyin qorunmasına və iqtisadiyyatın inkişafına çalışmalıyıq. Bunun ən düzgün yolu Türk Dövlətləri Təşkilatı daxilində əməkdaşlıq imkanlarını genişləndirməklə birliyimizi möhkəmləndirməkdir. Biz nəinki iqtisadi və humanitar sahələrdə əməkdaşlığı genişləndirməliyik, həm də vahid hərbi güc formalaşdırmalıyıq. Belə olan halda düşmənlər heç vaxt bizim milli maraqlarımıza qarşı öz çirkin niyyətlərini həyata keçirə bilməzlər”, - deyə deputat əlavə edib.

Xudaferin.eu

16:00