Azərbaycan tranzit ölkəyə çevrilə biləcək?

Vüqar Bayramov: “Bu layihələrin qısa zamanda reallaşması mümkün deyil”

Azərbaycan Cənubi Qafqazda tranzit ölkə olmaq arzusundadır. Amma bu arzunun reallaşması hələ ki, görsənmir. Çünki bu məqsədlərin həyata keçməsi tək Azərbaycanla bağlı məsələ deyil. O baxımdan, Azərbaycanın milyardlar xərclədiyi “Şimal-Cənub”, eləcə də “Şərq-Qərb” nəqliyyat dəhlizləri hələ ki, ölkə üçün gəlir mənbəyinə çevrilə bilmir. 
Halbuki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov adı çəkilən quruma rəhbər təyin olunanda ölkə başçısına söz vermişdi ki, beynəlxalq yükdaşımlardan əldə olunan gəlir nəticəsində büdcənin formalaşmasında önəmli rol oynamaq mümkün olacaq. Ancaq büdcənin doldurulmasında beynəlxalq yükdaşımalardan əldə olunan gəlirlərdə ciddi artım müşahidə edilməyib. Xatırladaq ki, ““Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi haqqında Saziş” Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində imzalanmış və 2002-ci il mayın 21-də qüvvəyə minmişdir. Sonralar bu sazişə bir neçə ölkə, o cümlədən 2005-ci il sentyabrın 20-də Azərbaycan da qoşulmuşdur. Nəzərə çatdıraq ki, dəhlizin Azərbaycan ərazisindən keçən dəmir yolu xəttinin uzunluğu 511 km, avtomobil yolunun uzunluğu isə 520 km-dir. TRASEKA proqramı çərçivəsində həyata keçirilən “Şərq-Qərb” nəqliyyat dəhlizi də hələ ki, reallaşmayıb. Bu layihədən də büdcəyə vəsait daxil olmur. “Şərq-Qərb” nəqliyyat dəhlizi çərçivəsində icra olunan Bakı-Tiflis-Qars dəmir yolunun tkintisi isə 2006-cı ilin sonundan bəri davam edir.
Mövzu ilə bağlı iqtisadçı Vüqar Bayramov Hurriyyet.org-a bildirib ki, sözügedən layihələrin reallaşması zaman tələb edən təşəbbüsdür: “Şərq-Qərb” Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizidir. “Şimal-Cənub” layihəsi də kifayət qədər böyük ölkələri əhatə edəcək bir ideya, təşəbbüsdür. Sözsüz ki, qısa zamanda bu layihələrin reallaşması mümkün deyil. Amma bununla belə, son dövrlər bu nəqliyyat dəhlizlərinin reallaşması ilə bağlı müəyyən addmlar atılır. İran, Rusiya prezidentlərinin Azərbaycan prezidenti ilə Bakıda görüşü və “Şimal-Cənub” nəqliyyat dəhlizinin müzakirə edilməsi ondan xəbər verir ki, region ölkələri “Şimal-Cənub” və eləcə də “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin reallaşmasında maraqlıdırlar. Bunların da yanaşması Azərbaycan üçün nə verdi? Azəbaycan iqtisadiyyatında beynəlxalq yükdaşımlar, eləcə də loqistika və xidmtlər hazırda prioritet istiqamətlərdən biridir. Loqistika və xidmətlər üzrə ayrıca bir Yol Xəritəsi də qəbul olundu və orada loqistika və xidmətlərin inkişafı nəzərdə tutuldu. Əslində, 2015-ci ildən başlayaraq beynəlxalq yükdaşımlara diqqətin artması müşahidə olunur. Yalnız 2016-cı ildə qeyri-neft sektorunda beynəlxalq yükdaşımaların həcmi 65 faiz artıb. Təbii ki, buna Türkiyə-Rusiya münasibətlərinin gərgin olması da təsir göstərdi. Amma ola bilər ki, həm də proseduranın sadələşdirilməsi, xüsusən də nəqliyyat üzrə şuranın yaradılması təsir etdi. O baxımdan, Azərbaycan üçün bu nəqliyyat dəhlizlərinin reallaşdırılması vacibdir. Nəticə etibarilə bu nəqliyyat dəhlizlərinin reallaşması qeyri-neft sektorunda Azərbaycan büdcəsinə daxilolmaları artıra bilər. Sözsüz ki, bu proses qısa bir proses deyil, zaman alan bir prosesdir. Bütün hallarda hökumətin siyasəti ondan xəbər verir ki, növbəti illərdə beynəlxalq yükdaşımları qeyri-neft sektorunda əsas prioritet istqamətlərdən biri olacaq”.
“Söhbət beynəlxalq yükdaşımalarından əldə olunan gəlirlərin büdcədə böyük roludan getmir. Əslində, bir sektorun büdcənin doldurulmasında böyük rolu olması da arzuolunan deyil. Çünki fərqli sektorlardan büdəcyə dailxilolmaların artırılmasına ehtiyac var. Bir sektordan büdcə doldurulursa, nətciə etibarilə həmin sektorun növbəti dövrlərdə bir çox problemi yarancaq. Söhbət beynəlxalq yükdaşımaların büdcədə dominant olmasından getmir. Çünki elə bir ölkə yoxdur ki, beynəlxalq yükdaşımalar büdcənin əhəmiyyətli hissəsini doldursun. Söhbət beynəlxalq yükdaşımalardan əldə edilən vəsaitin artırılmasından gedir. Vahid tariflərin tətbiqi, Bakı Beynəlxalq Dəniz Limanın istifadəsi, eyni zamanda Ələtdə xüsui iqtisadi zonanın yaradılması reallaşarsa, bu nəticə etibarı ilə beynəlxalq yükdaşımalardan büdcəyə daxilomları artıra bilər”,- deyə iqtisadçı vurğualdı. V.Bayrmov onu da qeyd etdi ki, bu layihələrin reallaşması bir ölkədən asılı məsələ deyil: “Bu ölkələrin razılıq əldə etməsinə ehtiyac var. Ona görə də layihələrlə bağlı yol xəritəsi və konket zamanda yoxdur ki, bu zamanda bunlar ediləcək. Layihələrin yubadılmasını söyləmək də mümkün deyil. Çünki layihələr xeyli sayda ölkələri əhatə edir. Bu baxımdan, bu layihələrin qısa zamanda reallaşması da mümkün deyil”.

Şamo Emin
Hurriyet.org

10:02