“Azərbaycan sülhməramlılarla bağlı müqaviləni yeniləməyəcək” iddiası

Ekspert: “Əgər sülhməramlı bunu edə bilmirsə, bu razılaşma niyə uzadılmalıdır?”

Rusiyalı politoloq Sergey Markov Qarabağ bölgəsindəki son hadisələri şərh edib. Politoloq deyib ki, Azərbaycan Ermənistanın 10 noyabr 2020-ci il tarixli memorandumun iki mühüm müddəasını yerinə yetirməməsindən daha çox narazıdır: “Birincisi, razılaşmanın 4-cü bəndinə uyğun olaraq, erməni hərbi birləşmələrinin Qarabağdan çıxarılması tamamlanmayıb. İkincisi, nəqliyyat kommunikasiyalarının bərpası üçün heç bir iş görülmür. Naxçıvanı Azərbaycanla birləşdirməli olan Zəngəzur dəhlizi Azərbaycan üçün xüsusilə vacibdir. Həm də Azərbaycanın əsas müttəfiqi olan Türkiyə ilə nəqliyyat dəhlizi yaratmaq. Ermənistan isə bu nəqliyyat dəhlizinin açılması üçün heç nə etmir”.

O qeyd edib ki, strateji yüksəkliyə nəzarət Azərbaycanın əlindədir: “Hazırda intensiv danışıqlar gedir. Rusiya növbəti münaqişənin olmasını istəmir. Amma memorandumun icrasını tələb edən Azərbaycan da geri çəkilmək istəmir. Ermənistan Qarabağı həmişəlik əlində saxlamaq istədiyini gizlətmir və bunun üçün Rusiya sülhməramlılarından maksimum yararlanmaq istəyir. Və bu məqsədlə də Azərbaycanla Rusiya sülhməramlıları arasında gərginlik yaratmağa çalışırlar. Proqnozum ondan ibarətdir ki, Azərbaycan öz qoşunlarını qismən çıxaracaq, amma strateji yüksəkliyi öz əlində saxlayacaq. Və getdikcə daha sərt tələb edəcək ki, bütün erməni hərbçiləri Qarabağı tərk etsinlər. Eyni zamanda nəqliyyat dəhlizlərinin işə düşməsi üçün də tələb olacaq. Əgər Ermənistan bunu etməsə, o zaman 3 ildən sonra sülhməramlılarla bağlı müqavilə, sadəcə olaraq, yenilənməyəcək. Və rus sülhməramlıları gedəndən sonra Azərbaycan Qarabağa hərbi yolla tam nəzarəti bərpa edəcək”.

Ceyhun Məmmədov: Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal  rolunu oynayırlar

Ceyhun Məmmədov 

YAP-çı deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki,  Markovun dediyi kimi, söhbət burada üçtərəfli bəyanatın bəndlərinin, xüsusilə dördüncü bəndin yerinə yetirilməməsindən, dəhlizin açılmamasından narazılıq var: “Narazılığımız həm də onunla bağlıdır ki, sülhməramlılar ermənilərin təxribatlarının qarşısını almır, bu proseslərə göz yumurlar. Bilirsiniz ki, bugünlərdə bir video yayıldı və həmin videoda görünür ki, ermənilərin  silahlı dəstələri Azərbaycana qarşı təxribat törətməyə hazırlaşırlar, hərbi geyim geyinirlər. Rus sülhməramlıları isə buna heç bir reaksiya vermirlər. Üstündən bir il altı ay keçməsinə baxmayaraq, razılaşmanın 4-cü bəndi yerinə yetirilməyib. Rus sülhməramlıları ya vəzifəsini yerinə yetirməlidir, ya da bunu edə bilmirsə, Azərbaycana bunu etməyə şərait yaratmalıdır. Ermənistan istəmir ki, sülhməramlılar oradan çıxsın. Çünki işğalçının başqa məqsədləri, niyyətləri var. Amma bizim də məqsəd və hədəflərimiz var və bundan heç vaxt geri çəkilməyəcəyik. Biz torpaqlarımızı sona kimi azad edəcəyik. Bu baxımdan mütləq bu bəndlər yerinə yetirilməlidir. Əgər sülhməramlı bunu edə bilmirsə, bu razılaşma niyə uzadılmalıdır? Hər bir məsələnin nəticəsi ölçülür. İndi nəticə etibarilə heç bir dəyişiklik yoxdursa, bir nəticə bu istiqamətdə qazanılmayıbsa, o zaman sülhməramlılar vaxt itirmədən getməlidirlər. Bu, qarşıya qoyulan bir vəzifə kimi həyata keçirilməlidir. Rusiya və Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycan razılaşmalara sadiqdir. Kreml üzərinə düşəni yerinə yetirməli, Ermənistan da təxribatlarına son qoymalıdır. Əks halda, Azərbaycan başqa addımlar atmağa məcbur qalacaq”.

Akif Nağı — Vikipediya

Akif Nağı

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Azərbaycanın səbir kasasının daşdığını qeyd etdi: “Rusiyalı politoloqlar təsadüfi fikir səsləndirmirlər. Təcrübə göstərir ki, bu cür açıqlamalar Rusiyada ictimai rəyin yönəldilməsinə, rəsmi dairələrin mövqeyinin bu qaydada ictimailəşdirilməsinə, Ermənistana müəyyən mesajların göndərilməsinə xidmət edir. Markov vəziyyəti düzgün qiymətləndirir, Azərbaycanın əsas narahatlıqlarını dilə gətirir, eyni zamanda Ermənistanın etməli olduqlarını onların yadına salır. Aydındır ki, Azərbaycan ermənilərin məkrli niyyətlərinin həyata keçməsinə imkan verməyəcək. Fərrux yüksəkliyi ilə bağlı son hadisələr bunu bir daha göstərdi. Əsas məsələ Ermənistanın nə istədiyi deyil, vacib olan Rusiyanın mövqeyidir. Markovun da qeyd etdiyi kimi, Kreml regionda yeni müharibənin başlanmasında maraqlı deyil. Yenidən müharibənin başlanması Rusiyanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin pisləşməsi, sonuncu müttəfiqlərinin itirilməsi demək olardı. Rusiya bunları başa düşür və ehtiyatlı hərəkət edir. Məsələ Azərbaycanın Qarabağın bütün ərazilərində hakimiyyətinin tam bərpa olunması, Naxçıvanla əlaqələrin qurulması üçün Zəngəzur dəhlizinin açılmasından ibarətdir. Azərbaycan bu istiqamətdə işlərini davam etdirir, Rusiya bu prosesə mane olmamalıdır. Məntiq bunu tələb edir. Əgər Rusiya oyun oynayacaqsa, Azərbaycan 3 ildən sonra yox, daha tez sülhməramlıların ”xidməti"ndən imtina edə bilər. Bunun üçün Azərbaycanın gücü və Türkiyə kimi müttəfiqi var".

Cavanşir ABBASLI,

Xudaferin.eu

13:09