Azərbaycan səfiri “The Times” radiosunun suallarını cavablandırıb

Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov Londonda yerləşən və geniş auditoriyaya malik olan “The Times” radiosuna müsahibə verib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, aparıcı Lyusi Fişher ilk olaraq, Laçın-Xankəndi yolunda keçirilən aksiyanın məqsədi barədə maraqlanıb. Səfir Laçın-Xankəndi yolunda ekofəalların aksiyasının əsas tələbinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olduğunu və yolun humanitar məqsədlərlə yox, daha çox mina, silah-sursat daşınması üçün istifadə olunduğunu, həmçinin üçtərəfli razılaşmaya zidd olaraq hələ də Xankəndidə 10 mindən çox erməni hərbçisinin qaldığını bildirib. Aksiya iştirakçıları qətiyyən heç bir təhlükə törətmirlər. Həftə ərzində yüzlərlə maşının həmin yoldan tamamilə maneəsiz keçməsi də heç bir blokada olmamasının bariz sübutudur.

Səfir Süleymanov Ruben Vardanyan kimi təxribatçıların nəinki Qarabağda yaşayan ermənilər, həm də Ermənistan üçün təhlükə daşıdığını bildirib və deyib ki, bunu Ermənistan rəhbərliyi də anlayır. Ermənilər Azərbaycanın dayanıqlı sülhə çağırışlarını müsbət qiymətləndirməli, bu tarixi fürsətdən istifadə etməlidirlər. Doğru addım atacaqları təqdirdə, müstəqilliyinin rəmzi şəkildə elanından 30 il sonra Ermənistan özünün, sözün əsl mənasında, müstəqil dövlət kimi formalaşmasına və dayanıqlı inkişafa başlaya bilər.

Müsahibə ərzində səfir, həmçinin Qarabağda yaşayan ermənilərin sayının 120 min nəfər deyil, təqribən 35 min – 40 min nəfər arasında dəyişdiyini bildirib. Bu, böyük bir fakt olmasa da, Azərbaycana qarşı səslənən fikirlərin nə qədər reallıqdan uzaq və qərəzli olduğunun göstəricisidir.

Daha sonra Azərbaycanın Tehran şəhərindəki səfirliyinə qarşı törədilmiş terror aktı haqda söz açılıb, hadisə qətiyyətlə pislənilib və günahkarların tezliklə cəzalandırılmalı olduğu bildirilib.

Nəticə etibarilə dayanıqlı sülh, regionda nəqliyyat dəhlizlərinin açılması, kommunikasiyaların bərpası Ermənistan və Azərbaycan üçün mühüm olmaqla yanaşı, bütün regionda davamlı inkişafın qarantıdır.

Xudaferin.eu

15:57