Azərbaycan səfiri Hyustonda keçirilən simpoziumda çıxış edib

Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Texas ştatının Hyuston şəhərində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş simpoziumda çıxış edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, səfir Azərbaycanın tarixində və mədəniyyətində qadınların müstəsna roluna toxunaraq, 1918-ci ildə Şərqdə ilk dəfə qadınlara səsvermə hüququ verən ölkə olduğundan, 1901-ci ildə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və səyləri nəticəsində müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin Bakıda fəaliyyətə başladığından və Şərqin dövlətçilik tarixinə adı ilk xanım diplomat kimi daxil olan xanımın məhz Azərbaycan xanımı Sara Xatun olduğundan bəhs edib.

Diplomat ölkəmizin tarixində dərin iz buraxmış xanımlarımızdan biri olan Qarabağ xanlığının sonuncu varisi Xan qızı, Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvan barədə də iştirakçıları məlumatlandırıb. Simpoziumda iştirakçılara Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın simvolu olan xarıbülbül ornamentli hədiyyə təqdim edilib.

Xudaferin.eu


 

15:41