Azərbaycan Parlamentlərarası İttifaqın bütün imkanlarından səmərəli istifadə edir

Sentyabrın ilk ongünlüyündə Vyanada Parlamentlərarası İttifaqın (IPU), Avstriya Parlamentinin Birləşmiş Millətlər Təşkilatı ilə birlikdə təşkil etdiyi Parlament Sədrlərinin V Ümumdünya Konfransı keçirildi. Azərbaycanı konfransda Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil etdi.

Parlamentlərarası İttifaq (İngiliscə IPU) 1889-cu ildə yaradılmış qədim beynəlxalq təşkilatlardan biridir və bu gün 179 parlamenti və 13 assosiativ üzvü birləşdirir. Başqa sözlə, Parlamentlərarası İttifaq dünyanın ən böyük parlamentlərarası platformasıdır.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Nigar Arpadarainin məqaləsində yer alıb.

Məqalədə bildirilir ki, bu platformanın özünəməxsus xüsusiyyəti onun çevikliyidir. Azərbaycan bir sıra regional parlamentlərarası platformalarda iştirak edir və onların hər birinin özünəməxsus xüsusiyyətləri var. Bunun bariz nümunəsi Avropa Şurasının Parlament Assambleyasıdır. Burada Azərbaycan nümayəndə heyəti tez-tez müxtəlif mövzularda qərəz və təzyiqlərlə üzləşməli olur. Səbəb AŞPA-nın bir çox cəhətdən müəyyən bir qrup ölkələrin mənafelərinə xidmət etmək məqsədilə yaradılması və hələ də əsl ümumavropa platformasına çevrilməməsidir. Bu, Azərbaycanın iştirakının əhəmiyyətini azaltmır, əksinə, bu platformada fəal çalışmalıyıq. Əlimizdə olan bütün platformalarda maraqlarımızı fəal şəkildə müdafiə etməyə davam etməliyik.

Bu baxımdan Parlamentlərarası İttifaqın Azərbaycan üçün ilk baxışdan o qədər də aydın olmasa da, əhəmiyyətli bir potensialı var.

Bunu daha aydın təsəvvür etmək üçün başqa bir nümunəyə - Qoşulmama Hərəkatına müraciət edək. Bu təşkilat 20-ci əsrin ortalarında, tamamilə fərqli beynəlxalq şəraitdə və digər məqsədlər üçün yaradılmışdır. Lakin sədrlik Azərbaycana keçdikdən sonra təşkilata ikinci bir nəfəs gətirildi. Və ən əsası, o, 2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycana dəstək oldu. Formatın açıqlığı, təşkilatda böyük dövlətlərin hökmranlığının olmaması Azərbaycana Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı özünün ədalətli mövqeyini daha səmərəli şəkildə bir sıra hökumətlərə çatdırmağa və erməni yalanlarının ölkəmizə zərər gətirməsinə yol verilməməsinə imkan verdi. Bunun arxasında, şübhəsiz ki, bu təşkilatın imkanlarından maksimum istifadə edən Azərbaycan Respublikası Prezidentinin strateji baxışları dayanır.

Parlamentlərarası İttifaq taktiki baxımdan, bənzər bir təşkilatdır və Azərbaycan Respublikası Milli Məclisi sədrinin Konfransda fəal iştirakı, çoxsaylı ikitərəfli görüşləri və çıxışları, buna görə böyük əhəmiyyət daşıyır. Milli Məclisin sədrinin Terrorizmlə Mübarizə üzrə Birinci Qlobal Parlament Sammiti və Qadın parlament sədrlərinin 13-cü Sammitində çıxışları, Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə görüşü, çoxsaylı ikitərəfli görüşlərini xatırlatmaq yerinə düşər.

Onu da qeyd etmək lazımdır ki, Parlament spikerlərinin konfransında çıxış edən Milli Məclisin sədri erməni spikerin səsləndirdiyi əsassız iddiaları rədd edərək Ermənistan tərəfini yeni reallıqları qəbul etməyə və onlarla barışmağa və bölgədə sülh və təhlükəsizliyi təmin etmək üçün 2020-ci ilin noyabrında və 2021-ci ilin yanvarında qəbul edilən üçtərəfli bəyanatların tələblərini yerinə yetirməyə çağırıb.

Dünya parlamentlərində geniş parlamentlərarası ünsiyyətin, dünya parlamentlərində dost və həmfikirlər şəbəkəsinin yaradılması Azərbaycan üçün strateji əhəmiyyətli vəzifələrdən biridir. Unutmamalıyıq ki, müharibədəki qələbədən sonra bizim uğurlarımızı qəbul edə bilməyən tərəflərin sayı azalmayıb, bəlkə də artıb. Bu gün Azərbaycanın artıq heç şübhəsiz regional lider statusuna sahib olması ölkəmiz üçün həm imkanlar, həm də çağırışlar mənbəyidir.

Xudaferin.eu


 

16:17