Azərbaycan muay-tay üzrə dünya çempionatında altı idmançı ilə təmsil olunacaq

Azərbaycan idmançıları Tailandın paytaxtı Banqkokda keçiriləcək muay-tay üzrə dünya çempionatında iştirak edəcəklər.

Bunu Azərbaycan Muay-Tay Federasiyasının baş hakimi Fəxri Əliyev AZƏRTAC-a müsahibəsində bildirib.

İdmançılarımızın digər nüfuzlu yarışlarda da iştirakı barədə məlumat verən F.Əliyev deyib: “Bu gün muay-tay üzrə Bakı çempionatında paytaxtda fəaliyyət göstərən 25 komandadan 150-dək idmançı iştirak edir. Bir aydan sonra bizi Azərbaycan çempionatı gözləyir. Bu yarışı keçirməkdə məqsədimiz yığma komandanın tərkibini müəyyənləşdirməkdir. Çünki qarşıda muay-tay üzrə dünya çempionatı var. Tailandın paytaxtı Banqkokda keçiriləcək çempionatda Azərbaycan altı idmançı ilə təmsil olunacaq. Həmin turnirdə komandamızın uğurla çıxış edəcəyinə inanırıq. Yeniyetmə və gənclərdən ibarət yığma komandamız isə Antalyada keçiriləcək dünya çempionatında iştirak edəcək. Bu yarışda isə komandamız 14 idmançı ilə mübarizə aparacaq”.

Muay-tayın Azərbaycanda sürətlə inkişaf etdiyini deyən F.Əliyev vurğulayıb: “Azərbaycanda əsasən, muay-tayın ifba növünün kütləviliyinin artırılmasına üstünlük veririk. Çünki bu növ gələcəkdə Olimpiya Oyunlarının proqramına salına bilər. Bununla yanaşı, ölkəmizdə peşəkar muay-tay da kifayət qədər inkişaf edib”.

AZƏRTAC

19:10