Azərbaycan-Misir əlaqələrinin 30 illiyi əməkdaşlığın yeni mərhələsinin başlanması ilə əlamətdar olacaq

1992-ci il aprelin 4-də Azərbaycan ilə Misir arasında diplomatik münasibətlərin yaradılmasına dair Protokol imzalanıb. İki dost İslam ölkəsinin 30 il davam edən çoxşaxəli əməkdaşlığı bu günlərdə yeni mərhələyə qədəm qoyur.
Xudaferin.eu AZƏRTAC-a istinadən ölkələrimiz arasında əlaqələrin inkişafı tarixinə qısa nəzər salır.
İki ölkə arasında əlaqələrin möhkəmlənməsi prosesi ulu öndər Heydər Əliyevin 1994-cü ilin sentyabrında Qahirəyə səfəri zamanı o vaxt Misir Prezidenti olan Hüsnü Mübarəklə aparılan müzakirələrdən sonra fəal mərhələyə qədəm qoyub. 2007-ci il mayın 6-8-də Prezident İlham Əliyevin Qahirəyə rəsmi səfəri zamanı imzalanmış sənədlər ikitərəfli əlaqələrin möhkəmlənməsində mühüm rol oynayıb.
Misir-Azərbaycan əlaqələrinin siyasi aspektindən bəhs edərkən iki dost ölkənin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində əməkdaşlığına diqqət yetirmək lazımdır. Rəsmi Qahirə torpaqlarımızın Ermənistan tərəfindən işğalı dövründə ölkəmizin ərazi bütövlüyünü tanıdığını bəyan edib, həmçinin İƏT-in Ermənistanın işğalçı siyasətini pisləyən qərarlarına qoşulub. 1994-cü ilin aprelində rəsmi Qahirə BMT-nin Cenevrədəki İnsan hüquqları Komissiyasının 52-ci sessiyasında Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini dəstəkləyib.
Misir ölkəmizdə keçirilən irimiqyaslı beynəlxalq tədbirlərdə də fəal iştirak edib. Hələ 2007-ci ilin aprelində misirli ictimai-siyasi xadimlər və jurnalistlər Bakıda keçirilmiş “Dözümlülük və qarşılıqlı anlaşmanın inkişafında kütləvi informasiya vasitələrinin rolu” mövzusunda beynəlxalq konfransa qatılıblar. Misir nümayəndə heyətləri 2008-ci ilin iyununda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Heydər Əliyev Fondunun təşəbbüsü, UNESCO və ICESCO-nun dəstəyi ilə keçirilmiş Beynəlxalq Forumda, 2011-ci ilin aprelində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda, Bakı Beynəlxalq Humanitar Forumunda, ötən il ən yüksək səviyyədə təşkil olunmuş Qoşulmama Hərəkatının XVIII Zirvə Toplantısında da fəal iştirak ediblər.
Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin canlanması da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 2002-ci il oktyabrın 3-də Ümummilli Lider 1994-cü il 7 aprel tarixində Qahirə şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Misir Ərəb Respublikası Hökuməti arasında iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş”in icrasını təmin etmək üçün Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Sərəncam imzalayıb. Bundan sonra həmin il oktyabrın 23-25-də Müştərək Komissiyanın birinci iclasının keçirilməsi ilə əlaqədar Komissiyanın Misir tərəfindən olan həmsədri - xarici işlər üzrə dövlət naziri Faizə Əbu ən-Nəcə Bakıda səfərdə olub. Komissiyanın fəaliyyəti nəticəsində Müştərək Komissiyanın protokolu, Azərbaycan Respublikası Hökuməti ilə Misir Ərəb Respublikası Hökuməti arasında investisiyaların qarşılıqlı qorunması və təşviqi haqqında Saziş, Ticarət-Sənaye palataları arasında razılaşma imzalanıb.
Bu il fevralın 25-də Bakıda keçirilən Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclası isə ikitərəfli əməkdaşlığın möhkəmlənməsində yeni mərhələnin əsasını qoyub. İclasın sonunda Azərbaycan ilə Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclasının Protokolu və bir sıra sənədlər imzalanıb. Sənədlərə “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Misir Ərəb Respublikasının Mikro, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi arasında anlaşma memorandumu”, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Misir Ərəb Respublikasının Ticarət və Sənaye Nazirliyi arasında Azərbaycan – Misir Biznes Şurasının yaradılması haqqında anlaşma memorandumu”, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Misirli İş Adamları Assosiasiyası arasında anlaşma memorandumu” və “Azərbaycan Respublikasının “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Misir Ərəb Respublikasının İsgəndəriyyə limanı arasında anlaşma memorandumu” daxildir.
Komissiyanın Misir tərəfindən həmsədri, nazir Rania Al-Maşat Bakıda aparılan müzakirələri və imzalanmış sənədləri yüksək qiymətləndirib. O, Bakıya ikinci səfərinin yekunlarını ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə adlandırıb. Bildirib ki, son 24 ildə Misirin Azərbaycana ixracının həcmi 21,7 faiz artaraq 10 milyard dollara çatıb. Bundan başqa, Süveyş Kanalı Azad İqtisadi Zonası ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında əməkdaşlıq, kiçik və orta sahibkarların əlaqələrinin möhkəmləndirilməsi də nəzərdə tutulur. Ən başlıcası, Misir hesab edir ki, onun Afrikanın qapısı rolunu oynayan ərazisi və ticarət imkanları azərbaycanlı sahibkarların qitənin digər ölkələri ilə daha sıx əməkdaşlığına təkan verə bilər.
Yaxın vaxtlarda həyata keçiriləcək yüksək səviyyəli qarşılıqlı səfərlər iki dost ölkə arasında siyasi əlaqələrin daha da möhkəmlənəcəyini vəd edir.
Oqtay Bayramov

Xudaferin.eu

22:16