Azərbaycan inflyasiyaya təslim oldu: “Cənab nazirlər, soyuducu boşdur”

Azərbaycan bahalaşma və inflyasiya qarşısında diz çökdü. Ölkə iqtisadiyyatı son il yarım ərzində böhrana təslim oldu. Kənd təsərrüfatı məhsullarının qiymətində qeydə alınan artım isə əhalinin ehtiyaclarını çoxaltdı. Bu gün heç də hər ailənin soyuducunda ət, toyuq və s. məhsulları yoxdur. Bu o deməkdir ki, 2011-2012-ci illərlə müqayisədə əhalinin sosial vəziyyəti beş dəfə pisləşib. İnsanlar toya getməyə, təhsil haqlarını ödəməyə, kommunal ödənişləri verməyə imkan tapmır. Hökumətin iqtisadi idarəçiliyi və neftdən asılılıq ölkəni bataqlığa sürüklədi. Nəticədə2016-cı ildə Azərbaycanda orta illik inflyasiya Avropadan 10,8 dəfə çox olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, inflyasiya 12,4% təşkil edibsə, Avropa zonasında bu rəqəm cəmi 1,14%-dir. Ərzaq üzrə inflyasiya 13,3 dəfə çox olub. Komitənin məlumatına görə, Azərbaycanda ərzaq məhsulları 14,7% bahalaşıb, Avropa statistikası isə Avropada bir faizlik inflyasiya olduğunu deyir. Deputatlar, nazirlər tək-tək vətəndaşların evlərini gəzib acı mənzərinin şahidi ola bilər. Soyuducular bomboş, qəndqabıları konfetə həsrət, meyvə qablarına həftələrlə alma, narıngi, portağal və s qoyulmur.
Hazırda sümüklü ət 9, 80 manat, sümüksüz ət 12, 20 manat, toyuq 5, 50 manat civarında, kənd yumurtası isə 30 qəpikdən ucuz deyil. Bu isə ölkədə yoxsullaşmanı daha da artıracaq, evinə ət və toyuq almaq istəyənlərin sayını kəskin şəkildə azaldacaq. Turan agentliyinin hesablamalarına görə isə 2016-cı ildə istehlak səbətində 30 növ əsas ərzaq məhsulu üzrə qiymət artımı 18% təşkil edib, ən mühüm məhsullar üzrə isə qiymətlər 22%-dən 100%-ə qədər qalxıb. Mal əti 42,8%, qoyun əti 22,2%, toyuq əti 25,9%, kərə yağı 42,1%, qarğıdalı yağı 44%, marqarin 33,3%, yumurta 30,7%, şəkər tozu 66,6%, qənd 33,3%, duz 28,5%, düyü 38%, xama 22,2%, kartof 33,3%, baş soğan 30%, xiyar 100%, pomidor 94,4% bahalaşıb. Avropa İttifaqında inflyasiyanın səviyyəsi son 20 ildə illik 2% həddində dəyişir. Ən yüksək artış 2007-ci ildə qeydə alınıb - 3,2%. 2016-cı ildə Avropa zonası inflyasiya səviyyəsinə görə Yunanıstan, Yaponiya və Fransadan sonra dünyada dördüncü yeri tutur.

 

TURAN İA

10:44