Azərbaycan ilk dəfə Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib

ABŞ-ın paytaxtında “Culturfied” Fondunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Uşaq Festivalında Azərbaycan bu il ilk dəfə olaraq iştirak edib. ABŞ-ın əsas mədəni və iqtisadi tədbirlərinin keçirildiyi məkan olan Ronald Reyqan Beynəlxaq Ticarət Mərkəzində keçirilən festivala Vaşinqton şəhərinin sakinləri, o cümlədən ABŞ-ın müxtəlif ştatlarından gələn insanlar qatılıb.

 

Azərbaycan festivalda ABŞ-ın Bruklin (Nyu-York) şəhərində fəaliyyət göstərən My Way mərkəzinin “Qafqaz Ritm” (My Way Center Rhythms of Caucasus NYC) adlı uşaq rəqs qrupu ilə təmsil olunub.

 

Festivalı açıq elan edən “Culturfied” Fondunun prezidenti Mele Melton ictimaiyyət üçün açıq olan tədbirin əsas məqsədinin müxtəlif ölkələrin coğrafiyası, zəngin mədəni irsi, onların adət-ənənələrinin  öyrənilməsindən ibarət olduğunu qeyd edib.

 

Daha sonra Vaşinqton şəhərinin meri Muriel Bouser çıxış edərək, Vaşinqtonun müxtəlif mədəniyyətləri özündə birləşdirən, onlara hörmət edilməsini təşviq edən bir şəhər olmasından qürur duyduğunu bildirib. Muriel Bouser 29 aprel tarixini Vaşinqton şəhərində “Beynəlxalq Uşaq Festivalı Günü” elan edərək şəhər sakinlərini bu bayramı birlikdə qeyd etməyə çağırıb. Festivalda ABŞ-da akkreditə olunmuş 20-dən çox ölkənin səfirliklərinin xətti ilə uşaqlar tərəfindən həmin ölkələrin milli musiqiləri, rəqsləri ifa olunmuş, iştirakçı ölkələrin incəsənət nümunələri nümayiş olunub, milli mətbəxi təqdim olunub.

 

“Qafqaz Ritm” rəqs qrupunun ifasında təqdim olunmuş “Azərbaycan”, “Yallı” və “Salam” rəqsləri izləyicilər tərəfindən xüsusi maraqla qarşılanıb, sürəkli alqışlarla təqdir olunub. Festivalda Azərbaycanla yanaşı Anqola, İsveç, Boliviya, Türkiyə, Dominikan, Misir, Salvador,  Misir, Haiti, İndoneziya, Keniya, Litva, Monqolustan, Panama, Filippin, Qətər, Ruanda, Səudiyyə Ərəbistanı, Sudan, və Uruqvay iştirak edib.


 


 

09:53