Azərbaycan ilə Çin arasında hərbi sahədə əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikası (ÇXR) Qərb zona komandanı, general-polkovnik Çao Conçi ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, general-polkovnik Ç.Conçi ikitərəfli hərbi əlaqələrin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. O, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində ölkələrimizin əməkdaşlığı üçün yeni imkanların yarandığını və Azərbaycanın da bu strategiyaya verdiyi böyük dəstəyi məmnunluqla qeyd edib.

General-polkovnik Z.Həsənov Azərbaycan ilə Çin arasında dostluq münasibətlərinin dərin köklərə malik olduğunu vurğulayıb. Müdafiə naziri Çinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə görə Çin tərəfinə təşəkkürünü bildirib. General-polkovnik Z.Həsənov xüsusi qeyd edib ki, Azərbaycan da Çinin “Vahid Çin” siyasətinə hörmətlə yanaşır, bu konsepsiyanı dəstəkləyir və beynəlxalq aləmdə ÇXR-i təmsil edən təşkilatları tanıyır.

Dostluq və qarşılıqlı etimad şəraitində keçirilən görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə də əməkdaşlığın inkişaf perspektivləri ətraflı müzakirə edilib.

AZƏRTAC

13:10