Azərbaycan gənc şairəsini itirdi

Güney Azərbaycan çağdaş ədəbiyyatının ünlü gənc şairi Elmira Kərimi gözlənilmədən dünyasını dəyişib. O, 1984-cü il 26 fevral tarixində Səlmas şəhərində anadan olmuşdu. Güney Azərbaycanın Həmədan Universitetinin Kitabxanaçılıq fakültəsini bitirmişdi.   Erkən yaşlarından poeziya aləminə bağlı olan Elmira Kərimi ana dilində şeirləri ilə öncə yaxın dostlarının diqqətini çəkmişdi. Yaradıcılığının əsas mövzuları qadın hüquqsuzluğu və dünya hadisələrilə insan varlığını qarşılaşdırması idi. O, duyğulu baxışını incə dillə əks etdirirdi.  

Yasaq bir yaşam,
Qutsal bir torpaq,
Fərq etməz n haralı olursan ol.
Dünya sadəcə kişilərin beyinlərində qurulur,
O zaman qadın olmaq böyük bir savaş Tanrıyla!

Amma Elmira Kərimi Tanrıyla deyil, onu yaxalayan xərçənglə mübarizə aparmalı oldu. Güney Azərbaycan çağdaş ədəbiyyatının yeni üslubda yazan, 32 yaşında dünyasını dəyişən gənc türk şairəsi Elmira Kəhiminin son şeiri bu idi:

Bizdən sonra dünya necə olacaq?
Heç bilmirəm günəş hər səhər doğacaq yenidən?
Yaşamla doludur hər yer,
Bir tək bizik qaranlıqlar içində.
Dərin bir yuxuya gömülüb
Unudulmağa tapşırılacağıq həyatın içində.

Məzarın cənnətlik olsun çox dəyərli şairəmiz. Bir zamanlar Mərziyə Üskülü Dalğa da çox erkən, elə sənin yaşında dünyasını dəyişmişdi. Sən də onun kimi, cəmiyyətin sorunları qarşısında baş əymədin. Şeirlərinlə, ruhunla, duyğularınla mücadilə apardın. Neçə-neçə soydaşımızın dünyasında fikirlərinlə böyük bir qala qurdun. Elə səni ölümsüzləşdirən də məhz budur.

Xudaferin.eu   

13:10