Azərbaycan döyüş meydanındakı inamlı qələbələrini diplomatik müstəvidə də davam etdirir - Siyasi şərhçi

Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən növbəti görüşündə iki ölkə arasında imzalanacaq sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiya və bir sıra humanitar məsələlər nəzərdən keçirilib. Şarl Mişelin görüş sonrası bəyanatından məlum olur ki, görüşdə sözügedən məsələlərlə bağlı müəyyən pozitiv nüanslar nəzərə çarpsa da, konkret razılaşmalar əldə edilməyib.

Bunu AZƏRTAC-a açıqlamasında "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

Tədricən ənənəyə çevrilməkdə olan Brüssel formatının bir sıra maraqlı məqamlarla yadda qaldığını vurğulayan F.Şahbazlı əlavə edib: “Brüssel görüşünün indiki üçtərəfli formatda – yəni Şarl Mişelin iştirakı ilə keçirilməsi Azərbaycanın tələbi ilə baş tutub. Ermənistan tərəfinin Fransa Prezidenti Emmanuel Makronu çox ciddi-cəhdlə tərəf müqabili etmək həvəsi bu dəfə də ürəyində qalıb. Yəni, Azərbaycan ermənilərin diriltmək istədiyi “Minsk qrupu”nu “basdırdığı” kimi, onların “Fransa həvəsi”ni də birdəfəlik dəfn edib. Görünür gələcəkdə də belə olacaq. Çünki tərəflərin noyabrın sonuna qədər bu formatda bir daha görüşmək barədə razılığa gəlməsi Şarl Mişelin bəyanatında əksini tapıb. Müzakirə olunan məsələlərdən açıq-aydın görünür ki, Brüssel görüşlərinin gündəliyini Azərbaycan tərəfi müəyyənləşdirir. Yəni, sülh sazişi, sərhəd məsələləri və kommunikasiyaların açılması bu gün Azərbaycanın Ermənistanla münasibətlərində önəm verdiyi əsas problemlərdir. Ermənistanın ətrafında hay-küy qaldırdığı “Laçın dəhlizi”, “Qarabağda humanitar böhran”, “blokada” kimi uydurmaların isə görüş təşkilatçılarının marağında olmadığı göz qabağındadır”.

Siyasi şərhçi diqqətə çatdırıb ki, humanitar məsələlərin, konkret olaraq bu yaxınlarda azaraq ermənilərə əsir düşmüş azərbaycanlı əsgərlərin qaytarılması məsələsinin görüşün gündəliyinə salınması, onların “ikinin ikiyə” dəyişdirilməsinin müzakirəsi də şəksiz, Azərbaycanın tələbi ilə baş verib. Çünki bu tələblər tam hüquqi, beynəlxalq müqavilələrə və konvensiyaların ruhuna tam uyğundur. Eyni zamanda, onların geri çevrilməsi üçün heç bir əsas yoxdur.

“Bütövlükdə, siyasi proseslərin gedişatı göstərir ki, Azərbaycan döyüş meydanındakı inamlı qələbələrini diplomatik müstəvidə də davam etdirir və möhkəmləndirir. Ermənistanın baş naziri Paşinyan da bunu başa düşür. Lakin daxili auditoriyanın ciddi təzyiqi altında olan Paşinyan hələ ki, siyasi manevrlərlə, sərhəddə təxribatlar törətməklə prosesləri bir qədər ləngitməyə, istiqamətini dəyişməyə və müxtəlif yollarla vaxt udmağa çalışır. Vaxt isə yoxdur və ermənilər artıq bu reallığı dərk etməlidirlər”, - deyə Fərid Şahbazlı vurğulayıb.

Xudaferin.eu

16:24