Azərbaycan Diasporuna Dəstək Fondu ilə “Sabir” Beynəlxalq Fondu arasında memorandum imzalanıb

Azərbaycan Diasporuna Dəstək Fondu ilə Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “Sabir” Beynəlxalq Fondu (“Sabir” İnternational Foundation) arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.
Azərbaycan Diasporuna Dəstək Fondundan AZƏRTAC-a verilən məlumata görə, memorandumun məqsədi Azərbaycan Respublikasının və ABŞ-ın qanunvericiliyinə uyğun olaraq bu ölkədə yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının həyata keçirilməsinə, Azərbaycan həqiqətlərinin dünyaya bəyan edilməsi istiqamətində orada yaşayan azərbaycanlılara, onların yaratdıqları və dost ölkələrin diaspor təşkilatlarının fəaliyyətinə qarşılıqlı dəstəyin göstərilməsidir.
Sənəddə ABŞ-da yaşayan həmvətənlərimizin azərbaycançılıq məfkurəsi ətrafında daha sıx birləşməsi, orada yaşayan azərbaycanlılar və diaspor təşkilatları ilə əlaqələrin daha da genişləndirilməsi məsələləri öz əksini tapıb.
Azərbaycan Diasporuna Dəstək Fondu ilə “Sabir” Beynəlxalq Fondu ABŞ-da Azərbaycan diasporunun inkişafı, diaspor üzvlərinin professionallığının artırılması və mütəşəkkilliyinin möhkəmlənməsi, habelə ABŞ-dan və Azərbaycandan olan şagirdlərin mübadilə proqramlarının təşkili istiqamətində birgə layihələrin həyata keçirilməsi barədə razılığa gəliblər. Həmçinin tərəflər Azərbaycanın mədəniyyətinin və tarixinin təbliğinə yönəlmiş birgə layihələr həyata keçirəcəklər.
Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “Sabir” Beynəlxalq Fondunun rəhbəri Azərbaycanın tanınmış jurnalisti, dahi şairimiz Mirzə Ələkbər Sabirin nəvəsi Gündüz Tahirlidir.

Xudaferin.eu

14:19