Azərbaycan diasporun rəhbəri və xalq artisti ermənilərin anım tədbirinə qatılıblar

 

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevin Ukrayna Erməniləri Milli Konqresinin sədri Aşot Avanesyanın dəvəti ilə 24 apreldə uydurma erməni soyqırımı ilə bağlı keçirilən anım mərasiminə qatılıb. R.Tağıyevlə birgə tədbirdə Ukrayna xalq artisti adını almış azərbaycanlı Qurban Abbasov da iştirak edib.

Bu barədə Ukraynada fəaliyyət göstərən diaspor nümayəndələrindən biri adının çəkilməməsi şərti ilə bilgi bildirib. Mənbə həmin tədbirdə çəkilmiş foto görüntüləri də göndərib və bununla yanaşı, həm də sosial şəbəkələrdə paylaşıb.

"Qondarma erməni soyqırımı ilə bağlı keçirilən anım mərasimində iştirak etdiklərinə görə onlara sərt reaksiya göstərən azərbaycanlıları Rövşən Tağıyev "ictimai fahişə” adlandırıb. Onu da bildirim ki, R.Tağıyevin ötən ilin sonunda da ermənilərlə birgə yeni il şənliyinə qatılması fotoları mətbuatda yayılaraq Ukraynada azərbaycanlıların sərt tənqidinə tuş gəlmişdi. O isə mətbuata açıqlama verərək bunu vecinə almadığını, Aşot Avanesyanla yaxından dost olduğunu bildirdi. Hətta mətbuatdakı dostları vasitəsi A.Avanesyanın adından Azərbaycanın ərazi bütövlüyü ilə bağlı açıqlama yaydırdı. Az keçməmiş Avanesyan bu fikirləri təkzib edərək, separatçı Dağlıq Qarabağı dəstəklədi. Bu R.Tağıyevin timsalında Azərbaycan diasporunun imicinə zərbə oldu”,-deyə mənbə bildirib.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev iddialara cavab vermək istəməyib. Qeyd edək ki, Rövşən Tağıyevin ermənilərlə işbirliyi, dostluq əlaqələri ilə bağlı mətbuatda materiallar yayılıb.
Qeyd edək ki, Rövşən Tağıyevin bu addımı nə birinci, nə də sonuncudur. O, dəfələrlə ermənilərin mərasimlərində “şərəfli qonaq” statusu ilə könüllü şəkildə iştirak edib. Bu barədə nəinki Ukraynada, hətta Azərbaycanda da ətraflı informasiyalar, video görüntülər və digər mühüm sənədlər yayılıb. Bütün bunlara rəğmən Rövşən Tağıyev bu gün də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun ən sevimli kadrlarından biri sayılır. 
 

Xudaferin.eu
Ukrayna, “Kiyev Bürosu”

10:39