Azərbaycan daşıdığı yüksək dəyərləri Prezident İlham Əliyevin sayəsində qlobal müstəviyə çıxarır - RƏY

Birləşmiş Ərəb Əmirlikləri iqtisadi potensialına görə, təkcə Ərəbistan yarımadasının deyil, bütövlükdə Yaxın Şərqin lider dövlətlərindəndir. BƏƏ-nin Ümumdaxili Məhsulun (ÜDM) həcminə görə dünya dövlətləri arasında yeddinci yerdə olması, iqtisadiyyatının sürətlə böyüməsi, dünyanın ən önəmli biznes mərkəzlərindən biri kimi qlobal iqtisadi proseslərdəki rolunun getdikcə daha da güclənməsi, bu ölkənin beynəlxalq iqtisadi-siyasi proseslərdəki rolunu daha da artırır. BƏƏ-ni Azərbaycan üçün cazibədar edən amillərdən biri də sözügedən ölkənin iqtisadi inkişaf modeli ilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatların mahiyyətinin uzlaşması, logistika, yaşıl enerji, enerji və nəqliyyat dəhlizlərinin diversifikasiyası istiqamətində gerçəkləşdirilən layihələr arasında paralellərin olmasıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəylinin sözlərinə görə, qarşılıqlı münasibətlərin mövcud vəziyyətini və inkişaf perspektivlərini nəzərdən keçirərkən, BƏƏ-nin Azərbaycanın ərazi bütövlüyünə münasibətdə hər zaman prinsipial mövqe sərgilədiyini, BMT, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təsisatlarda ölkəmizin ədalətli mövqeyini müdafiə etməsini, 44 günlük müharibədə ölkəmizə verdiyi dəstəyi, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq-bərpa işlərində BƏƏ şirkətlərinin iştirakını və digər bu kimi mühüm məqamları da xüsusi qeyd etmək lazımdır. Siyasi ekspert bildirib ki, Azərbaycan isə BƏƏ üçün Avropa və Mərkəzi Asiya regionunda, enerji və nəqliyyat dəhlizlərinin qovşağında mühüm geostrateji mövqeyə sahib olan bir ölkə kimi önəmli tərəfdaşdır və qarşılıqlı münasibətlər yüksələn xətt üzrə inkişaf etməkdədir. “Qeyd edim ki, indiyədək Azərbaycanla BƏƏ arasında iqtisadiyyat, ticarət, sərmayələrin qoyulması, səhiyyə, mədəniyyət və digər sahələrdə əməkdaşlığa dair 30-dan çox sənəd imzalanıb. Azərbaycanda bilavasitə Birləşmiş Ərəb Əmirliklərinin investisiyası ilə 233 şirkət fəaliyyət göstərir. Ötən bir il ərzində ölkələrimiz arasındakı ticarət dövriyyəsi 2,5 dəfə artıb. O cümlədən BƏƏ şirkətlərinin Azərbaycana yatırdıqları investisiyalar da artmaqdadır və hazırda iki ölkə arasında yaşıl enerji sahəsində çoxmilyardlı layihələrin həyata keçirilməsi üzərində iş gedir. Şübhəsiz ki, qarşılıqlı münasibətlərinin mövcud səviyyəyə yüksəlməsində Prezident İlham Əliyevin BƏƏ də daxil olmaqla Ərəb Liqasına üzv ölkələrlə əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin müstəsna rolu var. Şübhə etmirəm ki, Azərbaycan Prezidentinin BƏƏ-yə işgüzar səfəri qarşılıqlı əlaqələrin inkişafına böyük töhfə verəcək, ölkəmizə sərmayələrin cəlb edilməsi istiqamətində atılan addımları daha da sürətləndiriəcək”, - deyə E.Mirzəbəyli qeyd edib.

Siyasi ekspert diqqətə çatdırıb ki, Əbu-Dabidə keçirilən Davamlılıq Həftəsi bu ilin noyabr-dekabr aylarında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransı (COP28) ərəfəsində davamlı inkişafın əsas prioritetlərinə yönəlmiş bir sıra yüksək səviyyəli sessiyaları əhatə edir. Bu xüsusda, Prezident İlham Əliyevin sözügedən tədbirə dəvət alması, qlobal əhəmiyyət kəsb edən istiqamətləri əhatə edən məsələlərlə bağlı nitq söyləməsi, şübhəsiz ki, dövlətimizin başçısına, bütövlükdə isə ölkəmizə olan yüksək etimadlı münasibətin növbəti göstəricisi kimi qiymətləndirilməlidir.

“Azərbaycan qlobal məsuliyyətini yüksək səviyyədə dərk etdiyini əməli addımlarla nümayiş etdirən, bəşəriyyəti narahat edən çağırışlara qarşı birgə mübarizəni, humanizm prinsiplərini təşviq edən bir ölkə kimi beynəlxalq münasibətlər sistemindəki mövqeyini getdikcə daha da gücləndirməkdədir. Bu isə öz növbəsində dövlətimizin başçısının yalnız Azərbaycanın deyil, bütövlükdə bəşəriyyətin gələcəyinə münasibətdə aydın baxış bucağına malik olduğunu göstərir. Azərbaycan daşıdığı yüksək dəyərləri Prezident İlham Əliyevin liderliyi sayəsində qlobal müstəviyə çıxarır və ölkəmizin timsalında qlobal məsuliyyətliliyin yeni nümunəsini yaradır.

Xudaferin.eu

16:24