Azərbaycan da gözləyir: Neft ölkələri üçün kritik görüş

 

Zəfər Vəliyev: “OPEC neft bazarları uğrunda mübarizədə hibrid taktikaya keçib”

OPEC, iyun ayında başa çatacaq istehsalın azaldılması müqaviləsinin uzadılıb-uzadılmamasını müzakirə etmək üçün mayın 25-də Vyanada toplantı keçirəcək. Analitiklər bildirirlər ki, OPEC-in və digər mühüm istehsalçıların hasilatlarını azaltmaları qlobal ehtiyatların azalmasına ciddi təsir etmir. Bazar tarazlıq vəziyyətindən əvvəl təxmin ediləndən daha uzaqda görünür. Neft 40 dollardan da aşağı düşə bilər. Ehtimal olunur ki, OPEC-in hasilat həcmlərinin azaldılması ilə bağlı verdiyi qərar qüvvədə qalacaq. Hazırda dünya bazarında neftin qiymətinin 50 dollardan aşağı düşüb. ABŞ-da hasilatın artması, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və aralarında Rusiyanın da olduğu digər istehsalçıların səylərini təsirsiz edir. Bununla əlaqədar olaraq neft kəskin düşdü. Ekspertlər hesab edirlər ki, OPEC ölkələri neftin qiymətinin 55-60 dollar səviyyəsinə çatması üçün daha kəskin qərar qəbul edərək hasilatın yenidən azaldılması haqqında qərar qəbul edəcək.

İqtisadiyyatı neftdən asılı olan Azərbaycan kimi ölkələrə OPEC-in qəbul etdiyi qərarın necə təsir edəcəyi sual doğurur. Onu da nəzərə alaq ki, Azərbaycanın ixrac potensialı digər OPEC ölkələrinə nisbətən daha aşağıdır. Məhz bu amil Azərbaycanın neft gəlirlərinə kifayət qədər mənfi təsir edir. Bu baxımdan hesab olunur ki, OPEC ölkələrinin növbəti toplantısında alınacaq hər hansı bir qərarın Azərbaycan iqtisadiyyatına ciddi təsiri gözlənilmir. Azərbaycan neft hasilatını nə qədər artırsa da, bu, dünya bazarında mövcud qiymətlərə təsir imkanına malik deyil. Hazırda dünyanın neft bazarına təsir edən əsas amil ABŞ administrasiyasının neft haqqında verdiyi qərarlardan asılıdır. Qeyd edək ki, ABŞ uzun müddətdir Sakit Okeanda olan neft yataqlarından hasilata qadağa tətbiq etmişdi. Ancaq Tramp bu qərarın dəyişdirilməsi və həmin yataqların aktiv fəaliyyətə başlaması haqqında Konqresə layihə təqdim edib. Beynəlxalq analitiklər bu təklifin Konqresdə qəbul olunacağını və bunun neft qiymətlərinə ciddi şəkildə təsir edəcəyini bildirir. Neft qiymətlərinin kəskin şəkildə ucuzlaşacağı istisna edilsə də, qiymətlərin 45-49 dollar koridorunda dəyişəcəyi gözlənilir. Qeyd edək ki, bu, 2017-ci ilin sonuna qədər verilən proqnozdur. Hesab olunur ki, dünya güclərinin geosiyasi maraqları müharibə həddinə çatmazsa, neft qiymətləri növbəti illərdə də bu qiymət koridorunda dəyişəcək.

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib ki, son bir həftə ərzində neft bazarlarının depressiya vəziyyətinə düşməsinin və qiymətin “təslim” nöqtəsinə yaxınlaşmasının başlıca səbəbi OPEC+11 sazişinin effektivliyinin olmaması ilə bağlıdır: “Baxmayaraq ki, keçən ilin noyabr və dekabr ayının əvvəlində Vyanada imzalanmış OPEC+11 paktına ümidlər böyük idi. Ekspertlər hesab edirdilər ki, sazişin 6 aylıq icra dövründə dünya üzrə gündəlik normadan artıq 400.000 barel neft həcmləri real dövriyyədən silinəcək və tarazlıq bərpa olunacaq. Lakin gözləntilərin əksinə olaraq Vyana sazişinin icrasının başa çatmasına az bir dövrün qalmasına baxmayaraq neft bazarları növbəti böhranla üz-üzə qaldı. OPEC rəhbərliyi Vyana sazişinin tələblərinin yerinə yetirildiyini bəyan edir”.

 

Vyana paktının öz effektivliyini verməməsinin səbəbi nədir?

Ekspert qeyd edib ki, nədənsə OPEC+11 sazişinin iştirakçıları bu səbəbi dilə gətirməkdən yayınırlar: “Başlıca səbəb bazarlar uğrunda mübarizənin davam etməsi və rəqabətin daha da kəskinləşməsidir. Deməli, OPEC neft bazarları uğrunda mübarizədə hibrid taktikaya keçib. Bunun açması ondan ibarətdir ki, Vyana paktının iştirakçıları sazişin şərtlərinə formal əməl ediblər və sazişin icrası dövründə eksport həcmilərini azaltmayıblar. Hətta neft bazarları uğrunda mübarizədə özlərinin kommersiya ehtiyatlarından da istifadə ediblər. Müstəqil mənbələrin statistik göstəricilərinə nəzər salsaq, aydın olur ki, Vyana sazişinin aparıcı iştirakçıları 2017-ci ilin ilk kvartalında ixrac həcmilərini azaltmayıblar, əksinə artırıblar. Məsələn, Beynəlxalq Enerji Agentliyinin məlumatına görə 2017-ci ilin yanvar-aprel ayları ərzində OPEC-in gündəlik neft hasilatı 1,4 milyon barel azalıb və eyni zamanda gündəlik ixrac həcmilərində 0,9 milyon barel azalma baş verib. Lakin elə həmin dövrdə Asiya bazarlarının potensial neft istehlakçıları hesab edilən Çin, Yaponiya, Cənubi Koreya və Sinqapur 2017-ci ilin yanvar-mart ayları ərzində gündəlik idxal həcmlərini 2016-cı ilin 4-cü kvartalı ilə müqayisədə daha 1 milyon barel artırıblar. Ona görə də, OPEC+11 sazişinin icrası dövründə dünya üzrə neft rezervləri üzərinə əlavə 275 milyon barel neft həcmiləri əlavə olunub. Digər bir məlumata görə yanvar-aprel ayları ərzində dünyanın bütün dəniz limanlarına OPEC neftinin tanker tədarükü gündəlik 0,7 milyon barel artıb. Deməli, gündəlik hasilat və ixrac həcmiləri arasında olan fərqdən tam aydın olur ki, OPEC və digər müstəqil hasilatçı ölkələr bazar uğrunda mübarizədə Vyana sazişini təhdid altına alan hərəkətlərə yol veriblər. Ona görə də, fondlar gözlənilən böhranı nəzərə alaraq aprel ayında aktivlərində olan forvard kontraktların satışına başlayıb. Bu, həm WTİ, həm də Brent etalon markalı nefti əhatə edir. Bu isə bazara əlavə neft həcmilərinin daxil olması deməkdir”.

Zəfər Vəliyevin sözlərinə görə dövriyyədə olan virtual neft həcmiləri faktiki fiziki neft həcmilərində bir neçə dəfə çoxdur: “Lakin fakt ondan ibarətdir ki, füçers kontraktlarının və neft opsionlarının real bazara təsiri çox böyükdür. Belə olan təqdirdə OPEC və 11 müstəqil neft hasilatçısı olan ölkələrin sazişin müddətini 6 ay və ya daha çox uzatmaqdan başqa yolu yoxdur. Atılacaq addımın isə ilin sonuna kimi çətin ki, ciddi effekti olsun. Çünki ABŞ-da durmadan artan qazma aktivliyi, Liviya və Nigeriyada hasilat həcmilərinin artması və ən əsası bazarlar uğrunda ciddi rəqabətin və satış proqramlarında discaunt (endirim) siyasəti neftin qiymətini davamlı təhdid altına alacaq”.

Yeganə Oqtayqızı

Cebhe.info

 

09:28