Azərbaycan bölgədə sülhün təmin olunması üçün öz qətiyyətli siyasətini davam etdirəcək

Ölkəmizin xarici siyasətində beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq mühüm yer tutur. Milli maraqlara söykənən xarici siyasət kursu nəticəsində Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş qismində qəbul olunmaqdadır. Ölkəmiz üzvü olduğu beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirak edir, təşkilatdaxili münasibətlərin daha da genişlənməsinə, əməkdaşlığın inkişaf etdirilməsinə töhfələrini verir. Bu mənada, ölkəmizin hazırda sədri olduğu Qoşulmama Hərəkatına üzv dövlətlər ilə münasibətləri yüksək səviyyədədir. Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxışı zamanı bu beynəlxalq platforma çərçivəsində əməkdaşlığın əhəmiyyətini xüsusi vurğuladı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva səsləndirib.

2011-ci ilin may ayında Qoşulmama Hərəkatına üzv seçildikdən sonra Azərbaycanın təşkilatın işində daim fəal iştirak etdiyini diqqətə çatdıran deputat deyib: “Məhz bu fəallığın nəticəsidir ki, Azərbaycan 2019-cu ilin oktyabrında Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə görüşünə ev sahibliyi edib. BMT-nin 120 üzv dövlətinin yüksək səviyyəli nümayəndələrinin, o cümlədən 42 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Hərəkata sədrlik 2019-2022-ci illər üzrə ölkəmizə keçib. Azərbaycanın 3 il müddətinə bu təşkilata sədr seçilməsi, şübhəsiz ki, diplomatiyamızın növbəti qələbəsi idi. Daha sonra ölkəmizin təşkilata sədrliyi bir il də uzadılıb. Qoşulmama Hərəkatının sədri, Prezident İlham Əliyev Azərbaycanın sədrlik zamanı öz prioritetlərini və fəaliyyətini bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən tarixi Bandunq prinsipləri üzərində quracağını bildirmişdi. Dövlətimizin başçısı Azərbaycanın sədrlik dövründə Hərəkat üzvlərinin maraqlarını müdafiə edəcəyini, digər təsisatlarla dialoq quracağını və inkişaf etdirəcəyini bəyan etmişdi. Dövlətimiz Qoşulmama Hərəkatının sədri kimi öz üzərinə düşən vəzifələri uğurla yerinə yetirir”.

Deputatın sözlərinə görə, Azərbaycanın təşkilata rəhbərliyinin böyük hissəsi COVID-19 pandemiyası dövrünə təsadüf edib. Pandemiya ilə bağlı Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib və həmin təşəbbüslər beynəlxalq birlik tərəfindən dəstəklənib. Bunun nəticəsi olaraq BMT Baş Assambleyasında bir sıra sənədlər qəbul olunub. Bakıda keçirilən nazirlər görüşündə çıxışı zamanı Prezident İlham Əliyevin dediyi kimi, beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, misli görünməmiş bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu.

Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının da yaradıldığını bildirən S.Fətəliyeva qeyd edib ki, hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində iş gedir. Dövlətimizin başçısı çıxışında Azərbaycanın neokolonializm meyillərinin artmasından da narahat olduğunu bildirib. Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir. Dövlətimizin başçısının söylədiyi kimi, neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransa müstəmləkə siyasətinə son qoymalı və Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir.

“Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə regionumuzda vəziyyət barədə də öz fikirlərini bildirdi. Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqlarının mövcud olduğunu bildirən dövlətimizin başçısı sülh və təhlükəsizlik naminə onların tərk-silah edilərək Qarabağ bölgəsindən tamamilə çıxmalı olduğunu diqqətə çatdırdı. Ermənistanın, həmçinin Zəngəzur dəhlizinin açılmasına mane olduğu da qeyd edildi və bütün bunların isə regionumuzda sülhün və təhlükəsizliyin təmin olunmasının qarşısını aldığı bildirildi. Azərbaycan bölgədə sülhün təmin olunması üçün öz qətiyyətli siyasətini davam etdirəcək və bu prosesdə beynəlxalq platformaların imkanlarından istifadə edəcək”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.

Xudaferin.eu

15:58