Azərbaycan alimləri beynəlxalq elmi konfransda Xocalı soyqırımının mahiyyətindən danışıblar

Fransanın Nitsa şəhərində AMEA-nın Fəlsəfə İnstitutunun və Nice Sophia Antipolis Universitetinin birgə təşkilatçılığı ilə “Bərabərlik: fəlsəfədən hüquqa” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Fəlsəfə İnstitutundan AZƏRTAC-a bildirilib ki, tədbirdə bir neçə dövlətin filosofları və hüquqşünas alimləri iştirak ediblər.

“Hüquq fəlsəfəsində əxlaq, ədalət və mədəniyyət problemləri” mövzusunda məruzə ilə çıxış edən Fəlsəfə İnstitutunun direktoru, Nice Sophia Antipolis Universitetinin fəxri doktoru, professor İlham Məmmədzadə əxlaqın, ədalətin və davranış mədəniyyətinin fəlsəfi mahiyyətindən söhbət açıb, cəmiyyətin inkişafının hazırkı mərhələsində bu kateqoriyaların insanlar arasında bərabərliyin təmin olunmasında xüsusi əhəmiyyətini vurğulayıb. O, beynəlxalq münasibətlərdə bərabərlik problemlərinə toxunaraq, Xocalı soyqırımının mahiyyətindən danışıb, ermənilərin Xocalı şəhərində törətdiyi kütləvi qırğını və bu qırğına münasibətdə ikili standartların mövcudluğunu bərabərlik hüququnun pozulmasının xarakterik nümunəsi kimi qiymətləndirib.

“Yaşamaq hüququ: fəlsəfi mahiyyət və hüquqi problemlər” mövzusunda məruzə edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, hüquq üzrə elmlər doktoru, Nice Sophia Antipolis Universitetinin fəxri doktoru İsaxan Vəliyev bütün digər insan hüquqlarının yaşamaq hüququndan törəndiyini nəzəri cəhətdən əsaslandıraraq, bu hüququn hər cür pozulmasına görə məsuliyyət məsələlərinə toxunub. O qeyd edib ki, müasir dünyada baş verən proseslər, bir sıra güc dövlətlərinin dünyanın yenidən bölüşdürülməsi iddiasına düşməsi, zəif inkişaf etmiş dövlətlərin təbii sərvətlərinin ələ keçirilməsi uğrunda silahlı münaqişələrdə insanların bərabərlik və yaşamaq hüququna əhəmiyyət verilməməsi siyasi müstəvidə adi hala çevrilib və bu vəziyyət bir sıra hüquqi məsələlərin ənənəvi həllinə yeni münasibət tələb etməkdədir. Əks təqdirdə, yaşamaq şansının reallaşmasına imkan verən vasitələrdən istifadə etməklə həyatda qalmaq istəyi gündəlik həyatımızda daha çox müşahidə olunan hala çevriləcək.

Konfransda Nice Sophia Antipolis Universitetinin fəxri doktoru, Fəlsəfə İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Zöhrə Əliyevanın “Sosial-fəlsəfi doktrinalarda ədalət problemi ətrafında düşüncələr”, həmin institutun elmi katibi, fəlsəfə üzrə fəlsəfə doktoru Sevinc Həsənovanın “Makiavellinin əsərlərində əxlaqın və siyasətin nisbəti” mövzularında məruzələri dinlənilib və böyük maraqla qarşılanıb.

Diskussiya şəraitində keçən tədbirdə Nice Sophia Antipolis Universitetinin fəlsəfə, iqtisadiyyat və hüquq fakültəsinin dekanı, professor Kristian Vallar, həmin fakültənin professorları Lea Raso, Philippe Vecrel, Elodie Auda və başqaları bərabərlik məfhumunu müxtəlif elmi müstəvilərdə təhlil ediblər. Onlar mövcud beynəlxalq qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi təşəbbüsünü irəli sürüblər.

Sonda İsaxan Vəliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri, tarix üzrə elmlər doktoru, professor Əli Həsənovun müəllifi olduğu kitablarının bir neçə nüsxəsi Nice Sophia Antipolis Universitetinin kitabxanasına hədiyyə edilib.

AZƏRTAC

17:20