Aydın Mirzəzadə: Qarabağda yaşayan erməni sakinlərin Ermənistana gediş-gəlişi üçün heç bir maneə yoxdur

Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması həyati vacib məsələ idi. Çünki Ermənistan Laçın dəhlizi vasitəsilə qeyri-qanuni olaraq ərazilərimizə silah və sursat daşıyırdı. Buraxılış məntəqəsinin olmaması əcnəbi vətəndaşların da qeyri-qanuni yolla Azərbaycan ərazisinə daxil olmasına şərait yaradırdı. Həmin vətəndaşların bəziləri ölkəmizin əleyhinə çirkin işlər görürdülər.

Bu sözləri AZƏRTAC-a açqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə söyləyib.

Deputat bildirib ki, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təcəssümüdür. “Azərbaycan ərazisinə daxil olan hər bir yükün və hər vətəndaşın qeydiyyatının aparılması çox yaxşı haldır və labüd idi. Bu o deməkdir ki, ölkəmiz öz sərhədlərinə tam nəzarət edir, heç bir yükün və qüvvənin qeyri-qanuni yolla ərazisinə daxil olmasına imkan vermir.

Buraxılış məntəqəsində vətəndaşların sərhədi keçməsi qaydalara uyğun olaraq aparılır. Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə, həmçinin Qarabağda yaşayan erməni əhalinin Ermənistana gediş-gəlişi ilə bağlı heç bir maneə yoxdur. Bu da onu göstərir ki, Ermənistan rəsmilərinin “etnik təmizləmə” və Laçın yolunun “blokadası” ilə bağlı iddiaları növbəti yalandan başqa bir şey deyil”, - deyə deputat qeyd edib.

Sərhəd-buraxılış məntəqəsinin beynəlxalq hüquq normalarına uyğun şəkildə qurulduğunu diqqətə çatdıran Aydın Mirzəzadə vurğulayıb: “Nəinki Ermənistan, bütün dünya Azərbaycanın ərazi bütövlüyünə hörmət etmək məcburiyyətindədir”.

Xudaferin.eu


 

16:18