Aydın Hüseynov: Türkiyənin hazırkı uğurlarında Prezident Ərdoğanın xidmətləri əvəzsizdir

Osmanlı imperiyasının xələfi olan qardaş Türkiyə dövləti son illər sürətlə inkişaf edərək regional və beynəlxalq güc mərkəzinə çevrilib. Siyasi, iqtisadi, hərbi, tibbi və təhsil sahələrində böyük nailiyyətlər qazanan Türkiyə dünyada söz sahibinə çevrilib. Artıq heç bir güc Türkiyəyə nə etməli olduğunu diktə edə bilmir. Bu uğur və nailiyyətlərin qazanılmasında, heç şübhəsiz, Prezident Rəcəb Tayyib Ərdoğanın xidmətləri əvəzsizdir. Türkiyəni öz siyasətini həyata keçirən bir ölkəyə çevirən Ərdoğan dünyada baş verən proseslərin və qlobal problemlərin həllində mərkəzi rol oynamaqdadır. İsrail-Fələstin, Rusiya-Ukrayna kimi münaqişələr başda olmaqla, Suriya, Liviya kimi məsələlərin həlli istiqamətində aparılan danışıqlarda Türkiyə mühüm aktor kimi çıxış edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov səsləndirib.

Deputat bildirib ki, Prezident Ərdoğan hakimiyyətinədək Türkiyə koalisiya hökumətləri ilə idarə olunurdu və siyasi sabitlik yox idi. Ölkədə tez-tez hərbi çevrilişlərə cəhdlər baş verir, hökumət dəyişirdi. Hələ baş nazir vəzifəsinə gəldikdən sonra Ərdoğan müasir Türkiyənin dövlət quruculuğunun əsasını təşkil edən dünyəvi prinsiplərdən geri çəkilmək niyyətində olmadığını bildirdi. Onun hökumətə başçılıq etdiyi dönəmdə, yəni, 2004-2005-ci illərdə Türkiyədə pul islahatı aparıldı. İnflyasiyanın səviyyəsi aşağı düşməyə başladı, yeni sosial müəssisələrin, elektrik stansiyalarının tikintisi həyata keçirildi. Dövlətdə və cəmiyyətdə demokratik dəyərlər daha da möhkəmləndi. Bütün bunlar isə Türkiyə iqtisadiyyatında "səssiz inqilab" kimi dəyərləndirildi.

“Beynəlxalq aləmdə mövcud olan “Türkiyə olmadan Avropa İttifaqı nə regional problemləri həll edə bilər, nə də qlobal güc ola bilər” fikri bu gün Rusiya-Ukrayna müharibəsi dövründə bir daha təsdiqləndi. İki nəhəng taxıl ixracatçısı olan Rusiya ilə Ukrayna arasında körpü rolunu oynayan və dünyanı böyük bir ərzaq böhranından xilas edən Türkiyənin nüfuzu göz qabağındadır. Eyni zamanda, Türkiyə həm Rusiyanın, həm də Ukraynanın etibar etdiyi, vasitəçilik üçün müraciət ünvanladığı ölkəyə çevrilib. Müharibə aparan bu iki ölkə arasında müzakirələr məhz Türkiyə vasitəsilə və qardaş ölkədə həyata keçirilir.

“Prezident İlham Əliyevin martın 16-da keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə Görüşündə qeyd etdiyi kimi, Türkiyə son 20 ildə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçib və nəhəng güc mərkəzinə çevrilib. Dövlətimizin başçısı Türkiyədə davamlı sabitliyin təmin olunmasını, ölkənin inkişafını bütün Türk dünyası üçün önəmli şərt kimi dəyərləndirdi”, - deyən A.Hüseynov vurğulayıb ki, Azərbaycan-Türkiyə qardaşlığı Rəcəb Tayyib Ərdoğan dövründə daha da dərinləşib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Ərdoğan sayəsində Türkiyə-Azərbaycan münasibətləri ən yüksək səviyyəyə yüksəlib. Qarabağın düşmən işğalından azad edilməsi üçün aparılan Vətən müharibəsində “Bir millət, iki dövlət” prinsipinə layiq bir mövqe nümayiş etdirildi, Azərbaycana böyük siyasi və mənəvi dəstək verildi. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində Türk Dövlətləri Təşkilatı beynəlxalq aləmdə nüfuzlu və mühüm platforma kimi çıxış edir. Türk birliyinin təmin olunması istiqamətində Ərdoğan dövründə atılan addımlar bundan əvvəlki heç bir hakimiyyətin edə bilmədiyi qədər böyük olub.

Deputat bildirib ki, Rəcəb Tayyib Ərdoğan iqtidarı dövründən başlayaraq Türkiyə iqtisadi sahə başda olmaqla, bir çox istiqamətlərdə inqilabi xarakterli addımlar atmağa başlayıb. Təhsildən tutmuş iqtisadi təşəbbüslərə qədər hər sahədə bərabər imkanları təmin edən işlər görülüb. Qardaş Türkiyədə vətəndaşların inkişaf etmiş ölkələrdə olan bütün imkanlara sahib ola biləcəyi, üstəlik, bunun güclü sosial dövlət çətiri altında asanlıqla əldə ediləcəyi bir mühit yaradılıb. Təkcə onu qeyd etmək kifayətdir ki, Ərdoğanın dövründə universitetlərin sayı 76-dan 208-ə, hava limanlarının sayı isə 26-dan 57-yə çatdırılıb. Ümumilikdə uzunluğu 1460 kilometr olan sürət qatarı şəbəkəsi tikilib, yerli avtomobil “TOGG”un istehsalına başlanılıb.

Sözügedən dövrdə ümumi daxili məhsul istehsalı 238 milyard ABŞ dollarından 1 trilyon ABŞ dollarına, ixracat isə 36 milyard dollardan 250 milyard dollara qədər artıb. Dünyanın 228 ölkəsinə və bölgəsinə ixrac həyat keçirilməyə başlanıb. Türkiyənin xarici ticarətinin həcmi 500 milyard dollara çatdırılıb və müdafiə sənayesi məhsulları ixrac edən ölkəyə çevrilib. Türkiyənin İHA, SİHA və “Akıncı”ları indi bütün dünyada məşhurdur.

“TANAP və TAP kəmərləri vasitəsilə Azərbaycan qazının Avropaya çatdırılmasında mühüm rol oynayan Türkiyə artıq yeni imkanlar əldə edir. Türkiyə faktiki olaraq qaz habı kimi çıxış edir və Avropanın enerji təhlükəsizliyinə töhfəsini verir. Bu haba yeni tədarükçülərin cəlb edilməsi Türkiyənin Avropa üçün əhəmiyyətini daha da artıracaq”, - deyə Aydın Hüseynov fikirlərini yekunlaşdırıb.

Xudaferin.eu

15:49