Avropalı deputatlar Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatın baş tutmamasında korrupsiya faktlarının araşdırılmasına çağırıb

AŞPA rəhbəri Pedro Aqramunt bu müraciətlərə reaksiya verməyib. Avropa Şurası Parlament Assambleyasının 60 üzvü Azərbaycanda siyasi məhbuslarla bağlı Ştrasserin bir neçə il əvvəl hazırladığı hesabatının baş tutmamasında korrupsiya faktlarının araşdırılmasına çağırıb. Bu barədə Turan agentliyi məlumat yayıb.

AŞPA-nın sona çatan qış sessiyası zamanı Avropa Şurasının 60 deputatı həmin hesabatın qarşısını almaq üçün millət vəkillərinin ələ alınması faktlarının araşdırılmasına çağıran bəyannamə imzalayıblar. Turan yada salır ki, sessiyadan öncə bir neçə beynəlxalq təşkilat AŞPA-nı Ştrasserin məruzəsinin baş tutmaması üçün italiyalı deputat Luka Volontenin iki azərbaycanlı deputat tərəfindən ələ alınması faktını araşdırmağa çağırıb. Sessiyanın ilk günündə - yanvarın 23-də fransalı deputat Jozet Durye və danimarkalı deputat Dogens Yensen AŞPA rəhbəri Pedro Aqramuntu bu müraciətlərə münasibət bildirməyə və korrupsiya faktları ilə bağlı müstəqil araşdırmaya başlamağa çağırıblar. Hollandiyalı deputat Tini Koks, britaniyalı deputat Yan Lidel-Qreycer onları dəstəkləyiblər.
AŞPA-nın keçmiş prezidenti Ann Brasser qeyd edib ki, AŞPA belə şeylərə göz yummamalı, Avropa prinsiplərinə və dəyərlərinə inamın itirilməsinə yol verməməlidir.

AŞPA rəhbəri Pedro Aqramunt bu müraciətlərə reaksiya verməyib.

Növbəti gün AŞPA-da Skandinaviya və Baltik ölkələrindən 8 deputatın müraciəti yayılıb. Onlar bəzi deputatların korrupsiya faktlarının araşdırılmasını və qiymət verilməsini tələb ediblər. Bu müraciət yanvarın 24-də müxtəlif ölkələrdən onlarla deputat tərəfindən dəstəklənib və onlar Aqramuntdan öz mövqeyini bildirməsini tələb ediblər. 60 deputat cavab gözləməyərək yanvarın 25-də açıq müraciət edərək AŞPA üzvlərini qurum rəhbərliyindən cavab tələb etməyə çağırıblar.
“Parlament Assambleyasının bütövlüyü” adlı müraciətdə deyilir: “Parlament Assambleyasının bütövlüyü və effektivliyi onun öz üzvləri tərəfindən ən yüksək davranış standartlarına əməl edilməsindən asılıdır. AŞPA-nın bəzi üzvlərinin qanunsuz hərəkətləri barədə məlumatlar ictimaiyyətin Parlament Assambleyasına olan inamını sarsıdır.
Biz, aşağıda imza edən AŞPA üzvləri hesab edirik ki, Assambleya
1. Son illər Assambleyanın işində baş vermiş korrupsiya və təşkilata yaraşmayan hərəkətlər, əsasən 2013-cü ilin yanvarında Azərbaycanda siyasi məhbuslarla bağlı hesabat üzrə səsverməyə xarici təsirlər barədə bütün məlumatların qərəzsiz araşdırılması üçün tam müstəqil qurum təsis etməlidir. Araşdırmanın nəticələri və tövsiyələr dərc olunmalı, AŞPA və ictimaiyyətə təqdim edilməlidir.
2. Assambleya üzvlərinin davranış Kodeksinin qabaqcıl beynəlxalq praktikaya və GRECO təşkilatının tövsiyələrinə uyğun olduğuna və bu standartlara ciddi əməl edilməsinə Assambleyanın daimi müstəqil mexanizmi tərəfindən nəzarət olunduğuna əmin olmalıdır. Müxtəlif siyasi qruplardan olan üzvləri bizim çağırışı dəstəkləməyə çağırırıq.
Bundan sonra Pedro Aqramunt reaksiya verməyi qərara alıb və bildirib ki, korrupsiya haqda söhbətlər “şərəf” məsələsidir. “AŞPA prezidenti kimi, mən Assambleyanın və ya onun üzvlərindən kiminsə şərəfinin tapdanmasına yol verə bilmərəm. Yol verə bilmərəm ki, bəzilərinin düşmən və ya rəqib kimi təqdim etdiyi ayrı-ayrı ölkələrə qarşı döyüş meydanı kimi Assambleyadan istifadə olunsun. Səsvermənin nəticələrindən razı olmayanların rəhbərliyilə nifrət, aqressiya, şantaj və ya təzyiq kampaniyasına yol verə bilmərəm. Başa düşmək lazımdır ki, fiziki şəxsin şərəf və reputasiyasına qanunsuz əl uzatmaq məhkəmə vasitəsilə müdafiə oluna bilər”.
Aqramuntun bu bəyanatına baxmayaraq, bəyannaməni imzalayan deputatların sayı artıb. Məsələ açıq qalır və deputatlar aprel sessiyasında bu mövzuya qayıtmaq niyyətindədir.

Amerikaninsesi.org

11:09