Avropada Qarabağ Zəfəri

Köhnə Avropa qitəsində oktyabrın 6-da Qarabağ fırtınası yaşandı. Mədəniyyət və idman beşiyi olan Afinada “Qarabağ” klubunun futbol demarşı ilə başa çatan gün siyasi mərkəz olan Avropa İttifaqında diplomatiya paradımızla başlamışdı. Amma daha böyük sevinc isə artıq idman, mədəniyyət, iqtisadiyyat, hərbi uğurlarımızın diplomatiya meydanında möhürlənərək təsdiq olunmasıdır.

Oktyabrın 6-da Avropa İttifaqının “Avropa siyasi birliyi” Zirvə Toplantısında sözün həqiqi mənasında da Azərbaycan-Türkiyə qardaşlığının zəfər təntənəsi yaşandı. Bəyazid-Teymur, Sultan Səlim-Şah İsmayıl savaşlarını körükləyən Avropa bu gün Ərdoğan-Əliyev dostluğunun gücünü fakt kimi qəbul etmək məcburiyyətindədir. Praqada sammitin keçirildiyi məkanda iki türk liderinin qol-qola gəzərək dünyaya göstərdiyi jest ayrıca bir hadisə idi.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisi Sədrinin müavini Fəzail İbrahimli söyləyib.

Milli Məclis sədrinin müavini bildirib ki, Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqaya səfəri dövlətimiz üçün bir çox cəhətdən mühüm mesajlar ünvanı oldu. Qırx dörd ölkə liderinin iştirak etdiyi tədbirə xüsusi dəvət dövlətimizin beynəlxalq arenada mövqeyi və nüfuzunun göstəricisidir. Bu gün hər bir dövlətin başlıca iqtisadi təminatı sayılan enerji təhlükəsizliyi və nəqliyyat kommunikasiyasının önəmi artdığı bir dönəmdə Azərbaycanın geosiyasi önəmi xüsusilə artır. Bu vəziyyəti diplomatik və iqtisadi müstəvidə dövlət mənafeyinə çevirən Prezident İlham Əliyevin mükəmməl xarici siyasəti ölkəmizin regional lider statusunu möhkəmləndirir.

“Avropa İttifaqı ilə münasibətlərimiz son vaxtlar xüsusi önəm kəsb edən məsələ Azərbaycan Ermənistan arasında sülh danışıqları ilə bağlıdır. Bu gün Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində Avropa İttifaqının və onun Prezidenti Şarl Mişelin vasitəçilik formatı mövcuddur, burada Qarabağ mövzusu yoxdur və bu məsələ Azərbaycanın daxili işi hesab olunur. Hazırkı dönəmdə regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin imzalanması ən vacib amildir. Artıq bundan sonra konkret addımların atılması mütləqdir. Azərbaycan iki ilə yaxındır ki, qarşı tərəfə təkmil sülh modelini təklif etsə də, Ermənistan indiyə qədər bu prosesdən yayınmağa çalışır və yenə də beynəlxalq ictimaiyyətdən bu destruktiv mövqeyə görə heç bir təzyiq görmürdü. BMT qətnamələrinin icrasını öz gücü ilə həyata keçirən Azərbaycan Ermənistanı sülhə məcburetmə işini də uğurla həyata keçirib”, - deyə Fəzail İbrahimli vurğulayıb.

Qeyd edilib ki, Praqada Paşinyanla keçirilən görüşlərdə adi fotogörüntülərdən də mövqelər arasındakı fərq və Azərbaycanın özgüvəni açıq-aydın hiss olunurdu. Prezidentin "Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən Ermənistanla" mesajı ərazi bütövlüyümüzlə bağlı mövqeyimizin planlı ifadəsi idi. Bu, artıq yalnız bizim mövqeyimiz və bəyanatımız deyil. Praqa görüşünün nəticəsi olaraq Yelisey sarayının rəsmi saytında dərc edilmiş sənəddə vurğulanıb ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa çıxış yolu olmadığının fərqindədir. Başqa sözlə, Praqa diplomatik savaşımızda növbəti Zəfər nöqtəsidir.

Xudaferin.eu

17:00