Avropada "Azərbaycanın Dostları" Cəmiyyətindən baş nazir Novruz Məmmədova təbrik məktubu

Hörmətli və əziz dostum Novruz Bəy!

Sizi Vətənimiz Azərbaycanın baş naziri seçilməyiniz münasibəti ilə ən səmimi təbrikimi qəbul edin. Sizin 9 iqlimi olan və dünyanın ən cənnət ölkəsinin baş naziri seçilməyiniz həm məsuliyyətli, həm də şərəfli bir vəzifədir. Sizi uzun illər tanıdığım ücün, Milli Azadlıq Hərəkatında çiyin-çiyinə mücadilə yollarını keçdiyimiz zamanlar, ondan öncə illərlə davam edən qardaşcasına dostluğumuz məndə əminlik yaradır ki, Azərbaycanın inkişafında mühüm rol oynayacaqsınız. Siz həmişə ədalətli, vicdanlı, gözü və könlü tox, dünya malında gözü olmayan, çox namuslu bir Azərbaycan oğlu kimi xatirimdəsiniz.

Bundan əlavə, diqqətinizə bəzi məsələləri çatdırmağı özümə borc bilirəm. Cənab Baş Nazir, Sizə bildirim ki, uzun illərdir Dövlət Gömrük Komitəsinin bütün sərhəd keçid məntqələrində baş verən özbaşınalıqların davam etməsi ucbatından Avropada və digər xarici ölkələrdə yaşayan və soydaşlarımızı təmsil edən milli işadamlarımız, eləcə də    milli burjuaziyamız yetişmədi. Bu baxımdan bir baş nazir kimi gömrük keçid məntəqələrimizdəki özbasınalıqların qarşısını alacağınıza inanıram. Həmçinin illərdir Azərbaycan Dövlət Diaspor Komitəsi adlı bir qurum mövcud olsa da, Qarabağ uğrunda demək olar ki, bu günədək heç bir iş görülməmişdir. Yalnız dövlətin sərvətini mənasız layihələrə sərf etdilər. Bu baxımdan diaspor məsələləri ilə bağlı işi xüsusi olaraq diqqət mərkəzində saxlayacağınıza inanıram.

Bir daha əziz Novruz Məmmədov cənabları, öz adımdan, rəhbəri olduğum Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin və təsisçisi olduğum “Xudafərin” dərgisinin kollektivi adından bu şərəfli və məsuliyyətli vəzifəyə seçilməyiniz münasibəti ilə təbrik edir, Ulu Tanrıdan Sizə möhkəm can sağlığı, Vətəninimizin çiçəklənməsi yolunda və Qarabağımızın işğaldan azad edilməsi yolunda verəcəyiniz mücadilə uğrunda uğurlar diləyirəm.
 

Hörmətlə: Elman Mustafazadə, Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri

23:04