Avropa Komissiyası “Brexit” şərtləri üzrə Londonun təklifini gözləyir

 

Avropa Komissiyası dekabr ayında Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması (“Brexit”) şərtləri üzrə Londondan əlavə təkliflər gözləyir.

Bu barədə Avropa Komissiyasının sədri Jan-Klod Yunker İsveçrənin Bern şəhərində keçirilən mətbuat konfransında məlumat verib. Dekabrın əvvəlində Brüsseldə Yunkerlə Böyük Britaniyanın Baş naziri Tereza Mey arasında görüş keçirilməlidir. “Mənim Tereza Mey ilə görüşüm dekabrın 4-də olacaq, sonra bütün bu təkliflər bizim vasitəçilərə təqdim ediləcək”, - deyə Avropa Komissiyasının başçısı Böyük Britaniyanın Aİ qarşısında maliyyə hesabı üzrə mümkün yeni təklifləri barədə sualı cavablandırarkən qeyd edib.

Bu ilin yay aylarından başlayaraq Aİ və Böyük Britaniya arasında “Brexit” şərtləri barədə danışıqlar aparılır. “Ayrılan” regionların vətəndaşlarının hüquqları, İrlandiya sərhədi və Birləşmiş Krallığın Avropa İttifaqı qarşısında maliyyə öhdəliklərinin tənzimlənməsi danışıqların əsas mövzusudur.
Hələlik bu danışıqlarda lazımi irəliləyiş olmadığından Aİ ikinci fazaya - Avropa İttifaqının Böyük Britaniya ilə gələcək əməkdaşlığının strukturunun, həmçinin münasibətlərdə mümkün keçid dövrünün müzakirəsinə keçmək istəmir.

Xudaferin.eu
“Avropa Bürosu”

10:19