“The Australian” qəzeti Azərbaycan diplomatının Dağlıq Qarabağda baş verənləri təhrif edən məqaləyə cavab məktubunu dərc edib

Avstraliyanın geniş oxucu auditoriyasına malik olan “The Australian” qəzeti Dağlıq Qarabağda baş verən son hadisələri təhrif edən məqaləyə Azərbaycanın müvəqqəti işlər vəkili Ramil Qurbanovun cavab məktubunu dərc edib.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, azərbaycanlı diplomat qəzetin redaksiyasına ünvanladığı məktubda sentyabrın 27-dən başlayaraq Ermənistan və Azərbaycan arasında baş verən döyüşlərlə əlaqədar qəzetdə dərc olunmuş reallığı təhrif edən yazı ilə əlaqədar etirazını bildirib.
Qəzetin dərc etdiyi məktubda diplomat Azərbaycanın yeddi rayonu ilə birlikdə Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağın ölkəmizin ayrılmaz hissəsi olduğunu bildirib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və Ermənistanın işğalçı qoşunlarının Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin bu günədək yerinə yetirilmədiyini diqqətə çatdırıb.
Bildirib ki, Ermənistan tərəfindən minlərlə insanın öldürülməsi və 800 min azərbaycanlının öz doğma yurdlarından qovulması ilə nəticələnən Azərbaycan ərazilərinin qanunsuz ilhaqının davam etməsinə baxmayaraq, Ermənistan rəhbərliyi Azərbaycan ərazisinə və əhalisinə qarşı yeni təcavüz aktları həyata keçirməyi planlaşdırıb. Qeyd edib ki, sentyabrın 27-dən başlayaraq Ermənistan hərbi birləşmələrinin məqsədyönlü şəkildə Azərbaycanın sıx məskunlaşmış şəhərlərini qadağan edilmiş silahlardan atəşə tutması nəticəsində 91 günahsız insan həlak olub. Ermənistandan fərqli olaraq dinc sakinləri hədəfə almayan müzəffər Azərbaycan ordusunun öz peşəkarlığına və qüdrətinə söykənərək ölkənin suveren ərazisi daxilində düşmənə layiqli cavab verdiyi vurğulanıb.
Məktubda postsovet məkanında ən monoetnik ölkə olan Ermənistandan fərqli olaraq Azərbaycanda bütün millətlərin, dini inanc sahiblərinin sülh və əmin-amanlıq içərisində yaşadığı qeyd olunub.
Həmçinin, Avstraliyanın da Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə davamlı dəstək göstərməsi, işğal edilmiş ərazilərdəki hər hansı separatçıları tanımadığı barədə rəsmi mövqeyinə diqqət yönəldilib.

Xudaferin.eu

11:17