Atəşkəsdən sonrakı ölkə: Yeni xəritəni kimlər və necə hazırlayır?

 

Vüqar Zifəroğlu: “ABŞ-İran münasibətlərinin gərginləşməsi fonunda uzunmüddətli razılığa gəlmək mümkün olmayacaq”

Qazaxıstanın paytaxtı Astana şəhərində Suriya münaqişənin nizamlanmasına dair danışıqlar prosesinin növbəti mərhələsi başa çatıb. Rusiya, Türkiyə və İranın vasitəçiliyi ilə təşkil olunan müzakirələrdə ABŞ-ın da nümayəndəsi iştirak edib. Danışıqlara Bəşər Əsəd rejimi və Suriya müaxalifətinin ayrı-ayrı qrupları arasında ilkin razılaşma sənədi hazırlanıb. Bu barədə Rusiya silahlı qüvvələrinin general-mayoru Sergey Afanasyev açıqlama verib. Sənəd ölmüş döyüşçülərin meyitlərinin dəyişdirilməsini və humanitar yardımın çatdırılmasını nəzərdə tutur.

“Heç də asan keçməyən danışıqların gedişində zorakılıqla saxlanılan şəxslərin, ilk növbədə isə qadınların və uşaqların dəyişdirilməsi mexanizminin formalaşdırılmasına nail olundu. Biz Suriya əhalisinə humanitar yardımın çatdırılması məsələsini müzakirə etdik. Hər şeydən əvvəl, humanitar yardımın çatdırılmasında məhdidiyyətlərin olduğu yaşayış məntəqələrindən söz açıldı ”-general Afanasyev belə deyib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə Suriya hökumət ordusu ilə müxalifət arasındakı hərbi qarşıdurmanın artıq başa çatdığını deyib. BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mustura ilə Astanada görüşən S.Şoyqu terrorçuların və müxalifətin olduğu mövqeləri ayırd etmək üçün xəritənin hazırlandığını deyib: “Ortaq Suriya xəritəsinin hazırlanması və qəbulu ilə bağlı qərarları gözləyirik. Bu xəritədə hökumətin və müxalifətin verdiyi bütün məlumatlar əksini tapacaq. Atəşkəsə daxil olan və olmayan müxalifətin də yerlərini müəyyən edəcəyik. Müttəfiqlərimiz Türkiyə və İranla birlikdə mübarizə aparacağımız İŞİD və “Nüsrə Cəbhəsi”nin yeri də xüsusi önəm daşıyır”.

Ancaq ekspertlər yaxın perspektivdə Suriya ərazisində sülhün əldə olunacağını real hesab etmir. Bu həm Suriyada bir-birinə qarşı mübarizə aparan silahlı qpurlar arasındakı münasibətlə, həm bölgədəki xarici aktorların vəziyyətə siyasi təsiri ilə bağlıdır. Rusiyanın hərbi qarşıdurmanın başa çatması barədə bəyanatlar verməsinə baxmayaraq, Yaxın Şərqdə marağı olan böyük güclər arasında geosiyasi qarşıdurmanın dərinləşməsi müşahidə olunur. Rusiya, Türkiyə və İranın Əsəd rejimi ilə müxalifət arasında atəşkəs əldə etməyə çalışdığı bir vaxtda ABŞ Suriya ərazisində İŞİD-ə qarşı mübarizə aparmaq üçün ərəb dövlətlərindən ibarət hərbi koalisiya formalaşdırır. Təbii ki, ABŞ-ın bu addımı İranın, hətta ola bilsin ki, Rusiyanın sərt reaksiyası ilə qarşılaşacaq. Siyasi müşahidəçilərin rəyinə görə, Türkiyənin də sözügedən alyansa qoşulacağı gözlənilir. Artıq Ankara ilə Vaşinqton arasında razılaşmanın əldə edildiyinə dair informasiyalar var. Bu da öz növbəsində, Suriyada siyasi qarşıdurmanı yenidən alovlandıra bilər.

Siyasi şərhçi Vüqar Zifəroğlunun sözlərinə görə, Suriya iqtidarı ilə mülayim müxaliət arasında danışıqların baş tutması müsbət haldır. Lakin müxalifət qüvvələrinin çoxsaylı və pərakəndə olması onların monolitliyinə mane olur: “Yanvarın 23-də Astanada keçirilən ilk danışıqlarda Qərbin və Türkiyənin dəstəklədiyi bəzi qüvvələr danışıqlarda iştirakdan imtina etmişdi. Ona görə də danışıqlara qatılan bütün tərəflərin atəşkəsə imza atacağını iddia etmək doğru olmaz. Digər tərəfdən, Suriyadakı proseslərin iştirakçısı olan dövlətlərin özlərinin yekun razılığa gəlməsindən danışmaq hələ tezdir. Yəni, ABŞ-İran gərginliyi davam edirsə, bu gün Türkiyə ilə İran arasında müəyyən polemikalar yaşanırsa, razılaşma barədə danışmaq hələ tezdir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İranla bağlı son günlər sərt açıqlamalarını xatırlatmaq istərdim. Eyni zamanda, Rusiya təyyarələri Türkiyə hərbçilərini bombalayırsa, bir gün sonra isə Türkiyənin dəstəklədiyi müxalif qüvvələr Rusiya hərbçilərinə hücum edirsə, o halda atəşkəsdən danışmaq gülüncdür. Tərəflər arasında müvəqqəti, lokal razılaşmalar əldə oluna bilər, amma bu, Suriya probleminin həll edilməsi anlamına gəlmir. Tərəflər təbii ki, öz maraqlarını müdafiə edir və mövqelərini güzəştə getmək niyyətində deyillər. İranın Suriyada hər hansı güzəştə imza atacağı inandırıcı deyil. 2013-cü ildən bəri bütün formalarda Əsəd rejiminə dəstək göstərən Rusiya güzəştə gedərmi? Yaxud Türkiyə, ən azı öz təhlükəsiliyini təmin etmək məqsədi ilə Suriyadakı mövqelərindən geri çəkilmək istəməz. Eləcə də Qərb Yaxın Şərqlə bağlı öz siyasətindən imtina etməyəcək. Tərəflərin maraq və mövqelərinin kəsişdiyi bir məkanda, ciddi və davamlı razılaşmadan danışmaq olmaz. Müxalif qüvvələrə münasibət də birtərəfli deyil. Məsələn, İranın, Suriya hökumətinin terrorçu hesab etdiyi Azad Suriya Ordusu Türkiyə üçün Suriyada müxalifətin avanqard hissəsidir. Əksinə, İranın mücahid adlandırdığı və dəstəklədiyi “Həşti Şaabi” Türkiyə və Amerika üçün terrorçu təşkilatdır. Rusiya da Azad Suriya Ordusunun bir qolu olan “Ən-Nüsrə” cəbhəsini terror təşkilatı elan edilib.

Eyni zamanda Rusiyanın danışıqlar masasında hər vəchlə görməyi arzu etdikləri kürd qruplaşmalarına rəsmi Ankaranın münasibəti ortadadır. Onu da qeyd edim ki, yeni xəritənin çəkilməsi Suriyanın federallaşması anlamına gəlmir. Çünki Suriyanın bölünməsi iştirakçı dövlətlərin heç birinin marağına uyğun deyil. Rusiya, Türkiyə, İran və ərəb dövlətlərinin fikirləri müəyyən məqamlarla bağlı üst-üstə düşməsə də, həmin ölkələr Suriyanın bölünməsinin əleyhinədir. Yalnız ABŞ kürd federasiyasının yaradılmasının tərəfdarı olaraq çıxış edir. Fikrimcə, tərtib edilən xəritə atəşkəs rejiminə əməl edilməsi və toqquşmaların baş verməməsini təmin etmək məqsədi ilə, müəyyən qüvvələrin hər bir zonaya nəzarət edilməsi mexanizmini nəzərdə tutur”.

Vüqar Zifəroğlu onu da bildirdi ki, ABŞ-ın Suriya və İraq ərazisində İŞİD-ə qarşı mübarizə məqsədilə hərbi əməliyyatlara başlamaq üçün ərəb dövlətlərindən ibarət koalisiya qurmaq planı əslində, eyni zamanda İrana qarşı da yönəlib. Hazırkı məqamda ABŞ-İran münasibətlərinin gərginləşməsi də uzunmüddətli razılığın əldə edilməsinə ciddi əngəldir: “Bəşər Əsədin mövqelərinin güclənməsi İranın mövqelərinin güclənməsi deməkdir. İranın formalaşdıra bildiyi şiə koalisiyası regionda çox vacib bir həlqədir. Bura İraq, Livan, Suriya daxildir. ABŞ və ərəb ölkələri İranın bu təsirinin genişlənməsinin qarşısnı almağa çalışır. Yəməndə gedən toqquşmalar bunun sübutudur. Təbii ki, İranın mövqelərinin güclənməsi İsraili də narahat edir. ABŞ prezidenti Donald Trampın fevralın 16-da İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə də bu məsələ ilə bağlı ciddi mesajlar verildi. Bu mənada, ərəb dövlətləri koalisiyası ideyasının təşkil edilməsinə düşünürəm ki, İsrail də müsbət yanaşacaq”.

Müşfiq Abdulla

 

00:18