Astana görüşü: Suriya böhranında dönüş nöqtəsidirmi?

Qazaxıstanın paytaxtı Astana şəhərində Rusiya, Türkiyə və İran nümayəndələrinin Suriya böhranının həlli ilə bağlı apardıqları müzakirələrə dünya KİV-i ciddi maraq göstərib. Müxtəlif aspektlərdən edilən təhlillər təsdiq edir ki, bu görüş Cenevrə müzakirələrindən fərqli olaraq, daha konkret məqamlarla əlaqəlidir. Yekunda qəbul edilən bəyannamədə bir neçə bənd üzrə ortaq mövqe ifadə olunub. Ekspertlər belə bir sənədin qəbulunu ümumiyyətlə müsbət hal adlandırırlar. Tərəflər bütövlükdə Suriya məsələsini sülh yolu ilə həll etməkdə eyni mövqedə olduqlarını təsdiqləyiblər. Ancaq Rusiya-Türkiyə-İran "üçlüyü"nün əldə etdiyi razılıqlara Suriyadakı qüvvələrin nə dərəcədə əməl edəcəkləri tam aydın deyil. Çünki hətta rəsmi Dəməşqə belə Kreml atəşkəslə bağlı xəbərdarlıq edir, reallıqda isə B.Əsəd ordusu intensiv surətdə bu rejimi pozur. Eyni fikri bir sıra müxalif qruplara və kənar təsirlər altında olan silahlılara da aid etmək olar. Belə mürəkkəb şəraitdə Suriyadakı münaqişənin taleyi necə ola bilər? Müharibəni dayandırmaq mümkündürmü?

Razılaşdırılmış bəndlər: əməl ediləcəkmi?

Astana görüşünə ümidlər böyük idi. Ekspertlər əmin idilər ki, Rusiya, Türkiyə və İran Qazaxıstanın paytaxtında Suriya ilə bağlı tutarlı nəticələr əldə edəcəklər. Əslində, bu ümidlər qismən özünü doğrultdu. Astanada nəzərdə tutulan formatda müzakirələr baş tutdu. Lakin bir düzəlişi də unutmaq olmaz. Suriya müxalifəti Bəşər Əsədin nümayəndələri ilə üz-üzə danışmayacağını bildirdi. Görüşü təşkil edən dairələr bu tələblə razılaşmalı oldular. Ancaq Qazaxıstanın paytaxtında Türkiyə, Rusiya və İran təmsilçiləri sona qədər fikir mübadiləsi apara bildilər və yekunda ortaq bəyannamə qəbul edildi.

Ekspertlər alınan nəticəni müsbət qiymətləndirirlər. Onlar hesab edirlər ki, Astana müzakirələri Cenevrədə aparılan danışıqlardan daha səmərəliliyi və real nəticələri ilə fərqlənir. Hər bir halda bu prosesi qlobal və regional geosiyasi kontekstdə analiz etməyə ehtiyac duyulur.

Suriya məsələsi mahiyyətcə çox mürəkkəbdir. Bu ölkədə ixtilaflar dərinliklərə qədər işləyib. Burada iqtidar-müxalifət, sünni-şiə və s. qarşıdurması özünə yer alıb. Əlavə olaraq, böyük dövlətlərin maraqlarına xidmət edən bir neçə radikal qruplar öz təsirlərini göstərirlər. Müxtəlif region ölkələri də proseslərə fərqli səviyyələrdə müdaxilə edirlər. Bunlardan əlavə, ümumiyyətlə, Suriya ixtilafını başladan dairələrin pərdə arxasında hansı işlər gördüyü də məlum deyil.

Son zamanlar Suriya üçün daha çox təhlükə törədən faktor radikal qrupların yeni silahlarla təmini prosesinin intensivləşməsidir. Onlar daha güclü silahla təmin edildikcə intiqam hissi də alovlanır, revanş götürmək ehtirası güclənir. Nəticədə, meydana yeni-yeni münaqişələr çıxır. Təəssüf ki, bu prosesin də qarşısı alınmır – silah tacirləri fəallıqlarını azaltmırlar.

Bu mənzərədə İŞİD-in yeri və rolu ayrıcadır. Dünyanın hərbi cəhətdən ən güclü dövlətləri belə İŞİD-ə qarşı savaş aparır (yaxud belə görüntü var). İlk zamanlar bu terror təşkilatının Suriya və İraqdakı mövqeləri sanki zəifləmişdi. Lakin İŞİD-in Palmiranı geri qaytarması, Yəməndə fəallaşması, Mərkəzi Asiyaya nüfuz etməyə başlaması, Der-əz-Zora hücumu, Əl-Babda ciddi müqavimət göstərməsi sübut edir ki, real vəziyyət heç də böyük dövlətlərin təqdim etdiyi kimi deyil. İŞİD kənardan gizli dəstək hesabına bütün dünyaya meydan oxuyur.

Burada ABŞ-ın mövqeyini də mütləq nəzərə almaq lazımdır. Ölkənin yeni iqtidarı isə hələlik Suriya məsələsi haqqında konkret fikir bildirmir. Bir sıra ekspertlər hesab edirlər ki, bu vəziyyət bütövlükdə Suriyadakı prosesləri qeyri-müəyyənlikdə saxlayır (bax: məs., Россия и Турция "поделили" Сирию / "Свободная пресса", 25 yanvar 2017).

Kənar qüvvələrin təsiri: daxili ziddiyyətləri alovlandıranlar

Şübhə yoxdur ki, Donald Tramp dəqiq mövqe ifadə etmədiyi surətdə Suriyada real dəyişikliklərdən danışmaq imkansızdır. Bu cür mürəkkəb və ziddiyyətli situasiyada isə hansısa qalıcı nəticələrə nail olmaq xeyli çətindir. Mütəxəssislər Astana görüşünü məhz həmin aspektdə qiymətləndirməyi daha düzgün hesab edirlər. Əslində, orada iştirakçılar bir sıra maraqlı razılaşmalar əldə ediblər. Yekun kommünikeyə görə, Rusiya, Türkiyə və İran Suriyada hərbi yolla problemi həll etməyin mümkün olmadığı qənaətindədirlər. Həll yolu BMT-nin 2254 saylı qətnaməsi əsasında mümkün ola bilər (bax: Astana görüşmelerinde ikinci gün / "Habertürk", 24 yanvar 2017). Bu, siyasi proses ola bilər, onun hərbi elementi qəbuledilməzdir. Sonra razılığa gəlinib ki, Türkiyə, Rusiya və İran Suriyada atəşkəsi dəstəkləmək üçün ortaq nəzarət mexanizmi quracaqlar. Bundan başqa, müxalif qrupların Cenevrə görüşmələrinə qatılmasına dəstək veriləcək. Nəhayət, İŞİD və "Cəbhətül-Nusra"ya qarşı birgə mübarizə aparılacaq və digər silahlı müxalif qruplar onlardan ayrı tutulacaq.

Bu şərtlərdən göründüyü kimi, Moskva, Ankara və Tehran böhranın həllində yalnız ilkin addımları atırlar. Onlar hələlik bütövlükdə ölkədə vəziyyəti sabitləşdirməyə çalışırlar. Bunun üçün isə atəşkəs rejiminə ciddi əməl olunmalıdır. Təcrübə göstərir ki, bu şərt ödənilmir. Bir tərəfdən rejim gücləri, digər tərəfdən İrana meylli qruplar daim atəşkəsi pozurlar. Suriyalı müxaliflərini Astanada təmsil edənlər bu faktı açıq söyləyiblər. Onlar İranın Suriyaya hərbi təsirinin zəiflədilməsini tələb ediblər. Əks halda, orada heç bir atəşkəs rejiminin baş tutmayacağını bəyan ediblər. Müxaliflər yekun bəyannaməni də bu şərt ödənmədiyinə görə imzalamaqdan imtina ediblər.

Düşündürücüdür ki, Rusiyanın təkidlərinə baxmayaraq, B.Əsədə bağlı qüvvələr də atəşkəsə əməl etmirlər. Moskva Astana görüşü ərəfəsində rəsmi Dəməşqi sərt şəkildə xəbərdar edib. Ekspertlərin rəyinə görə, B.Əsədi İran bu addımlara təhrik edir. Sirr deyil ki, Suriya rejiminin ən güclü dəstəkçisi şiə faktoruna görə Tehrandır. Hər bir halda daim Moskvaya müharibədə dönüş yaratdığına görə minnətdarlıq edən Əsəd indi onu müəyyən məsələlərdə eşitmək istəmir. Bu isə o deməkdir ki, hansısa gizli məqamlar mövcuddur ki, Suriyada kimin-kim olduğunu tam aydınlaşdırmağa imkan vermir.

Bunların fonunda ekspertlər Rusiya və Türkiyənin Suriyada ciddi nəticələr əldə edə biləcəklərini də vurğulayırlar. Onlar faktiki olaraq Suriyada öz nüfuz dairələrini müəyyənləşdiriblər. Bundan başqa, müxalif hərbi qüvvələrin 80 faizinin Türkiyəyə hörmətlə yanaşdığı vurğulanır. Məsələn, rusiyalı ekspert Yuri Mavaşev həmin məqamı açıq qeyd edir (bax: Россия и Турция "поделили" Сирию / "Свободная пресса", 25 yanvar 2017). Ekspertin fikrincə, Ankara və Moskva üçün ən böyük maneə Vaşinqton ola bilər. Yuxarıda vurğuladığımız kimi, bu məsələdə isə hələlik aydınlıq yoxdur.

Nəhayət, Suriya məsələsində böyük ərəb dövlətlərinin maraqlarının nə dərəcədə təmin edildiyi müəmmalıdır. O cümlədən Səudiyyə Ərəbistanının mövqeyi məlum deyil. Ər-Riyadın ABŞ-ı müdafiə edəcəyi daha çox ehtimal olunur.

Bütün bunlardan belə çıxır ki, Astana müzakirələri ilkin addım kimi uğurlu sayıla bilər. Lakin Suriyada və onun ətrafında situasiyanın mürəkkəb olduğunu nəzərə alsaq, bu pozitiv məqamın inkişaf etdirilib-etdirilməyəcəyi barədə konkret fikir söyləmək çətindir. Gözlənilir ki, Qərb tərəfdən Rusiya və Türkiyəni pis vəziyyətə salmaq üçün hansısa addımlar atılsın. Məsələn, belə məlumatlar yayılır ki, Amerika Suriyanın şimalında yeni hərbi baza tikir və oraya xüsusi təyinatlıları yerləşdirməklə məşğuldur. Həmin qüvvələrin Suriyada hansı rolu oynayacaqları aydın deyil.

Digər düşündürücü məqam Şimali İraqdakı kürd muxtariyyəti rəhbərliyinin İrana qarşı sərt mövqedə olması ilə bağlıdır. Kürd muxtar regionunun başçısı Məsud Bərzani açıq bildirib ki, əgər İrana meylli Nuri əl-Maliki İraqda yenidən baş nazir olsa, müstəqillik elan edəcəklər. Bu fikir ayrılığı Suriya məsələsində də özünü göstərir.

Belə görünür ki, Astanada əsası qoyulan razılaşmaların reallaşması haqqında dəqiq fikir bildirmək hələ tezdir. Yaxın Şərqi müxtəlif təbiətli ziddiyyətlər elə bürüyüb ki, hansı faktorun necə təsir edəcəyini proqnozlaşdırmaq da xeyli mürəkkəbləşib. Buna baxmayaraq, regionda Rusiya və Türkiyənin öz geosiyasi maraqlarını əsaslı şəkildə uyğunlaşdırmağa başladığı hiss edilir. Regionun gələcək taleyi aspektində bu faktın böyük əhəmiyyəti ola bilər.

Newtimes.az

 

17:06