AŞPA sessiyasında Azərbaycanda irqindən, dinindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər yanaşmadan danışılıb

Cəmiyyətdə birliyin artırılması, davamlı iqtisadi inkişaf və sosial tərəqqinin, insanların bərabərliyinin təmin edilməsi, qadın və kişilərin bərabər hüquqlarının həyata keçirilməsi, işsizliyin, eləcə də ayrı-seçkilik və sosial təcridin aradan qaldırılması əksər dövlətlərin gündəmindədir. İnsan və vətəndaş hüquqlarının aliliyi bu müasir dövrdə əksər ölkələr tərəfindən qəbul edilib. Azərbaycan da bu ölkələrdən biridir. Ölkəmizdə insan hüquq və əsas azadlıqlarının təmin olunması istiqamətində xeyli iş görülüb, bu işlər bu gün də davam etdirilir. Azərbaycanda vətəndaşlar üçün müasir standartlara uyğun kifayət qədər normal həyat şəraiti yaradılıb.

​Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Pərvin Kərimzadə qurumun yaz sessiyası çərçivəsində “Sosial mənşələrə əsaslanan ayrı-seçkiliyə qarşı mübarizə” adlı məruzənin müzakirələri zamanı söyləyib.

Deputat bildirib ki, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq, bütün vətəndaşların hüquq və azadlıqlarının bərabərliyinin təmin edilməsi kimi elementlər Azərbaycan Konstitusiyasında təsbit olunub. Bu anlayışlar təkcə qanunlarda deyil, insanların gündəlik həyatında da öz əksini tapır. Azərbaycan Konstitusiyasının üçdəbiri insan hüquq və azadlıqlarına həsr olunub. İrqinə, rənginə, milli və ya sosial mənşəyinə görə ayrı-seçkilik edilmədən mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların əsasını təşkil edən “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya” Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 1996-cı ildə ratifikasiya edilib.

Şəhla Ağalarova

Xudaferin.eu

14:28