AŞPA Avropa Parlamenti ilə “həmrəng” və “həmxasiyyət” olduğunu təsdiqlədi

Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artdıqca anti-Azərbaycan qüvvələrin, eləcə də bir sıra qərəzli beynəlxalq təşkilatların və erməni lobbisinin təsiri altında olan Fransa kimi riyakar dövlətlərin yuxusu ərşə çəkilir. Xüsusilə Ermənistan üzərindəki parlaq Qələbəmizdən sonra ölkəmizə qarşı təzyiqlər çoxalıb. Adları “demokrat”, əməlləri isə qeyri-demokrat olan belə qərəzli dairələrin rəhbərləri düşünürlər ki, guya bu vasitələrlə Azərbaycana təsir edəcək, ölkəmizi tutduğu yoldan döndərə biləcəklər. Ancaq onlar yanılırlar. Onlar ölkəmizin əleyhinə nə qədər yalan və böhtanla dolu qətnamələr qəbul etsələr də, beynəlxalq ictimaiyyəti çaşdıra bilməyəcəklər. Çünki bu gün Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada yer alır. Azərbaycan beynəlxalq hüququn normalarına riayət etməklə müstəqil xarici siyasət yürüdür, başqa dövlətlərin daxili işlərinə qarışmır. Ona görə də Avropa Parlamenti, AŞPA kimi beynəlxalq qurumların ölkəmizin əleyhinə qəbul etdikləri qətnamələr öz hüdudlarından kənara çıxmayacaq. Çünki həmin beynəlxalq qurumların riyakarlığı hər kəsə bəllidir. Bunu faktlar da təsdiqləyir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov bu yaxınlarda AŞPA-nın ölkəmizin əleyhinə qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.

Avropa Parlamentinin qərəzli və böhtan dolu qətnaməsindən sonra AŞPA-nın da oxşar qətnamə qəbul etməsini həmin qurumun riyakarlığından xəbər verdiyini vurğulayan siyasi şərhçi bildirib. “AŞPA Avropa Parlamenti ilə “həmrəng” və “həmxasiyyət” olduğunu ört-basdır edə bilmədi. Hər iki qurumun eyni mərkəzdən idarə olunduğu özünü açıq şəkildə büruzə verdi. Çünki AŞPA əvvəllər Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğalı barədə qətnamə qəbul etmişdi. Bəs indi nə baş verir? Dünən bir cür, bu gün isə başqa cür qətnamə qəbul edən belə beynəlxalq quruma nə ad vermək olar? Onun adı bəllidir - siyasi riyakar!”.

Ə.Bədəlov bu qurumun ölkəmizlə bağlı ədalətsiz yanaşmasını qətiyyətlə rədd edib və Avropa Şurası Parlament Assambleyasının 2005-ci il 25 yanvar tarixli 1416 saylı qətnaməsini xatırladıb. Bildirib ki, həmin qətnamə Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı idi. “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsindəki münaqişə” adlı qətnamə qurumun Siyasi məsələlər komitəsi tərəfindən hazırlanmışdı. Qətnamədə bildirilirdi ki, 1991-ci ildə müstəqil dövlət kimi Azərbaycanın sərhədləri beynəlxalq səviyyədə tanınmışdır və Azərbaycanın həmin ərazisinə keçmiş Dağlıq Qarabağ da daxil idi. Bu qətnamədə AŞPA-nın həmtəsisçiləri bir daha vurğulayırdılar ki, Azərbaycan ərazisinin xeyli hissəsi hələ də Ermənistan silahlı qüvvələri tərəfindən işğal altındadır və Dağlıq Qarabağ bölgəsinə hələ də separatçı qüvvələr nəzarət edir. Eyni zamanda, AŞPA hərbi əməliyyatların, eyni zamanda, bundan əvvəl başlamış və kütləvi xarakter almış etnik düşmənçiliyin qorxunc etnik təmizləmə məfhumunu ifadə edən genişmiqyaslı etnik qovulmaya və monoetnik ərazilərin yaranmasına gətirib çıxarması ilə bağlı narahatlığını ifadə edir. Sənəddə, həmçinin qeyd edilirdi ki, bir dövlətin ərazisindən regional ərazinin ayrılması və müstəqilliyi etnik təmizləməyə və belə ərazinin digər ölkəyə de-fakto birləşdirilməsinə gətirib çıxaran silahlı münaqişə yolu ilə deyil, yalnız həmin ərazinin əhalisinin demokratik dəstəyinə əsaslanan qanunauyğun və dinc proses vasitəsilə mümkün ola bilər. Bu faktları qeyd etməklə AŞPA azlıqların yaşadığı regional ərazilərin “mütləq ayrılmaq hüququ”na malik olduğuna dair iddiaları rədd edir.

Siyasi şərhçi bu qətnamənin AŞPA tərəfindən qəbul edildiyini vurğulayaraq deyib ki, indi həmin qurumun özünün yuxarıda qeyd etdiyimiz qətnamənin əksinə olaraq başqa bir qətnamə qəbul etməsi onun kimlərinsə əlində oyuncaq olmasından xəbər verir. AŞPA-nın bu yaxınlarda qəbul etdiyi qətnamə bu təşkilatın da iç üzünü bir daha ortaya qoydu. Regionda mövcud olmuş münaqişənin kökündə dayanan Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, onun ardınca ölkəmizə qarşı törədilmiş hərbi təcavüz və Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qoyulması nədənsə bu sənəddə yada salınmayıb. AŞPA-nın müstəqil dövlətlərə tövsiyə xarakterli sənəd qəbul etməsi gülüş doğurur. Çünki bu qurumun özünün dəyərli tövsiyələrə ciddi ehtiyacı var. Həmin tövsiyələrin əsasını AŞPA-nın yalan, qərəz, böhtan və siyasi riyakarlıqdan uzaq olması təşkil etməlidir. Görünür, Fransa kimi ermənipərəst dövlətlərlə yanaşı, AŞPA-da Cənubi Qafqazda yaranan və dünya ictimaiyyətini heyrətləndirən yeni reallıqlardan, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən ciddi təşviş keçirir. Belə olmasaydı, o, ölkəmiz əleyhinə böhtanlarla dolu tələm-tələsik qətnamə qəbul etməzdi.

“Fransa və Avropanın bir sıra digər ölkələrinin ermənipərəst siyasətçiləri, həmçinin AŞPA erməni lobbisindən dividendlər qazanmaq naminə Azərbaycanın uğurlarına, gündən-günə artan nüfuzuna, haqq işi uğrunda mübarizəsinə kölgə salmağa çalışır. Ancaq onlar buna nail ola bilməyəcəklər. Bu qətnamə həm də Avropa Şurası daxilində demokratik dəyərlərin, haqq-ədalətin iflasa uğramasının göstəricisi olmaqla yanaşı, Ermənistanı Azərbaycana qarşı növbəti hərbi təcavüzə və revanşizmə də təhrik edir”, – deyə Ə.Bədəlov bildirib.

Xudaferin.eu

16:27