“Arabnews”: Azərbaycan sülhü və sabitliyi təmin etmək üçün nəzarət-buraxılış məntəqəsi qurub

Səudiyyə Ərəbistanının ingilis dilində nəşr edilən nüfuzlu “Arabnews” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevin “Azərbaycan sülhü və sabitliyi təmin etmək üçün nəzarət-buraxılış məntəqəsi qurub” sərlövhəli geniş məqaləsi dərc edilib.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Cənubi Qafqaz regionunun zəngin ehtiyatlara malik olan Mərkəzi Asiya ilə Avropa iqtisadiyyatı arasında mühüm coğrafi kəsişmə məkanı olduğu, bu baxımdan Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün bütün Avrasiya məkanı üçün böyük əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. Müəllif qeyd edib ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki Qələbəsindən sonra tarixin keçmişə aid vərəqini çevirməyin, düşmənçiliyə son qoymağın və münasibətləri beynəlxalq hüquq müstəvisində normallaşdırmağın zamanı gəlib çatıb. Bu kontekstdə Qərb ölkələri Bakının konstruktiv təkliflərinə daha həssas yanaşmalıdır. Təəssüf ki, Ermənistan və erməni diasporu, habelə onların Qərbdəki havadarları faktları təhrif edir, regionda yaranmış yeni reallığı başa düşmək istəmirlər. Bunun bariz nümunəsi Laçın yolu haqqında yayılan yanlış xəbərlər, Qarabağda yaşayan ermənilərin guya blokadaya alınması barədə məlumatlardır. Halbuki 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli Bəyanata uyğun olaraq Ermənistan tərəfi sülhün və təhlükəsizliyin təmin edilməsi üçün silahlı hərbi birləşmələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmalı idi. Bunun əvəzinə, İrəvan Laçın yolu ilə həmin əraziyə silah-sursat və minalar, silahlı dəstələr göndərir.

Məqalədə qeyd olunub ki, ötən əsrin 90-cı illərində - Birinci Qarabağ müharibəsi zamanı və ondan sonrakı dövrdə ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında etnik təmizləmə siyasəti aparıb, 800 mindən çox dinc azərbaycanlı sakin Qarabağda öz doğma yurdlarından didərgin salınıb. İndi erməni təbliğatının apardığı saxta təbliğatın heç bir əsası yoxdur. Belə ki, Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərin bütün hüquqlarını təmin edəcəyini bildirir, eyni zamanda, onların Laçın-Xankəndi yolu ilə təhlükəsiz gediş-gəlişini təmin edir. Bakı, həmçinin Qırmızı Xaç Cəmiyyətinin həmin yol ilə sərbəst hərəkətinə imkan yaradıb.

Sonda vurğulanıb ki, İrəvan regionda sülhün bərqərar olması üçün təxribatlara son qoymalı, Qarabağ ermənilərindən hakimiyyət oyunlarında bir alət kimi istifadə etmək siyasətindən əl çəkməlidir. Yalnız dayanıqlı sülhə nail olmaq istiqamətində atılacaq konstruktiv addımlar Ermənistanı gələcək fəlakətlərdən xilas edə bilər.

Xudaferin.eu

16:29